Gürcüstan Bakıya göndərdiyi hakimlərin müdafiəsinə qalxdı

XƏBƏR 20 Noyabr 2008 / 16:59 4003
-  A +

“Albanların Bakıya göndərdiyimiz hakimlərdən narazı qalmasından xəbərdaram. FİFA referisi Laşa Silaqavanın 32 yaşı olmasına baxmayaraq, beynəlxalq oyun təcrübəsi böyükdür. O, qərəzli, meydan sahiblərinə tərəfkeşlik edən hakim deyil”. Bu fikirləri Gürcüstan Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Amiran Kaçaxidze deyib.
Məlum olduğu kimi, Albaniya yığması Azərbaycanla yoldaşlıq görüşünü (1:1) idarə edən gürcü hakimlərdən ciddi narazı qalıb. Qapılarına ofsayddan qol vurulduğunu iddia edən albanlar 44-cü dəqiqədə futbolçusuna qırmızı vərəqə göstərilməsinə etiraz əlaməti olaraq meydana çıxmaq istəməyiblər. Bu, görüşün ikinci hissəsinin 12 dəqiqə gec başlanması ilə nəticələnib. Kaçaxidze deyib ki, baş verənlər haqda azərbaycanlı həmkarından məlumat alıb: “AFFA-dakı həmkarım Xaqani Məmmədovla telefon söhbətim oldu. O, hakimliklə bağlı ciddi problemin olmadığını dedi. Vaxtilə hakim-köməkçisi kimi iş başında olan Silaqava 2005-ci ildən FİFA hakimidir. İndiyədək ölkə çempionatında bir sıra məsul oyunları idarə edib. FİFA və UEFA bayrağı altında keçirilən görüşlərə də təyinat alan Laşanın idarəçiliyi bir qayda olaraq 8,2, 8,4 balla qiymətləndirilib. Bir sözlə, hakimimizlə bağlı indiyədək ciddi problem ortaya çıxmayıb. Silaqava sabit, prinsipial hakimdir”.

Həmyerlilərinin cəzalanacağından narahat olmayan Kaçaxidze məsələnin bu həddə gəlib çıxmayacağını düşünür. Silaqavanın başçılıq etdiyi briqadanın hələ geri qayıtmadığını deyən 54 yaşlı komitə rəhbəri onların fikir bildirməsinə qarşı çıxır: “FİFA və UEFA-nın qaydalarına görə, hakimlərin oyun haqda danışması, şərh verməyə ixtiyarı yoxdur. Albanlar hara istəyirlərsə, şikayət edə bilərlər, bu, onların öz işidir. Ancaq elə düşünmürəm ki, məsələ beynəlxalq futbol qurumlarının hakimimizi cəzalandırması ilə nəticələnəcək. Bu, bir yoldaşlıq görüşü idi və hakim də insandır, səhv edə bilər. Ancaq əsas onun bunu qəsdən etməməyidir. Bir də ki komanda istəyinə çatmayanda, günahı hakimin üzərinə atır. Bu, gözlənilən bir şeydir”.

Mənbə: APA-Sport

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi