Mahir Şükürov: "Milli komandaya necə can yandırıramsa, özümə də elə qayğı göstərilməsini istəyirəm"

Mahir Şükürov: "Milli komandaya necə can yandırıramsa, özümə də elə qayğı göstərilməsini istəyirəm"
XƏBƏR 12 Fevral 2010 / 19:07 2438
-  A +

Milli komandamızın və Rusiyanın “Anji” klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi

- Azərbaycana gəlişinizdə məqsəd nədir?

- Bakıya fevralın 11-də gəlmişəm. “Anji” ilə birgə Türkiyənin Antalya şəhərində 20 günədək təlim-məşq toplantısında olduq. Bundan sonra bütün komandanı 5 günlük istirahətə buraxıblar. Fürsətdən istifadə edərək, hamı kimi, mən də öz evimə, Vətənimə gəldim.

- Burada olduğunuz müddətdə futbolla bağlı hansı işləri görmüsünüz?

- Trenajorla məşğul olmuşam, 40-45 dəqiqəlik qaçmışam. Gedənədək fiziki hazırlığıma fikir verəcəyəm ki, formadan düşməyim, “Anji”nin düşərgəsində olarkən, problemlə üzləşməyim.

- Bu gün millimizin baş məşqçisi Berti Foqtsla da görüşmüsünüz...

- Bəli. Onunla səmimi söhbət etdik. Sağ olsun, məni yaxşı başa düşdü.

- Bu görüş kimin təşəbbüsü ilə baş tutdu?

- Dünən mənə AFFA-dan zəng gəldi. Yığma komandalar departamentinin rəisi İslam Abbasov idi. Dedi ki, sabah saat 11:00-da baş məşqçi səni AFFA-da gözləyir. Mən də bu gün Foqtsla görüşdüm, söhbətləşdik.

- Foqts mətbuatda millidən imtina etməyiniz haqda açıqlamanızdan narahatlığını bildirdi?

- Narahatlıq deyəndə ki, mənimlə işləmək istədiyini bildirdi. Foqtsun özü futbol görmüş adamdır. Bizim həyatımızı o, neçə illər öncə keçib. Ona görə də Foqts məni yaxşı başa düşür. Baş məşqçi mənə millimizin proqramını verdi, nə vaxt çağıracağını bildirdi. Sonra da Foqtsla birgə AFFA-nın baş katibi Elxan Məmmədovla danışdıq.

- Millimiz fevralın 25-də İordaniya, martın 3-də isə Lüksemburqla səfərdə yoldaşlıq görüşləri keçirəcək. Bu oyunlara qatıla biləcəksiniz?

- Mən milliyə martın 1-də qoşulacağam. Mahaçqaladan Lüksemburqa yollanacağam.

- Necə oldu ki, bir günün içində millidən imtina etdiniz və az sonra da fikrini dəyişdiniz?

- Bəli, mən həqiqətən də “extratime” saytına elə məzmunlu müsahibə vermişəm. Özünüzü mənim yerimdə təsəvvür edin. Millinin oyunçususan, gedirsən bir yerə, istəyirsən ki, sənə qayğı göstərsinlər! Düzdür? Amma əvəzində münasibətin soyuq olduğunu görürsən. Bir ay, iki ay... Heç kim zəng edib soruşmur. Demirlər ki, “Anji” klubuna keçmisən, sənə yeni klubunda uğurlar!

- AFFA rəhbərliyini nəzərdə tutursunuz?

- Bəli. Mən də buna görə incimişdim. Məgər bizə milliyə lazım olduğumuz, millidə oynadığımız vaxt qayğı göstərilməlidir? Mən bir vətəndaş kimi milli komandaya necə can yandırıramsa, özümə də elə qayğı göstərilməsini istəyirəm.

- Hər bir futbolçu milliyə təmənnasız xidmət göstərməlidir...

- Mən heç kimdən təmənna ummamışam. Buna ehtiyacım da olmayıb. Amma bildiniz də mən nəyi nəzərdə tuturam?

- Vaqif Cavadovun ilin ən yaxşı futbolçusu seçilməsini?

- Xeyr. Ömür boyu ən yaxşı futbolçu seçilməyin düşkünü olmamışam. Sadəcə, istəmişəm ki, başqa futbolçulara da qayğı olsun. Baxmayın, can qoyublar millidə.

- “Anji”də barənizdə hansı fikirdədirlər?

- Məni böyük ümidlərlə transfer ediblər. Məndən çox şey gözləyirlər. Deyirlər ki, səni komandanı gücləndirmək üçün götürmüşük. Mən də ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəmirəm. İstəmirəm ki, rəhbərlik məni “Anji”yə transfer etdiyi üçün məyus olsun. Komandamın gücünə güc qatmaq üçün məşqlərdə də səylə çalışıram.

- Yeni klubunuzda Azərbaycan futboluna və futbolçularına maraq necədir?

- Milli komandamızın oyunlarına baxıblar. Futbolumuzun inkişaf etdiyini deyirlər. Futbolçularımıza gəldikdə, mən yerli mətbuata müsahibəmdə bildirdim ki, “Qarabağ”da çıxış edən Elnur Allahverdiyevin “Anji”də oynamasını istərdim. Gərək futbolçularımız daim yaxşı oynasınlar ki, onlara təkcə “Anji” tərəfindən deyil, digər əcnəbi klublardan da maraq göstərilsin. Antalyada “Qarabağ” komandası klubumuzla eyni oteldə qalırdı. Ağdam təmsilçisi ilə yoldaşlıq görüşü keçirdik. Bu zaman məndən “Qarabağ” haqda məlumat topladılar. Bu komandanın yerli futbolçulardan ibarət olduğunu və Avropa Liqasında “pley-off” mərhələsinədək irəlilədiyini bildirdim.

Mənbə: lent.az


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi