Rəşad Sadıqovu niyə mənfi obraz kimi xatırlamırlar?

Rəşad Sadıqovu niyə mənfi obraz kimi xatırlamırlar?
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2019 / 17:00 6060
-  A +

Hər dəfə milli məğlub olanda fikri yayındırmaq üçün ortaya başqa söhbətlər atılır. Son vaxt bu söhbətlər əsasən Qurban Qurbanov və Rəşad Sadıqovla bağlı olur. Ən geniş yayılmış variant isə “Qarabağ”ın futbolçularının bilərəkdən zəif oynamasıdı. Halbuki, Qurban Qurbanovun millidəki son matçlarında, legionerlər yumşaq desək, var gücləri ilə oynamamışdılar.

Kənardan görünən bu idi, mediada və futbol ictimaiyyəti arasında bu haqda çox müzakirələr oldu. Qurban Qurbanovun alicənablığından, “Qarabağ”da uğurlarını sıralayıb AFFA-da ona göstərilən sayğısızlığa işi ilə cavab verməsindən, beləcə onu millidən getməyə məcbur edənləri səhv çıxarmasından qəzəblənib “əks hücuma keçmək” ən rahat yoldu. Amma bu “əks hücum” Qurbanovdan fərqli görülən əməli işlə deyil, əsassız söz-söhbətlərlə, dedi-qodularla, qeybətlərlə müşahidə olunur.
Bütün sadaladıqlarımı  nəzərə alaraq son Uels və Xorvatiya ilə qarşılaşmalardan öncə “Qarabağ”dan heç kimi milliyə çağırmamağı təklif etmişdim. Çünki AÇ 2020-yə yüksəlmək şanslarını itirən millidən fərqli “Qarabağ”ın Avropa Liqasında qrupdan çıxmağı real görünür. Milli komandada alınacaq hər bir zədə, hər bir ağır məğlubiyyət və ilk növbədə xoşagəlməz söz-söhbətlər futbolçuların fiziki, mənəvi, psixoloji durumuna pis təsir edə bilər.

Amma Yurçeviç ənənəsinə sadiq qalıb “Qarabağ”ın futbolçularının da xidmətində ehtiyac duydu. Millimizin bütün üzvləri kimi Maksim Medvedev, Qara Qarayev və Mahir Mədətov da Uelsə qarşı var güclərini ortaya qoydular. Düzdü yenə uduzduq...

Futbolçularımızın döyüşkənliyini nəzərə alsaq, “bilərəkdən zəif oynamaq” variantı gülməli çıxar. Bəs başqa nə bəhanə fikirləşmək olar? Axı yaxşı formada olan 20 yaşlı Ömər Buludovun əvəzinə Yurçeviçin üstünlük verdiy veteran Pavel Paşayev öz qapımıza qol vurmaqla məğlubiyyətin təməlini qoydu. Axı xorvat mütəxəssisin “beşli müdafiə”si buraxdığımız ikinci qolda darmadağın oldu. Belədə nə fikirləşmək olar? İlk qolda heç bir səhvi olmayan Səlahət Ağayevi günahlandırıb Paşayevi sudan quru çıxartmaq? Yoxsa ikinci qolda hakim kimi Səlahətə qarşı qayda pozuntusuna göz yumub yenə bütün günahı qapıçımızın üstünə yıxmaq?

Fikirləşib-fikirləşib “ən yaxşı variantı” tapıblar. Sən demə xalq hər dəfə millimiz öz qapısına qol vuranda Tərlan Əhmədovu xatırlayır, amma Rəşad Sadıqovu xatırlamalı imiş. Çünki Sadıqov öz qapımıza hamıdan çox qol vurub. Daha heç kim demir ki, niyə öz qapımıza ən çox qol vurmasına baxmayaraq xalq Rəşadı yalnız müsbət obrazda görür? Çünki Rəşad Azərbaycanın təkcə ən xarizmatik futbolçusu deyil, ümumiyyətlə futbolumuzda xarizması olan tək-tük adamlardandı. Çünki Rəşad rəqib qapılarına o qədər vacib və gözəl qollar vurub ki, öz qapısına vurduğu hər hansı qol və ya etdiyi hər hansı səhv çoxdan unudulub. Rəşad müdafiəçi olmasına baxmayaraq millinin tarixində ən çox qol vuran futbolçulardandı. Rəşad öz oyunu ilə xalqın sevgisini qazanıb. Bundan sonra nə qədər əks təbliğat olsa da, heç nə dəyişməyəcək!

Dərhal avtoqolların statistikasını hazırlayan həmkarlarımız millinin heyətində rəqib qapısına ən çox yol tapan oyunçularımızın da siyahısını çıxartsa, Rəşadın bu  göstəricidə ən azı ilk onluqda olduğunu görərik. Bu həmçinin avrokuboklarda vurulan qollara da aiddi. “Neftçi” və “Qarabağ” azarkeşləri bu qolları çox yaxşı xatırlayır. Məsələn, “Qarabağ”ın yüksəlişi sonradan Avropa Liqası və Çempionlar Liqası qruplarına düşməsi Rəşadın Ağdamın işğalı günü “Rusenborq”a vurduğu fantastik qələbə qolu ilə başlayıb.

Rəşad Sadıqov haqda çox yazmaq niyyətim yoxdu. “Qara kürü”nün reklama ehtiyacı olmadığı kimi, Rəşadın da tərifə ehtiyacı yoxdu.  Amma haqqı demək borcumuzdu.

Rəşad Azərbaycan futbolunun canlı əfsanəsidi. Millinin tarixində ən çox oyun keçirən futbolçudu. Rəşad həm də hədsiz vətənpərvər insandı. Bu xasiyyətdə adamın,  qitənin ən zəif  millilərindən birində keçirdiyi yüzdən çox oyunda var qüvvəsiylə mübarizə aparan müdafiəçinin 30 oyundan bir öz qapısına da qol vurmasından təbii heç nə yoxdu.

Heyətdə qat-qat təcrübəli və ad-sanlı futbolçular ola-ola 22 yaşda milli komandanın kapitan sarğısı hər adama həvalə edilmir! Bu hörməti qazanmaq lazımdı. Rəşad tək futbolda yox, hər yerdə onu tanıyanlar arasında böyük nüfuz qazana bilib. Azərbaycan futbolunun, “Qarabağ”ın bütün beynəlxalq uğurlarında Qurban Qurbanovla yanaşı Rəşad Sadıqovun da əvəzsiz payı var.

Rəşadın öz üzərində çox ciddi işləməsi haqda rəvayətlər gəzir. “Qarabağ”da oynaya-oynaya, həm komandanın aşağı yaşlardan ibarət komandasını, həm U-21 millimizi çalışdırması və bu işin öhdəsindən layiqincə gəlməsi isə onun yaxın gələcəkdə məşqçi kimi də öz sözünü deyəcəyindən xəbər verir. Şəxsən mən buna zərrə qədər şübhə etmirəm. Rəşadı çox yaxşı məşqçi karyerası gözləyir, hətta futbolçu karyerasından daha yaxşı!

...Və bir arzum var. Rəşad Sadıqov öz adına uşaq futbol akademiyası açsın. Əminəm, həmin akademiyada istedadlı uşaqlar “dayday”ı və ya pulu yoxdu deyə itib-batmayacaq. Ümumiyyətlə, iş çox yüksək və peşəkar səviyyədə qurulacaq ki, bunun da faydasını 5-10 ilə Azərbaycan futbolu görəcək.

Sonda yazıma Rəşad Sadıqovun millidə və avrokuboklarda vurduğu bəzi unudulmaz qolların linkini əlavə edirəm. Baxın, xatırlayın, feyziyab olun, bu gözəl və çox vacib qollar zövqünüzü oxşasın.

Anar ŞABANOĞLU

P.S. Rəşad Sadıqov mənim futbol kumirim deyil, kumirim Zaur Tağızadədi. Rəşadla dost da deyilik, ümumiyyətlə, heç bir münasibətimiz yoxdu. Bir çox fikirlərimiz isə çox güman tamamilə üst-üstə düşmür. Amma yuxarıda dediyim kimi, haqqı yazmaq kimi bir borcumuz var.






























 

Daha çox


Son xəbərlər
17.09.19  12:50

AFFA-dan A cəriməsi

16.09.19  19:40

Zlatandan yeni rekord