"Ömrünün 20 ilini futbola həsr edən insanlar qalıblar kənarda"

"Ömrünün 20 ilini futbola həsr edən insanlar qalıblar kənarda"
ÖLKƏ FUTBOLU 14 Sentyabr 2019 / 15:24 4150
-  A +

"Amma futbolda əməyi olmayan 300-dən çox insan federasiyada çalışır"


Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyevin müsahibəsi

- AFFA Azad Həmkarlar İttifaqını dəstəkləyirdiniz? Sədr seçilmiş Nazim Süleymanovla görüşünüz olub?

- Ukraynadan ötən gecə gəldim. Keçmiş komanda yoldaşlarımla görüşdüm, gəzdim, dolaşdım. Keçmiş xatirələri yada saldım. Futbolla bağlı fikir mübadiləmiz oldu. Ukraynada işləyən məşqçilər hər ay müəyyən qədər pul qoyur və işləməyən həmkarları arasında həmin məbləğ bölünür. Belə halda, işləməyən məşqçilər də məvacib alır. Amma biz Azərbaycanda bir-birimizin ətini yeyirik. Baxın, müqayisə edin. Ölkə futbolundan bir neçə gündür ki, məlumatım yoxdur. Nazim Süleymanovla Sumqayıtda görüşmüşdük. Onların fikirləri ilə tanış olmuşdum. Normal hadisədir. Hər kəsin öz fikirləri var. Fikirlərini dəstəkləyirdik. Bu gün bunu Nazim Süleymanov, Əli və ya Vəli dedi, fərdi yoxdur, kimsə qabağa çıxmalıdır. Azyaşlı uşaq da bilir ki, bu gün futbolda əməyi olmayan insanlar işləyir, amma ömrünün 20 ildən çoxunu futbola həsr edənlər kənarda qalıb.

- Azərbaycanda futbol veteranları birləşə bilmir. Bəzi keçmiş futbolçular bu qurumu yaratdığı üçün Nazim Süleymanovu qınayıb. Niyə birləşə bilmirsiniz?

- Mən düzgün insanam, fərqi yoxdur. Bəlkə də həmin veteranlar deyir ki, Nazim Süleymanov millidə çalışanda niyə belə fikirlər söyləmirdi. Bir tərəfdən haqlı ola bilərlər. Nəinki Nazim Süleymanov, onun kimi AFFA-da çalışmış insanlar, daha sonra federasiyadan ayrılmış şəxslər və indi də qurumda qalanlar heç öz sözlərini deyə bilmirlər. Bizi AFFA-da təmsil edən futbol veteranlarının heç öz sözü yoxdur.

- AFFA-nın Azad Həmkarlar İttifaqını dəstəkləyəcəyini gözləyirdiniz? Bu işi kim və necə şəkildə görməlidir?

- Bu qurum Avropa ölkələrində var. Niyə dəstəkləmədilər ki? Mənim üçün haqq-ədalət birinci yerdə gəlir. Nazim Süleymanovun da, AFFA-nın da fikirlərinə hörmətlə yanaşıram. Bu işi AFFA-da oturan futbol veteranlarımız və Məşqçilər Şurası etməlidir. İclaslarda deməlidirlər ki, bu insanlar yad deyil, futbolda böyük payları var. Futbolun əzabını çəkənlər olmuşuq. Yarıac, döyülə-döyülə, söyülə-söyülə oynamışıq. Bizim işləmək haqqımızdır. Allah Sadıq Sadıqovun canını sağ eləsin. İşsiz-gücsüz idim, “Neftçi”yə dəvət elədi ki, sən bu klubda uzun illər tər tökmüsən, burda çalışmaq sənin haqqındır. Hər kişi Sadıq Sadıqov ola bilməz. Bu gün Azərbaycan futboluna görə ürəyini iki dəfə əməliyyat etdirən Kamal Quliyev qıraqda qalıb. Amma futbolda əməyi olmayan 300-dən çox insan federasiyada çalışır. Kamal Quliyev işləyə bilməz ki?

- Niyə sizi yaxın buraxmırlar ki?

- Çünki düzgün danışıram. Üzümə gülüb, arxamda iş çevirirlər. “Kamal Quliyevi məşqçi qoymayın, sizin üçün yaxşı olmaz” deyən insanlar var. Amma üzümə söz deməyə cəsarətləri çatmır, yalandan tərifləyirlər görən kimi. Baxın, budur da bizim futbola qiymət! Budur bizim işimiz. İnanırsınız, heç futbolla maraqlanmaq da istəmirəm, iyrənc vəziyyətdədir. Maraqlandıqca nifrət edirəm.

- Deyəsən, futboldan təmiz küsmüsünüz.

- Niyə küsməyim ki? Əzab-əziyyətlə o cür komanda yaratmışdım. Bütün işimi darmadağın elədilər. Lap yaxşı, bəs niyə mənə bir şans vermədiniz? Kimdən əskik oğlanam? Mənə də bir şans verərdiniz də. Millinin baş məşqçilərini “karusel” kimi fırladırdınız. Birini çıxaranda mənə də şans verərdiniz. Bəlkə heç bacarmayacaqdım. Ondan sonra heç danışmazdım da. Düzgün danışıram deyə şans vermirsiniz? Bu gün futbolda olmasam da, pulum da var, şəraitim də. Qoy, onların gözü doysun. Azərbaycan futboluna bu qədər pul xərclənir... Üç-dörd yerli futbolçu qalıb. Gürcüstanla Azərbaycanın U-21 milli komandalarının oyununa baxdınız? Yığmamızın baş məşqçisi 20 min avro maaş alır. Budur onun işi? Mən və digər yerli məşqçilər ondan 100 dəfə yaxşı iş görər. Budur uğurumuz? Hər şey göz qabağındadır. Yəni, bunları sorğu-sual edən adamlar yoxdur? Niyə nəticə tələb etmirlər?

- Premyer Liqanın oyunlarını izləyirsiniz?

- And olsun, bu gün “Qarabağ”dan başqa heç bir komandanın oyunlarını izləmirəm. Kişilər iş görür, əllərindən gələni edirlər, irəli getmək istəyirlər. Bu gün “Qarabağ” keyfiyyət baxımdan hamıdan üstündür. Çempionluq proqnozum “Qarabağ” üzərindədir.

Mənbə: sportal.az

 

Daha çox


Son xəbərlər
13.10.19  21:28

Almeyda zədələndi