“Muğan” altı xal haqda düşünür

XƏBƏR 21 Noyabr 2008 / 14:09 4022
-  A +

Biz hər qarşılaşmaya qələbə üçün çıxırıq ki, “Standard”la görüş də istisna deyil. Bir vaxtlar birinci diviziondan Premyer Liqaya çıxardığım komanda ilə üz-üzə gəlmək mənim üçün heç bir prinsipiallıq kəsb etmir”. Bu sözləri Salyanın “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Azərbaycan Premyer Liqasının XII turunda “Standard”la görüşəcək salyanlıların 38 yaşlı çalışdırıcısı sabiq komandasından incikliyinin qalmadığını bildirib: “Bu, sadəcə bir çempionat oyunudur. Təbii ki, keçmiş komandamla qarşılaşmaq müəyyən mənada fərqli olmalıdır. Lakin bu bir müddət belə olur. Zaman keçdikcə vaxt hər şeyi qaydasına qoyur. Mənim “Standard”dan ayrılmağım il yarım əvvələ təsadüf edib. Rəqibimiz kifayət qədər yaxşı komandadır ki, onları qiymətləndirməmək düzgün olmazdı”.

Qədirov autsayderlə qrupunda qərarlaşan komandasının arxada qalan turlarda cəmi 4 xal toplamasının səbəbini bəxtsizlikdə görür: “Muğan” keçirdiyi bütün matçlarda 3 xal üçün mübarizə aparıb. Lakin bəxt bizdən üz döndərdiyindən istəyimizə heç də həmişə çata bilməmişik. Qol imkanlarından yararlana bilməməyimiz xal itkilərinə səbəb olub. Komandamızın indi qərarlaşdığı 12-ci yer oyunumuza görə deyil. Heyəti bir az da gücləndirib ilk “onluğ”a düşməyə çalışacağıq”.

Cari mövsüm Premyer Liqada yerini qorumaq əzmində olan “Muğan”ın qış fasiləsinədək xal hesabını 10-a çatdırmaq niyyətindədir. Qədirov yetirmələrinin bunu bacaracağına inanır: “Standard”dan başqa qarşıda daha iki oyunumuz var. MOİK-lə təxirə salınmış oyunu və son turun “Bakı”ya qarşı görüşünü isə Salyanda keçirəcəyik. Üç oyunda 6 xal qazanmalıyıq. Bu minimum vəzifədir. Çünki, hesabımıza 9 xal əlavə etməyimiz daha çox istəyərdim”.

Qeyd edək ki, noyabrın 23-də “Şəfa” stadionunda keçiriləcək “Standard” – “Muğan” oyunu saat 16:00-da başlayacaq.

Mənbə: apasport.az

Daha çox


Son xəbərlər