Berti Foqts: "Azərbaycanlı futbolçuların əsas problemi az pul almalarıdır"

Berti Foqts: "Azərbaycanlı futbolçuların əsas problemi az pul almalarıdır"
XƏBƏR 7 Mart 2009 / 12:17 2331
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqtsun müsahibəsi.

- “Lujniki” stadionunda keçiriləcək Rusiya - Azərbaycan matçında hansı nəticə sizin üçün uğurlu sayıla bilər?
- Biz həmin oyunda yaxşı nəticə əldə etmək istəyirik. Lakin favorit Rusiyadır. Biz sizin komandanın bütün güclü tərəflərini bilirik. Lakin bizim də ən yaxşı keyfiyyətlərimiz ruslara məlumdur.
- Bəs Azərbaycan mili komandasının güclü tərəfləri hansılardır?
- Bunu Rusiya milli komandasının baş məşqçisi müəyyənləşdirməlidir.
- Rusiya ilə Moskvadakı qarşılaşmada yetirmələriniz üçün ən çətin nə olacaq?
- Dünyanın ən güclü komandalarından biri ilə görüşməli olduğumuzu dəfələrlə demişəm. Mən Avropa çempionatının final mərhələsində Rusiya millisinin oyununu canlı olaraq stadiondan izləmişəm. Əgər sizin komanda meydanda çox tez özünəinam hiss edib, sevdiyi hücum tərzində oynayırsa, o dəqiqə hər şey aydın olur. Sizdə möhtəşəm futbolçular var. Onların hər birinin öz üstünlükləri var, üstəlik, həmin futbolçular dahi məşqçinin rəhbərliyi altında oynayırlar. Bu gün bütün oyunlar çətin keçir. Lakin güclü rəqibə qarşı oynamaq daha çətindir.
- Rusiya milli komandasının gücü nədədir?
- İlk növbədə sürətdə.
- Bəs texnika?
- Sizin ölkənizin komandalarının texniki ustalığı həmişə yüksək olub.
- Buna baxmayaraq, bizimkilərin psixoloji cəhətdən problemləri də olur...
- Bu mövzuda dərinə getmək istəmirəm. İndi həmin vəziyyətdən çox-çox uzaqsınız. Amma futbolçuları oyuna düzgün kökləmək təbii ki, məşqçinin işidir.
- Hamı Rusiya və Almaniyanı qrupun favoriti hesab edir. Siz necə düşünürsünüz?
- Rusiyayla Almaniya qələbəyə əsas iddiaçılardır. Əminəm ki, sonda bu iki komanda dünya çempionatına gedəcək. Lakin Azərbaycan dəqiq favorit deyil.
- Bəs qrupda ilk pillə kimə qismət olacaq?
- Mümkündür ki, hər şey son turda həll olunsun. Onda Rusiya elə Azərbaycana gələcək.
- Deyəsən, Bakıdakı oyunun gərgin keçəcəyinə əminsiniz?
- Biz böyük komandanı qəbul edəcəyik. Həmin komandaya da öz meydanımızda çətinliklər yaratmaq istəyirik.
- Azərbaycan millisinin ən böyük çətinliyi hansıdır?
- Bizdə problem yoxdur. Mən komandanın fəaliyyəti, federasiyanın təşkilati işlərindən çox razıyam. Bütün bunlar vacibdir. Amma bizə 4-5 il vaxt lazımdır ki, aparıcı Avropa komandalarına çataq.
- Azərbaycan klublarında legioner sayının məhdudlaşdırılmasının tərəfdarısınız. Bunun səbəbini bilmək olar?
- Bu təkcə Azərbaycanın problemi deyil. Bu problem Rusiyada da var. Sizdə limit var. FİFA da bunu istəyir. Əks halda, komanda təmsil etdiyi şəhər, ölkə ilə bağlamaq olmaz. Belə olmamalıdır ki, Leninqrad üçün 9 əcnəbi, Azərbaycan klubu üçün 11 legioner oynasın.
- Maliyyə böhranı Azərbaycan millisnə təsir edir?
- Yox. Bizdə sadə oyunçular az pul qazanırlar. Ümumilikdə, maliyyə çətinliyimiz yoxdur.
- Azərbaycan milli komandasının baş məşqçisi kimi əsas vəzifəniz nədir?
- Yeni komanda yaradıb onunla layiqli nəticə qazanmaq. Bu komandanın baş məşqçisi olmazdan əvvəl milli federasiyanın prezidenti və baş katibi ilə gözəl söhbətimiz oldu. Söhbət təkcə ölkənin əsas komandasından getmirdi. Görünürdü ki, Azərbaycanda futbolun perspektivi, onunla ciddi məşğul olmaq haqda fikirləşirlər. Rəhbərliyin belə yanaşması mənim təklifi qəbul etməyimdə əsas amil oldu. Sonradan dəfələrlə görüşüb Azərbaycanda futbolun uzunmüddətli inkişaf konsepsiyasını hazırladıq. İnanıram ki, bu uğur gətirəcək.

Mənbə: "Sport-Ekspress"


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi