’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"

’’Olimpiya üçüncüsü olmaq dünya çempionluğuna bərabərdir"
OLİMPİYA-2016 27 Avqust 2016 / 02:30 5579
-  A +

Avqustun 6-dan 21-nədək davam edən Rio-2016 31-ci Yay Olimpiya Oyunlarında komandamız tarix yazaraq rekord sayda -18 medalla  39-cu pillədə qərarlaşdı. Əlbəttə, bu uğurun qazanılmasında sərbəst güləş üzrə yığma komandamızın üzvlərinin də böyük payı oldu.

Güləşçilərimiz ümumilikdə beş medalla(2 bürünc, 3 gümüş) komanda hesabında birinci olmağı bacardılar. Öz çıxışını fəxri kürsünün üçüncü pilləsində başa vuran güləşçilərimizdən biri də 57 kq çəki dərəcəsində mübarizə aparan Hacı Əliyev idi. Qazanılan uğurlar və bizi maraqlandıran bəzi suallarla bağlı idmançımızla görüşüb, onun fikirlərini öyrəndik.

- Hacı, əvvəla səni qazandığın nailiyyət münasibəti ilə təbrik edirik. Rio-2016-ya necə hazırlaşırdın?

- Çox sağ olun. Uzun müddətdir ki, heç birimiz ev üzü görmürdük, müxtəlif ölkələrdə təlim-məşq toplanışları keçir,  böyük səylə Olimpiya Oyunlarına hazırlaşırdıq. Şükürlər olsun ki, çəkilən əziyyətlər öz bəhrəsini verdi. Əlbəttə, nailiyyətlərin qazanılmasında məşqçilərimizin zəhmətləri də danılmazdır.

- Yarışa yollanmamışdan əvvəl özündən hansı nəticəni gözləyirdin?

- Sözsüz ki, çempion olmağı istəyirdim və bunun  uğrunda çalışırdım. Amma bürünc medal da pis nəticə deyil. Fikrimcə, olimpiadanın hər bir medalı çox böyük nailiyyətdir. İndiyədək iki dəfə dünya çempionu olmuşam. Olimpiada üçüncüsü olmağımı da həmin nəticələrə bərabər tuturam.

- İstənilən yarışda psixoloji baryeri keçmək ən mühüm amildir. Bu, sənin üçün çətin olmadı ki?

- Fikrinizlə tam razıyam. Psixoloji hazırlıq qələbənin yarısı deməkdir. İndiyədək bir çox nüfuzlu yarışlarda iştirak etmişəm. Amma olimpiada həyəcanı tamam başqa cürdür. Ona görə bu dəfə psixoloji cəhətdən özümü hazırlayır, qələbəyə inanırdım. Mütəmadi olaraq özümə xatırladırdım ki, Riodakı heç bir rəqib məndən güclü deyil.

- Yarımfinala kimi çox inamla irəliləyirdin. Son görüşündən qalib ayrıla bilməmənə səbəb nə oldu?

- Əsas səbəb çəkimi aşağı salmağım  oldu. Olimpiadaya yaxın 12 kiloqrama yaxın çəki  salmışdım ki, bu da mənə mane olan amillərdən biri idi. Eyni zamanda deyə bilərəm ki, yarımfinalda şans da üzümə gülmədi.

- Belə yarışlarda bəzi hallarda idmançılar hakim haqsızlığı ilə üzləşdiklərini söyləyirlər. Sən belə neqativ hallarla rastlaşmadın ki?

- Yarımfinalda, gürcü rəqibimlə görüşdə, bəlkə də, hakimlərin yanlış qərarları mənə finala getməyə mane oldu. Amma bunu elə də böyütmək lazım deyil. Komanda yoldaşlarımın da görüşlərin də ədalət qoruyucularının haqsızlıqları oldu. Ümumiyyətlə, bu Olimpiya Oyunlarında səhv qərarlar çox oldu.

- Bildiyin kimi, sərbəst güləş üzrə yığma komandamız komanda hesabında birinci yerə çıxdı. Sən bu nailiyyəti necə qiymətləndirirsən?

- Bu, çox böyük nailiyyətdir. Təkcə mənim, idmançılarımızın yox, bütün komandamızın uğurudur. Çox sevindiricidir ki, biz belə bir tarixi müvəffəqiyyətə imza atdıq.

- Komanda yoldaşlarının da çıxışlarından razı qaldınmı? Onlardan hansı nəticələri gözləyirdin?
 
- Əlbəttə, çox razı qaldım. Biz birlikdə komanda hesabında birinci olmağa müvəffəq olduq. Bu nəticə bizim hər birimizin uğurlu nəticə qazanmasından xəbər verir. Gümüş mükafatçılarımız Toğrul və Xetaq çempion ola bilərdilər. Amma deməli, qismət belə imiş. Üç bürünc, iki gümüş medal qazandıq. Bütün mükafatçı güləşçilərimizi təbrik edirəm. Onların hər biri çox böyük nəticələrlə çıxışlarını başa vurdular.

- Ölkəmiz ümumilikdə 18 medalla 39-cu yerdə qərarlaşdı. Bu böyük uğurdur...

- Dörd il əvvəl Londonda keçirilən Olimpiya Oyunlarında 10 medal qazanmışdıq. Bu dəfə düz 8 medal çox əldə etmişik. Bu, zarafat deyil, çox böyük nailiyyətdir. Cənab prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu uğur hamımızın qələbəsidir. Qazandığımız nailiyyət münasibəti ilə bütün xalqımızı təbrik edirəm.

- Rio-2016-dakı nəticən yəqin ki, indiyə kimi qazandığın ən böyük uğur idi. Bürünc mükafatçı olduğunu bildiyin an hansı hissləri keçirdin?

- İkı dəfə dünya çempionu olmuşam. Amma bəlkə də, Olimpiya üçüncüsü olmaq mənim üçün daha böyük uğurdur. Hələ uşaqlıqdan, güləşlə məşğul olduğum ilk  vaxtlardan Avropa, dünya və Olimpiya mükafatçısı olmağı arzulayırdım. Şükürlər olsun ki, hədəflərimə çatmışam, əziyyətlərim yerdə qalmayıb. Buna görə özümü çox şanslı hesab edirəm. Rioda bürünc mükafatçısı olduğum bildiyim an çox sevinmişdim. Yəqin ki, çempion olsaydım sevincim yerə-göyə sığmazdı(gülür). İnanıram ki, nə vaxtsa o hissi də keçirəcəm.

- Son olaraq qarşıdakı planlar haqda məlumat verərdin.

- Qarşıdan 61 və 70 kq çəki dərəcələrində mübarizə aparan güləşçilərin dünya çempionatı gəlir. Amma mən çəki saldığıma görə bu yarışda iştirak etməyəcəm. Çünki istirahətə ehtiyacım var. Olimpiadanın yorğunluğu çıxandan sonra bütün diqqətimi 2017-ci ildə ölkəmizin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunlarına yönəldəcəm. İslam Oyunlarında  bizi çox çətin sınaq gözləyir. Buna baxmayaraq inanıram ki, həmin yarışda xalqımızı sevindirməyi bacaracam.

Kənan NOVRUZOV

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq