Başlayır!

ÖLKƏ FUTBOLU 26 Oktyabr 2010 / 00:01 3083
-  A +

Bu gün futbol üzrə 19-cu Azərbaycan kubokuna start veriləcək. Qol.Az-ın məlumatına görə, ilk – 1/16 final mərhələsində 12 komandanın mübarizə apardığını nəzərə alsaq, baş tutmalı olan 6 qarşılaşmadan 4-ü bu gün, qalan ikisi isə sabah oynanılacaq.
Bəribaşdan qeyd edək ki, 2010/11 mövsümü bir sıra yenilikləriylə əlamətdar olacaq. Axı bu turnirin bir neçə gün öncə atılan püşkatmasında da elan olunduğu kimi, AFFA İcraiyyə Komitəsinin çıxardığı qərarla 1/4 finala qədər bütün cütlüklərin qalibi bir oyunla müəyyənləşəcək. Məhz bu qərara əsasən 1/16 final mərhələsinin qarşılaşmaları da eyni qaydayla keçiriləcək.
İlkin mərhələdə əsasən birinci divizionda mübarizə aparan komandaların mübarizəsinə şahidlik etmiş olacağıq. Hər halda 1/8 finala vəsiqə uğrunda mübarizə aparan 12 iştirakçıdan 10-u məhz aşağı dəstə təmsilçisidir. Lakin birinci divizionun 4 təmsilçisi (“Göyəzən”, “Ədliyyə”, “Sumqayıt” və “Energetik”) ölkə kubokuna qatılmaqdan imtina edib. Belədə yarışın formatına əsasən mübarizəyə ilk mərhələdən başlayan komandalardan 2-si də Premyer Liqa təmsilçisidir. Baxmayaraq ki, elə “Gəncə” ilə MOİK də ötən mövsüm məhz aşağı divizionda idi. “Gəncə”nin işləri pis getməsə də, “hərbçilər” elə indiki çıxışıyla da kubok mübarizəsinə bu mərhələdən qoşulmağa tam layiq olduğunu isbatlayır.
1/16 finalın ilk oyun günündəki maraqlı duellərindən biri vaxtilə ölkə futbolunda “at oynadan” “Karvan”la “MKT-Araz” arasında baş tutacaq. Hazırda hər iki komandanın əvvəlki nüfuzundan qat-qat geridə olduğunu elə birinci divizionda çıxış etmələri sübut edir. Baxmayaraq ki, hər iki komanda vaxtilə kuboku qazanmağın bir addımlığınada olublar. Yevlax klubu 2006-cı ildə kubokun finalında oynayıb, “Qarabağ”a uduzubsa, 2007-ci ildə də İmişli təmsilçisi həlledici oyunda “Xəzər Lənkəran”la bacarmayıb. Lakin bu dəfə yalnız keçmişiylə öyünən bu iki bölgə təmsilçisindən biri mübarizəni elə ilk mərhələdən dayandırmalı olacaq. Bu mənada oyuna ev sahibliyi etməsi yevlaxlılar üçün müəyyən üstünlük hesab oluna bilər.
Digər cütdə vaxtilə güclülür dəstəsində çıxış etmiş “Bakılı” isə “Neftçi” İSM-i mübarizədən kənarlaşdırmağa çalışacaq. Qeyd edək ki, bu komandalardan yalnız “Bakılı” bir zaman ölkə kubokunun finalına çıxmağa yaxın olub. Lakin 2004-cü ildə keçirilən yarımfinal oyununda “Neftçi” son anda sensasiyaya imkan verməyib və penaltilərlə qalib gəlib. “Neftçi İSM” isə indiyə kimi yalnız bir dəfə bir mərhələ adlamasıyla öyünə bilər.
İndiyə qədər heç vaxt güclülər dəstəsinə çıxa bilməyən, elə kubokda da mübarizəni adətən erkən başa vuran “Anşad Petrol” isə “Şuşa”yla münasibətlərinə aydınlıq gətirməlidir. Lakin bu oyunun Neftçalada keçirilməsi, güclərin fərqinə görə meydan sahiblərinin daha üstün olması debüt mövsümünü keçirən şuşalıların mübarizəni ilk mərhələdən dayandıracağına şübhə yeri qoymur. Axı elə birinci divizionun açılış turunda “Anşad Petrol” səfər matçında bu rəqibiylə qarşılaşmış və 5 cavabsız qolla qalib gəlmişdi.
Nəhayət ilk oyunun gününün son qarşılaşmasında “Şəmkir” və “Rəvan” qarşı-qarşıya gələcəklər. “Rəvan” birinci divizionda ciddi uğur qazanmadığı kimi, kubokda da eyni aqibətlə üzləşib. Lakin eyni sözləri Şəmkirin eyniadlı təmsilçisinə aid etmək olmaz. Çempionlar Liqasında ilk dəfə mərhələ adlayan komanda kimi Azərbaycan futbolunun tarixinə düşən “Şəmkir” 2005-ci ildə fəaliyyətini dayandırana kimi, iki dəfə ölkə kubokunun finalına çıxmağa nail olub (1999 və 2004-cü illərdə). Lakin şəmkirlilər hər iki həlledici görüşdə “Neftçi”yə məğlub olub. Cari mövsümdən fəaliyyətini bərpa edən Şəmkir təmsilçisi elə ilk cəhdindəcə finala çıxmaq şansına malik olmasa da, ən azı ilk mərhələni adlamaq şansı var. Cütün taleyinə Şəmkirdə aydınlıq gələcək ki, bu da meydan sahiblərinə əlavə üstünlük verəcək. Baxmayaraq ki, elə bu ayın 9-da, birinci divizionun 6-cı turu çərçivəsində keçirilən “Rəvan” – “Şəmkir” görüşündə meydan sahibləri minimal hesablı qələbəyə sevinən tərəf olmuşdu. İndi şəmkirlilər həm də sözügedən yenilginin qisasını almağa çalışacaq.
1/16 final mərhələsinin digər iki oyunu sabah baş tutacaq ki, elitanı təmsil edən “Gəncə”ylə MOİK-in də taleyinə həmin gün aydınlıq gələcək. Premyer Liqa iştirakçılarının oyunlarının sabaha təyin olunması isə bu komandaların həftəsonu matçlara çıxması səbəb olub. Maraq üçün qeyd edək ki, elita təmsilçilərindən fərqli, birinci divizion komandalarına məhz kubok oyunlarıyla əlaqədar istirahət verilmişdi. Məhz bu üzdən daha yaxşı hazırlaşmaq imkanı əldə edən “Şahdağ”la “Abşeron”un müvafiq olaraq “Gəncə” və MOİK-ə sürpriz yaşatması mümkündür. Bu yolda hər iki aşağı dəstə təmsilçisinin rəqibini doğma meydanda qəbul etməsi də əlavə üstünlük kimi qeyd olunmalıdır. Premyer Liqadakı işləri qətiyyən yolunda getməyən “hərbçilər”in növbəti mərhələyə adlaya bilməməsi də mümkündür. Axı birinci diviziona fırtına kimi başlayan “Abşeron” keçirdiyi bütün matçlardan yüzfaizlik nəticəylə ayrılmaqla, daha iddialı olduğunu isbatlayıb. Məhz bu üzdən indi Mirbağır İsayevin komandası MOİK-i kubokdan kənarlaşdırsa, bunu qətiyyən sensasiya kimi qəbul etmək lazım deyil. Hər halda hazırkı durumuna görə, “Abşeron” daha güclü təsir bağışlayır.
Premyer Liqada qeyri-sabit çıxışıyla seçilən, “Xəzər Lənkəran”ı 4:1 udub, “Neftçi”yə 2:6 uduzan “Gəncə” isə kuboku erkən tərk etməmək üçün Qusardan üzüağ dönməlidir. Lakin vaxtilə güclülər dəstəsində çıxış etmiş “Şahdağ” da iddialı təsir bağışlayır və asanlıqla kubok yarışından əl çəkəcəyi proqnozlaşdırıla bilməz. Yeri gəlmişkən qeyd edək ki, “Şahdağ”ın kubokda ən böyük uğuru 1993 və 2001-ci illərdə 1/4 finala çıxmaq olubsa, “Gəncə” “Neftçi” kimi kuboku ən çox qazanan iki komandadan biridir. Vaxtilə “Kəpəz” adlanan bu komanda 1994, 1997, 1998 və 2000-ci illərdə sözügedən titula sahib çıxıb.

NBC Bank Azərbaycan kuboku
1/16 final mərhələsi
26 oktyabr (çərşənbə axşamı)

"Karvan" – “MKT-Araz"
Hakimlər: Azad Mütəllimov, Hüseyn İmanov, Rasim Əhmədov, İlqar Zeynalov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Orucəli Durmuşov
Yevlax. Şəhər stadionu

"Bakılı" - "Neftçi" İSM
Hakimlər: Alik Yunusov, Hüseyn Əsgərov, Ruslan Nəsibov, Elxan Müslümov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

"Anşad Petrol" - "Şuşa"
Hakimlər: Orxan Məmmədov, Azad Ə.Hüseynov, Akif Adıgözəlov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Neftçala. N.Nərimanov adına şəhər stadionu

"Şəmkir" - "Rəvan"
Hakimlər: Hacıəli Ağayev, Habil Əliyev, Samir Hacıyev, Əli Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Şəmkir. Şəhər OİK stadionu

27 oktyabr (çərşənbə)

"Şahdağ" - "Gəncə"
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Etibar Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
Qusar. Ş.Orduxanov adına şəhər stadionu

"Abşeron" - MOİK
Hakimlər: Feyzulla Feyzullayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
Bakı. "Şəfa" stadionu

Qeyd: Bütün oyunlar saat 14:00-da başlayacaq.


Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya