Futbolçularımızın «Hoffenhaym»dakı toplanışı başa çatıb

Futbolçularımızın «Hoffenhaym»dakı toplanışı başa çatıb
XƏBƏR 7 Dekabr 2009 / 16:13 2282
-  A +

AFFA ilə Almaniyanın «Hoffenhaym» klubu arasında mövcud olan əməkdaşlıq çərçivəsində 17 yaşadək millimizin iki üzvü - Aleksandr Qross və Elşən Abdullayev, U-19-dan isə Qara Qarayev və Araz Abdullayev noyabrın 2-dən dekabrın 6-dək bu klubun düşərgəsində təlim-məşq toplanışında olub. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu gün baş katib Elxan Məmmədov AFFA-nın inzibati binasında adları qeyd olunan futbolçularla görüş keçirib. Baş katib bildirib ki, aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən futbolçuların hazırlığının yüksəldilməsi üçün AFFA tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bir neçə futbolçumuzun «Ayntraxt» (Frankfurt), «Akademiya» U-15 komandasının «Fənərbaxça» klubunda təlim-məşq keçməsi, hazırda 4 futbolçumuzun «Bavariya» klubunun bazasında hazırlıqda iştirakı bu qəbildən olan tədbirlərdir. E.Məmmədov qeyd edib ki, «Hoffenhaym»ın rəhbərliyi tərəfindən futbolçularımızın hazırlıq səviyyəsinin və intizamlılığının yüksək olması ilə bağlı AFFA-ya geniş hesabat göndərilib. Baş katib bu cür tədbirlərin gələcəkdə də keçiriləcəyini qeyd edib.
Sonra futbolçular öz fikirlərini bildirib:
Araz Abdullayev: «Məşqlərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışdıq. 19 yaşlı futbolçulardan ibarət komanda ilə yanaşı, «Hoffenheym»in U-23 komandasında məşq etdim. Bu da mənim üçün çox maraqlı oldu».
Qara Qarayev: «Yeni mühit, yeni məşqçilər və fərqli məşq metodu olduğundan ilk vaxtlar müəyyən qədər çətinlik çəkirdik. Ancaq sonra bu problemi yoluna qoyduq. Fikrimcə, bu toplanışın bizə çox xeyri dəydi».
Aleksandr Qross: «Fərqli mühitə düşmüşdük. Məşqçilərin bizim barəmizdə fikirləri müsbət oldu. Orada öyrəndiklərimizi daha da inkişaf etdirməyə çalışacağıq».
Elşən Abdullayev: «Əsas odur ki, yeni nəsə öyrəndik. Həm də təcrübə baxımından toplanış xeyrimizə oldu».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi