"Çempionatın bərpa olunmasına inamım azalır" - Aftandil Hacıyev

"Çempionatın bərpa olunmasına inamım azalır" - Aftandil Hacıyev
XƏBƏR 2 Aprel 2020 / 15:40 1462
-  A +

Premyer Liqa klublarımız hələ də koronavirus pandemiyasına görə məcburi istirahət, gözləmə mövqeyindədir. Onlardan biri son çempionatımızı bürünc medalçısı, yenə Avroliqaya iddialı olan "Səbail"dir. "Dənizçilər"in baş məşqçisi Aftandil Hacıyev sualları cavablandırıb.

 - Hər bir futbolçuya evdə məşğul olmaq üçün xüsusi proqram vermisiniz. Onları tonusda saxlamaq nə dərəcədə uğurlu alınır?

- Bəli, son 2 həftədə oyunçulara martın sonuna qədər nəzərdə tutulan proqram verilmişdi. Aprelin 1-də həmin proqram bitdi. İndi yeni proqram tərtib edəcəyik. Bu da fərdi şəkildə ev şəraitində olacaq. İki gün ərzində bu haqda futbolçuları da məlumatlandıracağıq. Nəzərə alsaq ki, karantin vəziyyəti 20 aprelə qədər davam edəcək, o zaman növbəti proqramın müddəti də minimum 10 gün olacaq.

- Ev şəraiti üçün hansı məşq hərəkətləri olur? Futbolçular nələr edə bilərlər?

- "Stabilizasiya" deyilən bir termin var və daha çox ona uyğun hərəkətlərdən istifadə edirik. Bunlar da dinamik hərəkətlərdir ki, ev şəraitində çox etmək olmasa da, ən azından futbolçunun çəkisinin artmasının qarşısını almağa çalışırıq. Düzdür, bu, komanda məşqini əvəz edə bilməz, ancaq indiki vəziyyətdə bundan artığını edə bilmərik.

- Artıq küçəyə çıxmağa da qadağa var. Parklar, dəniz kənarında qaçmaq imkanı yoxdur. Bunu reallaşdırmaq nə dərəcədə mümkün olacaq?

- Düzdür, parklara, stadionlara giriş qadağandır. Heç kimə tövsiyə etmirik ki, parkda və ya stadionda qaçsın. Kiminsə bağ evi varsa, həyətyanı sahəsi olan evdə yaşayırsa, şəraitə uyğun öz həyətində məşq edə biləcək.

- İstənilən halda, topsuz məşqlər olur...

- Yalnız öz həyətində şəraiti varsa,  fərdi olaraq topla texniki hərəkətlər mümkündür.

- Bəs, məşqlərə nəzarət mexanizminiz necədir?

- 15-16 yaşlı uşaqlarla işləmirik ki, deyək, nəzarət olsun. Peşəkar futbolçudurlar. Əksəriyyəti kifayət qədər təcrübəlidirlər və dərk edirlər ki, məşqdən uzaq qalmaq gələcəkdə onların karyeralarına mənfi təsir göstərə bilər. Bundan tək "Səbail" ziyan çəkməz. Söhbət futbolçunun zədəsindən, müqavilə şərtlərindən gedir ki, oyunçu da məcburdur peşəkar yanaşsın. Biz isə ancaq ünsiyyət qura bilərik və bacardığımız qədər çalışırıq işimizin öhdəsindən gələk.

- Belə şey olub ki, onlara "məşqinizin görüntüsünü çəkib, bizə göndərin" deyəsiniz, yoxsa..?

- Buna üstünlük vermirəm. Görüntü istəmək məşqçi ilə futbolçu arasında inamsızlıq yaradar. Görüntülü qrup şəklində mümkün olar ki, bu futbolçuya da motivasiya olar. Fərdi olaraq "məcbur çək, göndər" yanaşması bizə uyğun deyil. Futbolçuyla aramızda heç zaman belə ünsiyyət olmayıb.

- Bu çətin şəraitdə hazırlıq baxımından fəallıq hiss etdiyiniz oyunçular var? Hər dəfə maraqlanır, sizə yazır, soruşur və hiss edirsiniz ki, ciddi məşğul olur...

- Əlbəttə ki, var. Məsləhət alırlar, soruşurlar. Köməkçi məşqçilərə də tapşırıq vermişik, məsləhətləşmişik.

- Fəalların adını çəkə bilərsiniz?

- Hər biri çalışır. Ad çəkməz istəməzdim, amma hamısı bacardıqları qədər çalışır.

- Məşq proqramı daha çox fiziki hərəkətlər üzərində qurulduğu üçün planı makedoniyalı fiziki hazırlıq üzrə məşqçniz Toni Boqdanovski hazırlayır, ya siz?

- Toni ilə də, digər köməkçi məşqçilərlə də danışıb məsləhətləşirik. Nəzarət isə Tonidə olur. O da bizə kimin necə məşq etdiyi haqda məlumat verir.

- Maraqlıdır, özünüz karantin günlərini necə keçirirsiniz?

- Ailəmlə birgə karantin rejiminə riayət edirəm.

- Futbol baxımdan necə? Keçmiş oyunlara baxırsınızmı, ya hansısa təhlillər edirsiniz?

- Bəli, baxıram, təhlil edirəm. Böyük klubların oyunlarının təhlilləri var ki, vaxt edib baxa bilmirdim, indi isə fürsətdən istifadə edib onları seyr edirəm. Öz işimdə tətbiq etmək istədiyim xeyli maraqlı məqamlar var. Gələcəkdə irəliləyişə nail olmaq üçün bu çox önəmlidir.

- Yəqin ki, hazırda evdə çox olmağınıza ən çox sevinənlər övladlarınızdır. Nəhayət ki, atalarının üzünü doyunca görürlər...

- Bəli, bu ailədə alışmadıqları durumdur (gülür). Hər zaman belə imkan ələ düşmür və mən də çalışıram ki, onlarla bol-bol ünsiyyətdə olum.

- Alış-verişə özünüz gedirsiniz?

- Hamı kimi mən də vacib olanda alış-veriş üçün evdən çıxıram.

- Evdə spirt, maska kimi gigiyenik vasitələri əsirgəməzsiniz...

- Gigiyenik vasitələrdən istifadə edirik, çalışırıq qorunaq. İnşallah, tez bir zamanda xalqımız bu virusdan qurtular. Həkimlərimizə də klubumuz adından uğurlar arzu edirəm. Bu dəqiqə ən ağır rejimdə çalışan onlardılar. Buna görə onlara da dəstək olmaq lazımdır.

- Komandanızın həkimi futbolçuların durumu maraqlanırmı ki, birdən kimdəsə virusla bağlı simptomlar olar?

- Zədəli olan oyunçularımız var idi. Artıq onların da müalicəsi bitmək üzrədir. Onları nəzarətdə saxlayırıq. Fasilə həmin futbolçular üçün də yaxşı oldu ki, tam sağalıb fasilədən sonra komanda ilə ola biləcəklər.

- Həmin futbolçular kimlər idi?

- Aqşin Qurbanlını deyə bilərəm, Fəhmin Muradbəyli son oyunda zədələnmişdi, Ruslan Hacıyevin dizində problem var idi. Demək olar 4-5 oyunçu idi. Yalnız Kamal Bayramovdur ki, onun üçün mövsüm xeyli vaxtdı bitmişdi.

- Real danışsaq, çempionatın davam edəcəyinə hələ də inanırsınız ya düşünürsünüz ki, bununla da mövsüm bitəcək?

-  Vəziyyət hər zaman dəyişə bilər. Buna baxmayaraq, öz təhlilimə görə yoluxma artdıqca və fasilə uzandıqca çempionatın bərpa olunmasına inam azalır. Tək Azərbaycanı nəzərdə tutmuram, Avropadakı durum da narahat edir. Onlarda bərpa olunmasa, artıq digər ölkələrdə çempionatların keçirilməsi avrokuboklar baxımdan mənasız olacaq. Hazırda da Avropanın mərkəzində yoluxma artmaqdadır. İtaliya, İspaniya, Fransa kimi ölkələrin durumundan çox şey asılıdır (sport24.az).

Daha çox


Son xəbərlər