Millimizdən FİFA-nın reytinq cədvəlində rekord göstərici

ÖLKƏ FUTBOLU 20 Oktyabr 2010 / 13:46 3160
-  A +

FİFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki son oyununda Türkiyə üzərində minimal hesablı qələbəyə sevinən Azərbaycan millisi 11 pillə irəliləyərək 361 xalla 91-ci pilləyə yüksəlib. Qeyd edək ki, bu, millimizin 1994-cü ildən bəri 16 illik tarixi ərzində FİFA-nın reytinq cədvəlindəki ən yüksək – rekord göstəricisidir.
Yığma komandamızın yer aldığı qrupun lideri Almaniya millisi 1 pillə geriləyərək 1481 xalla 4-cü sırada qərarlaşıb. Seçmə mərhələyə uğurla başlayan, ancaq daha sonra Almaniya və Azərbaycana məğlub olan Türkiyə yığma komandası isə 8 pillə geriləyib və topladığı 780 xalla 29-cu sırada qərarlaşıb. Qrupumuzdakı digər rəqiblərdən Avstriya millisi əldə etdiyi uğurlu nəticələr sayəsində 574 xalla 12 pillə yüksəlib və 49-cu pillədə yer tutub. Belçika yığmasının isə 499 xalı var və 62-ci yerdəki mövqeyini qoruyub. Qrupdakı əsas rəqibimiz olan Qazaxıstan yığma komandası isə milli komandamızın əksinə olaraq 11 pillə geriləyib və 167 xalla 137-ci sırada qərarlaşıb.
FİFA-nın açıqladığı yeni reytinq cədvəlində ilk 3 sıranı isə müvafiq olaraq İspaniya (1881 xal), Hollandiya (1683 xal) və Braziliya (1493 xal) milli komandaları tutublar.

Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya