Bakı ÇL-in finalı üçün hələ Madridə uduzmayıb - “Atletiko” təəccüblənib

Bakı ÇL-in finalı üçün hələ Madridə uduzmayıb - “Atletiko” təəccüblənib
XƏBƏR 20 Mart 2025 / 07:55 4151
-  A +

Dünən Avropanın bir çox media qurumunda UEFA-nın 2027-ci ildə keçiriləcək Çempionlar Liqasının final matçının stadionu ilə bağlı qərar verdiyi haqda məlumat yayılıb. Həmin məlumatlarda görüşü “Atletiko”nun (Madrid) ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunun qəbul edəcəyi iddia olunub.

Qeyd edək ki, sözügedən final üçün ikinci namizəd arena Bakı Olimpiya Stadionudur.

QOL.az xəbər verir ki, bundan sonra İspaniya Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan (Rafael Louzán) yerli jurnalistlərə açıqlamasında məlumatı təsdiq edib.

Lakin bir neçə saat sonra bu xəbərlər təkzib olunub.

“Marca” nəşrinin yazdığına görə, “Atletiko” Madrid prezidentin bu açıqlamasına təəccübünü bildirib. Çünki klub bu barədə heç bir rəsmi məlumat almayıb.

“Atletiko”nun ofislərindən bildirilib ki, onlar hələ də bu müraciətin tamamlanması üçün zəruri prosedurları yerinə yetirirlər və UEFA finalın keçiriləcəyi stadionu yalnız Avropa Liqasının həlledici oyunu ərəfəsində, may ayında Bilbaoda elan edəcək.

Beləliklə, “Atletiko” hələ də rəsmi məlumat gözləyir və stadionlarının ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi etməsi üçün çalışır.

Yaranan ajiotajdan sonra RFEF prezidenti öz açıqlamasına düzəliş edib. Federasiyanın bununla bağlı yaydığı açıqlamada bildirilib:

"Qeyd etmək vacibdir ki, bu, sadəcə olaraq Madriddə finalın keçirilməsinə dair bir niyyət və nikbinlik bəyanatıdır. UEFA bu qərarı may ayının sonunda açıqlayacaq. RFEF İspaniyanın, Madriddə yerləşən “Riyadh Air Metropolitano” stadionunun bu final üçün hazır və ən uyğun yer olduğunu düşünür.”

Beləliklə, Bakı ÇL-in finalı üçün hələ Madridə uduzmayıb və hər iki şəhər həmin oyun üçün yarışmaqdadır. Böyük finala hansı arenanın ev sahibliyi edəcəyi ilə bağlı rəsmi yekun qərarın isə mayın 19-da, UEFA İcraiyyə Komitəsinin iclasında veriləcəyi bildirilir.


Son xəbərlər