Mərkəzi arenada qardaş “qırğını”

Mərkəzi arenada qardaş “qırğını”
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2010 / 12:06 2639
-  A +

Bu gün AÇ-2012-nin seçmə mərhələsində 4-cü turun oyunları keçiriləcək ki, yığmamız da cari tsiklə 3-cü matçına çıxacaq. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun çalışdırdığı əsas komandamız bu seçmə mərhələdə ilk ev oyununa çıxacaq. Millimizin rəqibi isə son Avropa çempionatının bürünc mükafatçısı – qardaş Türkiyə yığması olacaq.
Qeyd edək ki, bu, komandamızın “ay-ulduzlular”la 6-cı qarşılaşması olacaq. Bu günədək iki qardaş ölkə yığması 3 dəfə yoldaşlıq, 2 dəfə isə rəsmi oyunlarda münasibətlərinə aydınlıq gətirmək imkanı qazanıblar. Bu matçlardan 4-də türkiyəlilər qələbə qazandığı halda, bir qarşılaşma da heç-heçə nəticələnib. Yığmamız həmin oyunlardan yalnız birində “ay-ulduzlular”ın qapısına yol tapdığı halda, öz qapısından 8 top çıxarıb.
Göründüyü kimi, qardaş ölkə təmsilçisiylə oyunlarda ciddi sindromu olan təmsilçimiz nəhayət bu dəfə uğursuz sindroma son qoymalı və bu rəqibi üzərində ilk qələbəsini qazanmalıdır. Bunu şərtləndirən amillər isə yetərincədir. Əvvəla ötən tsikldə heç nə ilə yadda qalmayan yığmamızın çalışdırıcısından artıq bu tsikldə hər kəs nəticə gözləyir. Onun çalışdırdığı komanda isə nəinki inkişafda olduğunu, əksinə az qala gerilədiyini sübut etməkdədir. Hər halda əvvəlki seçmə tsikllərdə Almaniayaya daha az fərqlə uduzan futbolçularımız cari seçmə mərhələyə Kölndə 6 qol buraxmaqla başladı. Vaxtilə Avstriyaya daha münasib hesabla yenilən, doğma meydanda heç-heçə edən komandamız bu dəfə 3 cavabsız qol buraxmaqla darmadağın oldu. Bütün bunlar isə şübhəsiz bütün futbolsevərlərimizin səbr kasasını daşırıb və nəticə tələb etməyə bilmərik. Yeni seçmə tsikldə ilk ev oyununa çıxacaq futbolçularımızın ən azı doğma meydan, azarkeş amilindən maksimum yararlanıb, ilk qələbəsini, ən azı xalını qazanması çox vacibdir. Əks halda evdə də uğursuzluğa düçar olacaq təmsilçimizin sonrakı ev oyunları üçün də özünə əminliyi olmayacaq. Belədə AFFA rəhbərliyinin də Foqtsa bəslədiyi böyük inam puç ola bilər və sonda bu seçmə mərhələni də tamamilə boşa vermiş olarıq.
Bu günkü oyunda komandamızın uğur qazanmasını şərtləndirən daha bir amil rəqibimizin ciddi təzyiq altında olması, psixoloji problemlərinin heç də yığmamızdan az olmamasıdır. Məsələ burasındadır ki, bir oyun çox keçirən Türkiyə ardıcıl iki qələbə ilə uğurlu start götürsə də, 4 gün öncə Almaniyada gözləmədiyi uğursuzluğa düçar oldu. Qrup birinciliyi uğrunda mübarizədə əsas rəqiblərindən olan Bundestimə 3 cavabsız qolla yenilən “ay-ulduzlular” Bakıya heç də xoş əhval-ruhiyyədə gəlməyiblər. Bu üzdən növbəti Avropa çempionatına qatılmağa iddialı Türkiyə millisi yenidən xal itkisi ilə üzləşməmək üçün mütləq qələbə qazanmaq arzusundadır. Lakin qardaş ölkə mətbuatının da ciddi tənqid etdiyi rəqibimizin üzərindəki bu basqı daha çox millimizin lehinə işləyir. Rəqibin qələbəyə daha istəkli olmasından maksimum və düzgün yararlansalar, Foqtsun yetirmələri həm sensasiyaya, həm də bir sıra ilklərə imza ata bilərlər. Komandamızın buna nə dərəcədə nail olacağını isə cəmi bir neçə saatdan sonra biləcəyik.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan və Türkiyə yığmalarını çalışdıran mütəxəssislər də bir-biriylə yaxşı tanışdır. Məlum olduğu kimi, DÇ-2010-un seçmə mərhələsi çərçivəsində yığmamızı Rusiya ilə oyunlara çıxaran Foqtsun rəqib həmkarı məhz hazırda “ay-ulduzlular”ın sükanı arxasında olan Qus Hiddink idi. Düzdür o vaxt almaniyalı Moskvada komandasının 2 cavabsız qolla yenilməsinə şahidlik etsə də, hər halda Bakıda hollandiyalı həmkarından xal ala bilmişdi. Mərkəzi arenada keçirilən Azərbaycan – Rusiya görüşündə komandamız 1:1 hesablı heç-heçə ilə, kiçik bir sensasiyaya imza atmışdı. Millimizin çalışdırıcısının bu həmkarı ilə ilk dueli isə 14 il əvvələ təsadüf edir. Həmin vaxt hər iki məşqçi öz ölkəsinin yığmasını çalışdırırdı. 1996-cı ildə Rotterdamda baş tutan qarşılaşmada almanlar Hollandiya üzərində minimal hesablı qələbəyə sevinib ki, bu, Foqtsun Hiddink üzərində hələlik yeganə qələbəsidir. 2002-ci ildə isə hollandiyalı rəqib həmkarı üzərində qələbəyə sevinib. O zaman Hiddink artıq Cənubi Koreya yığmasını, Foqts isə Şotlandiyanı çalışdırırdı. Lakin koreyalıların 4:1 hesablı qələbəsi millimizin hazırkı çalışdırıcısına böyük üzüntü yaşadıb. İndi Foqts Hiddinkə yenidən öz gücünü göstərmək üçün gözəl imkan əldə edib. Əks halda Türkiyədəki cavab görüşündə onun məşqçilik bacarığını nümayiş etdirmək imkanları daha məhdud olacaq.
Millimizin Türkiyə üzərində qələbə, ən azı rəqibindən xal almaq şanslarını artıran daha bir amil varsa, bu da rəqibin düşərgəsində bir sıra ciddi itkilərin olmasıdır. Türkiyə millisinin aparıcı oyunçularından sayılan Arda Turan zədə səbəbindən hələ Almaniyayla oyun öncəsi komandanın düşərgəsini tərk etmək məcburiyyətində qalmışdı. Almaniyayla oyunun birinci hissəsində ciddi zədə alan Mehmet Aurelio da oynamaq iqtidarında olmadığından, Arda kimi Bakıya gətirilən heyətdən çıxarılıb. Həmçinin 4 gün öncəki oyuna görə ciddi tənqid olunan Xəlil Altıntop, Özer Hurmaçı və Səbri Sarıoğlunun da millimizə qarşı oynamayacağı iddia olunur. Bu qədər itkinin qardaş ölkə millisinin çıxışına təsirsiz ötüşməyəcəyi isə dəqiqdir.
Lakin itkilər baxımından millimizdə də ürəkaçan mənzərənin şahidi olmuruq. Məsələ burasındadır ki, Vladimir Levin və Əfran İsmayılovun əsas komandamızın son hazırlıq prosesindən və oyunlarından kənarda qalması azmış kimi, Foqts heyətə çağırdığı Fabio Luis Ramim və Maksim Medvedyevi də Vyanadan qayıtdıqdan sonra geri qaytardı. Maksimin sağlıq durumunda müəyyən problemlər varsa, Ramimin hazırlıq səviyyəsi qaydasında deyil. Heyətdə qalmalarına baxmayaraq, Samir Abasovla Vaqif Cavadovun da sağlıq və hazırlıq durumu ilə əlaqədar bugünkü dueldə forma geyməyəcəyi gözlənilir.
Sonda onu da qeyd edək ki, bu gün yığmamız 170-ci oyununa çıxacaq. 18 illik tarixində cəmi 29 qələbə qazanan komandamız hələ də yubiley qələbəsi arzusundadır. Ardıcıl 6 oyundur qələbə qazana bilməyən millimiz bu uğursuz seriyaya nəhayət bu günkü ev oyununda son qoymalıdır. İndiyədək keçirdiyi oyunlardan daha çoxunda – 98 dəfə məğlubiyyət acısı dadan komandamız 42 qarşılaşmada da meydanı heç-heçəylə tərk edib. Topların fərqində də ürəkaçan mənzərənin şahidi olmuruq - 114 qol vurub, 304-nü buraxmışıq. Avropa çempionatlarının seçmə mərhələlərində 43-cü qarşılaşmasını keçirəcək əsas komandamız indiyədək cəmi 3 dəfə qələbə qazana bilib. 5 dəfə rəqibləriylə xalları yarı bölən təmsilçimiz qalan 34 oyunda da meydanı məğlub tərk edib. Topların fərqi belədir – 20-92.

Daha çox


Son xəbərlər