Heydər Əliyevin təmiz qələbəsi və ya “Neftçi” haqsız cəzadan necə qurtuldu... [30.11.2016] Şakir Yaqubov 2001-ci il sentyabr ayının ilk günlərində Moskvada çıxan "Sport-Ekspress" qəzeti arxiv sənədlərinə əsaslanaraq, SSRİ çempionatı-71-in 28-ci turu çərçivəsində keçirilmiş OİK (Rostov) - “Neftçi” matçı barədə geniş təhqiqat materialı dərc etmişdi. Müəllifin (Aksel Vartanyan) kimliyindən öncə, yazının futbol tariximiz, o cümlədən ayrı-ayrı idmançıların (məsələn, A.Banişevskinin) futbolçu taleyi baxımından maraq doğurduğu üçün mən həmin materialı nöqtə-vergülünə əl dəymədən “BANİŞEVSKİ OLDUĞU KİMİ” kitabıma (Bakı, 2002) daxil etmişəm. *** “70-ci illərin əvvəllərində Bakıda çox maraqlı, perspektivli bir komanda mövcud idi. Kramarenko (Dmitrinin atası Sergey), Bruxti, Semiqlazov, Quliyev, Mirzoyan, Hacıyev, Tuayev, Banişevski, Smolnikov, Şevçenko İttifaqın müxtəlif yığma komandalarına cəlb olunurdular. Zaqafqaziyanın (Cənubi Qafqazın - Ş.Y.) bütün komandaları kimi, bakılılar da qeyri-adi, bəzən də gərəksiz emosionallıq və temperamentləri ilə seçilirdilər. Bir dəfə isə bu, az qala, faciəyə gətirib çıxarmışdı. ... 1971-ci il oktyabrın 8-də "Neftçi" Rostovda yerli OİK-lə çempionatın təqvim matçını keçirirdi. Birinci hissədən sonra qonaqlar 1:0 hesabıyla irəlidə idilər. İkinci hissənin ortalarında meydan sahibləri bir dəqiqənin içində dalbadal iki qol vurdular. Rostovdakı hadisəni araşdıraraq, federasiya görünməmiş, humanist sovet ədalət mühakiməsi üçün son dərəcə sərt bir qərar çıxardı: Kramarenko üç illiyə diskvalifikasiya olundu, Quliyev də bir illiyə (eləcə topu tribunalara vurduğu üçün! Halbuki bizdə bu hərəkətə görə "sarı vərəqə"ni də nadir hallarda göstərirdilər); Mirzoyan isə 1972-ci ilin birinci dövrəsinin sonuna qədər cəzalandırıldı. İlk iki futbolçunun idman ustası adını da aldılar. "Neftçi"ni isə heç nədən "güllələnməyə" məhkum etdilər: qalan üç oyun üçün (29-30-cu turun oyunları, habelə "Paxtakor"la yenidən oynanılmalı matç nəzərdə tutulur - Ş.Y.) texniki məğlubiyyət verib komandanı aşağı dəstəyə keçmək məcburiyyəti qarşısında qoydular. Üç oyunçunun hərəkətinə görə bütün komandanı cəzalandırdılar: qaydaları pozmayan futbolçuları da, oyunda iştirak etməyənləri də! Bu halda federasiya "prokurorları" qanunu pozmuş futbolçuları cəzalandırarkən sağlam düşüncəyə deyil, emosiyalara üstünlük vermişdilər. Görünməmiş, cəfəng, qeyri-qanuni qərardı - yol verilmiş hərəkətlərə görə belə cəza növü çempionat haqqında əsasnamədə nəzərdə tutulmamışdı. Buna görə "Futbol-Xokkey" həftəliyinin redaktoru Lev Filatov qətiyyətlə federasiyanın özbaşınalığına qarşı çıxdı. Rəyasət heyətinin üzvləri S.Savin, V.Nekrasov, L.Neruşenko və V.Osipov da onu dəstəklədilər.
... Dörd gündən sonra - oktyabrın 26-da Futbol Federasiyasının qərarı barədə məlumat mətbuat orqanlarına daxil oldu. "SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarına yenidən baxılması barədə Azərbaycan KP MK-nın (yol. Kozlov) xahişi ilə əlaqədar (Moskvanın təmsilçisi olan V.Kozlov o vaxt Azərbaycan KP MK-nın ikinci katibiydi - Ş.Y.) Komitənin rəhbərliyi aşağıdakı təklifləri SSRİ Bədən Tərbiyəsi və İdman Komitəsinin bu il oktyabrın 29-da keçiriləcək kollegiya iclasının müzakirəsinə çıxarmağı nəzərdə tutur: - "Neftçi" (Bakı) komandasının diskvalifikasiya edilməsi barədə SSRİ Futbol Federasiyası rəyasət heyətinin qərarından daha əvvəl təyin olunduğu üçün "Neftçi" (Bakı) komandasının "Paxtakor" (Daşkənd) komandası ilə oyununun yenidən keçirilməsinə icazə verilsin; - "Zenit" (Leninqrad) və "Dinamo" (Moskva) komandalarıyla qalan oyunlarda "Neftçi" (Bakı) komandasına məğlubiyyət verilsin; - ədəbsiz davranışa, dəfələrlə qaydaları pozmağa, meydançada kobudluğa, hakimlərlə mübahisə etməyə və hakimləri təhqir etməyə görə oyunçular V.Hacıyev, S.Kramarenko, R.Quliyev, A.Mirzoyan və V.Semiqlazov cəzalandırılsınlar; - oyunu pozmağa cəhd göstərdiyinə, idmançıya və komandanın kapitanına yaraşmayan davranışına görə A.Banişevski bir il müddətinə diskvalifikasiya edilsin; - Azərbaycan SSR Bədən Tərbiyəsi və İdman Komitəsinə tapşırılsın ki, komandanın heyətinə intizamlı gənc futbolçuları daxil etməklə, onu yenidən təşkil etsin, kapitanını və rəhbərliyini yenidən seçsin; - Azərbaycan LKGİ MK (Lenin Kommunist Gənclər İttifaqının, yəni komsomolun Mərkəzi Komitəsi - Ş.Y.) ilə birlikdə "Neftçi" (Bakı) komandasında tərbiyə işi barədə xüsusi məsələ müzakirə etsin. Sonuncu sətirlərə əsasən güman etmək olar ki, qeyri-sağlam vəziyyət digər komandalarda da hökm sürürmüş, lakin onlara qarşı cəza tədbirləri tətbiq edilməmişdi. Bir komandanı məhv etməklə qalanlarını da ölüncəyədək qorxutmaq, bir gülləylə futbolda qayda-qanun yaratmaq daha asan idi. Çox qısa, dörd günlük müddət aralığında Bədən Tərbiyəsi və İdman Komitəsinin belə qeyri-ardıcıl, ziddiyyətli addımları nə ilə izah oluna bilər? Bu sualın cavabı "Məxfidir" qrifli sənəddə əksini tapmışdır. Həmin sənəddən xırda bir parçanı sitat gətirirəm. Partiya MK-sı təbliğat şöbəsinin bölmə müdiri B.Qonçarov və onun müavini Y.Sklyarov Sov.İKP MK-ya aşağıdakıları bildirmişdilər: "... 1971-ci il oktyabrın 29-da Azərbaycan KP MK (yol. H.Ə.Əliyev) xəbər vermişdir ki, respublika komitəsi (yəni Bədən Tərbiyəsi və İdman Komitəsi - Ş.Y.) intizamsız futbolçular barədə ciddi ölçü götürmüş və "Neftçi" komandasına məğlubiyyət verilməməsi barədə vəsatət qaldırmışdır. H.Ə.Əliyev yoldaş, həmçinin, Sov.İKP MK-ya məlumat vermişdir ki, Bakı komandasının diskvalifikasiyası barədə SSRİ Futbol Federasiyasının qərarı ilə əlaqədar respublika əhalisinin bir qismi, xüsusən gənclər arasında ciddi narazılıqlar yaranmışdır ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Onun məlumatına görə, Neft Daşlarının bəzi fəhlələri etiraz əlaməti olaraq, işə başlamaqdan boyun qaçırmışlar. Sov.İKP MK-nın tövsiyəsinə uyğun olaraq, SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi "Neftçi" komandasına 1971-ci il çempionatının qalan oyunlarını keçirməyə icazə vermişdir...” Ah, bu Əliyev! Sistemin ağrılı nöqtələrini əla bilən təcrübəli siyasətçi həmin nöqtələrə bacarıqla təsir etdi. Neftçilərin başlanmaqda olan tətili, əhalinin “arzuolunmaz nəticələrə gətirib çıxara bilən” narazılığı - səhərdən-axşamacan rejimi ifşa etməklə məşğul olan “düşmən səslər” (xarici radio stansiyaları - Ş.Y.) üçün bunlar necə də ləziz təam olardı! Çətin vəziyyətə düşən “böyük qardaş” hövlnak əlini yerə döyməyə məcbur oldu. Heydər Əliyev təmiz qələbə qazandı! ... Biz partiya bosslarının ölkənin idman həyatına kobud müdaxilələrini yorulmadan ifşa edirik. Bu misal - “Neftçi” ilə bağlı əhvalat həmin sırada istisnalıq təşkil edir. Azərbaycanın kommunist rəhbərinin münaqişəyə vaxtında müdaxilə etməsi ədaləti bərpa elədi". *** Vəssalam! Bu da XXI əsrin ilk ilində erməni müəllifin Moskva mətbuatında etirafı. Bu mövzuda daha artıq nə demək olardı ki?!. Yalnız əlavə olaraq onu söyləyək ki, həmin 71-ci il mövsümünün yekunlarına əsasən “Neftçi” güclülər dəstəsinin 16 komandası arasında 9-cu yeri tutmuşdu... |