Oçerkə layiq
[17.02.2015]

Rüstəm ƏFSƏRLİ

Nadir hallarda oçerk yazıram. Sonuncu ikisi DÇ-2014-ə təsadüf eləmişdi. Yoahim Löv və Miroslav Kloze. “Adam tapmırdım” deməyəcəyəm – ehtiyac görmürdüm.

Fevralın 17-də isə bundan qaçmağım mümkün deyil.
Heç vaxt ajiotajı sevməmişəm. Bir hadisə, bir qurum, bir şəxsiyyət ətrafında yaranan və ya yaradılan hay-küy həmişə məni qorxudub. Amma bəlkə də ilk dəfədir ki, bu ajiotajdan çəkinmirəm, onun barədə yazılan oçerklərin sayından qıcıqlanmıram və özüm də bu sıraya qoşuluram.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, millinin az qala bütün “ilk”lərinin müəllifidir: ilk qol, rəsmi oyunlarda ilk qol, ilk rəsmi matçda kapitanlıq...

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, heç bir azərbaycanlı futbolçunun bacarmadığını bacarıb: başqa ölkədə çempion olub, başqa respublikada sevilib, başqa şəhərdə adını əbədiləşdirib.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, əksər məşqçilərin qapaz altında belə çalışmağa hazır olduğu yerdən prinsipləri uzlaşmadığı üçün özü gedib.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, heç yerdə, heç vaxt və heç kimlə simasını itirməyib: radikal olmayıb, amma güzəştə də getməyib; sülhsevərlik göstərib, amma öz prinspilərini də tapdalamayıb.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, şəxsən mənim üçün “futbolda “yaxşı oğlan” ampluası yoxdur” kimi absurd, axmaq və küt nəzəriyyəni darmadağın edib.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, yaşından asılı olmayaraq, bu sətirləri oxuyan və Azərbaycan futbolunun dünəni və bu günü ilə az-çox tanış olan hər beş nəfərdən dördünün bütün dövrlərin ən yaxşı azərbaycanlı futbolçuları siyahısında 10-luğa, 5-liyə, 3-lüyə mütləq düşüb.

Nazim Süleymanov ona görə oçerkə layiqdir ki, onunla vaxtilə “Real” maraqlanıb... Maraqlanmayıb? Bəlkə də maraqlanmayıb. Şayiədir? Bəlkə də şayiədir...

Amma adı ilə bağlı belə şayiələr gəzən neçə azərbaycanlı futbolçu tanıyırsınız?

Rüstəm ƏFSƏRLİ

5232 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
27.02.2015  14:39 Qurunun oduna yananlar
12.02.2015  12:44 12 fevral, 2003
05.02.2015  13:09 Filan qədər pul ver, yoxsa...
30.01.2015  13:01 Premyer Liqamızı necə sevək?
26.01.2015  12:31 Pafos və səmimiyyət
13.01.2015  15:41 Azərbaycanlı futbolçu: tragikomik personaj
06.01.2015  12:35 Elə bir il istəyirəm ki...