"Artıq Monrozla danışıblar və lazımı tədbir görülüb"

"Artıq Monrozla danışıblar və lazımı tədbir görülüb"
DÜNYA FUTBOLU 16 Aprel 2019 / 17:40 3365
-  A +

"Qəbələ"nin müdafiəçisi Rasim Ramaldanov Qol.az-a müsahibə verib. Tale Heydərovun istefasına münasibət bildirən futbolçu 3-yer uğrunda mübarizədə komandasının şanslarını dəyərləndirib.

- Son turda "Keşlə" üzərində vacib qələbə qazandınız. Əvvəlcə həmin qarşılaşma ilə bağlı fikirlərini bilmək maraqlı olardı...

- Ağır oyun olacağını bilirdik. Hamımız tam olaraq matça köklənmişdik. Bizə 3 xal çox lazım idi. Şükürlər olsun ki, bunun öhdəsindən gələ bildik.

- Matçdan bir neçə gün öncə klubun prezidenti Tale Heydərovun istefa verdiyi açıqlandı. Bu qərar komandaya nə cür təsir etdi və həmin psixoloji durumdan necə çıxdınız?

- Biz meydana Tale müəllimə görə çıxmışdıq. Bütün uşaqlar bunu çox gözəl dərk edirdi. Ona görə də hamı ancaq qələbə qazanmaq barədə düşünürdü.

- Tale Heydərovun istefası barədə nə deyə bilərsən? Səncə, onun gedişi komandaya necə təsir göstərəcək?

- Mən bu barədə heç nə deyə bilmərəm. Bizim işimiz meydançaya çıxıb, futbol oynamaqdır.

- "Keşlə" ilə oyunda komanda yoldaşın Stiven Monrozun etdiyi hərəkət çox müzakirə olundu. Məlum hadisə bağlı sənin fikirlərin necədir?

- Açığı, mən oyundan sonra bundan xəbər tutdum. Saytlardan oxudum ki, belə bir şey baş verib. Düzdür, yaxşı hal deyil. Amma məncə, Monrozun niyyəti o deyildi. Artıq onunla danışıblar və lazım olan tədbir görülüb.

- Son tur sizin üçün uğurlu alındı. Özünüz qələbə qazanmaqla yanaşı, 3-cü yer uğrunda əsas rəqibiniz "Səbail" "Neftçi" ilə oyunda vacib 2 xal itirdi...

- İndi bizi yalnız öz oyunlarımız maraqlandırır. Çalışırıq ki, heç kimə fikir verməyək. Öz oyunumuzu oynayaq və qələbə qazanaq.

- Son vaxtlar səni əsas heyətdə görürük. Deyəsən, artıq Stankoviçi start 11-liyindən sıxışdırıb çıxarmısan.

- Bunu biz yox, məşqçi müəyyənləşdirir. Kim hansı oyuna hazırdırsa, o da oynayır. Mənim üçün fərqi yoxdur, əsas komanda qələbə qazansın.

- Növbəti turda "Zirə" ilə qarşılaşacaqsınız. Həmin oyun barədə nə düşünürsən?

- Fikrimcə, "Zirə" çempionatda ən yaxşı komandalardan biridir. Onların oynadığı futbol xoşuma gəlir. Bizim üçün çətin olacağını bilirəm. Amma görüş öz meydanımızda olacaq. Qələbə qazanmağa çalışacağıq.

- "Zirə" ilə oyundan sonra ölkə kubokunun yarımfinal mərhələsində "Qarabağ"la üz-üzə gələcəksiniz. Bu mövsüm çempionatda keçirdiyiniz bütün matçlarda rəqibə uduzmusunuz. Necə düşünürsən, bu dəfə tilsimi qırmaq mümkün olacaqmı?

- Hə, kubokda "Qarabağ"la vacib oyunumuz var. Açığı, uduzmaq bizə də xoş deyil. Amma bacardığımızı edirik. İnanıram ki, kubokda tilsimi qıracağıq.

- "Qəbələ" ilə müqavilən mövsümün sonunda başa çatacaq. Komandada qalmaq istəyirsən, yoxsa?..

- Əlbəttə ki, istəyirəm. "Qəbələ" mənim üçün doğma klubdur. Burada qalıb oynamaq istərdim. Görək, necə olacaq.

Elnur SALAHOV


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi