"Fənərbaxça" Əmrə Bəlözoğlu ilə yollarını ayırır

"Fənərbaxça" Əmrə Bəlözoğlu ilə yollarını ayırır
XƏBƏR 8 Mart 2012 / 00:01 2131
-  A +

“Fənərbaxça” klubu Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğlu ilə yollarını ayırmağa qərar verib.

Qol.Az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Əmrəyə “Gənclərbirliyi” komandası ilə görüşdən əvvəl “Fənərbaxça” komandasının baş məşqçisi Aykut Kocaman söyləyib.

Qeyd edək ki, Əmrənin “Fənərbaxça” ilə müqaviləsi may ayında bitir. Əmrə baş məşqçidən onunla yeni müqavilənin nə vaxt bağlanacağını soruşub və gözləmədiyi cavabla üzləşib. Aykut Kocaman bildirib ki, artıq qərarını verib, növbəti mövsümdə onun komandada qalmasını istəmir.

“Fənərbaxça” klubunun prezident Əziz Yıldırımın həbs edildikdən sonra Aykut Kocamanın davranışları, verdiyi bəyanatlar, ulduz futbolçuların satılmasına baxmayaraq, komandanın yaxşı oyun sərgiləməsi baş məşqçinin klub daxilində nüfuzunu artırıb. Bu səbəbdən də Aykut Kocamanın Əmrə ilə bağlı fikirləri faktiki komandanın “rəsmi qərarı” sayılır.

Əmrə Aykutla görüşdən sonra yaxınları ilə danışıb. O deyib ki, indiyə qədər 16 il peşəkar futbolçu kimi meydanda olub, “Fənərbaxça”da olduğu 4 il müddətində bir il üçün 3,5 milyon avro alıb. Futbolçu bildirib ki, əgər onu gələn mövsüm istəmirlərsə, yeganə hədəfi “Fənərbaxça”nın bu mövsüm çempion olmasıdır, sonra yeni komandada oynayacaq.

Artıq Əmrənin meneceri Ahmet Bulutu arayaraq ona yeni komanda tapmasını istədiyi bildirilir. Ahmet də artıq dünyanın məşhur komandaları ilə danışıqlara başlayıb. Futbolçunun meneceri hazırda İngiltərə, İspaniya və İtaliyadan gələn təklifləri dəyərləndirir.

“Vatan” qəzeti Əmrə Bəlözoğlu ilə Aykut Kocamanın yollarını ayırmağa səbəb olan mübahisədən də yazıb. “Fənərbaxça” və “Bursaspor” komandaları arasında görüşün sonunda Aykut Kocaman futbolçuların soyunma otağına gəlib. Sahədə rəqib komandanın oyunçusu Kristianla mübahisə edən Əmrə soyunma otağının qarşısında onun barəsində təhqiramiz ifadələr işlədirmiş. Aykut Kocaman soyunma otağında futbolçunu sakitləşdirməyə çalışıb, ancaq onun sakitləşmədiyini görəndə qolundan itələyərək soyunma otağına salmaq istəyib. Əmrə isə bu zaman “sən kimsən ki, məni itələyirsən?” deyərək baş məşqçiyə sərt reaksiya göstərib. Aykut Kocaman isə onu tərbiyəsiz adlandıraraq otaqdan çıxıb...

Qeyd edək ki, “Fənərbaxça” komandasının Əmrənin oynadığı mövqe üçün Mehmet Topalı düşündüyü bildirilir. Bu futbolçu ilə də artıq danışıqların aparıldığı barədə xəbərlər yayılıb.

Daha çox


Son xəbərlər