Qurunun oduna yananlar

Qurunun oduna yananlar
YAZARLAR 27 Fevral 2015 / 14:39 6929
-  A +

Pafosu baş, məzmunu göz ağrıdan Azərbaycan derbisindən əvvəl referiyə təzyiq olunur: bir tərəf onu vicdanlı hakimliyə çağırır, digəri - dəyişdirilməsinə belə hazırdır.

AFFA-nın baş katibi heç vaxt deyilməyən, deyilməsi məsləhət görülməyən və əslində elə bu çapda insanın ağzından heç cür çıxmalı olmayan açıqlaması illər əvvəlki matçdakı idman mübarizəsini şübhə altına alır. Saatlar keçməmiş AZAL – “Neftçi” matçının satılmış olduğu iddiası irəli sürülür. Özünü ölkənin bir nömrəsi hesab edən klubun rəsmisi isə təkzibi küçə jarqonu ilə edir.

Hər kəs təəccüblənir, amma mən təəccüblənmirəm.

Çünki hakimlər az rüşvət almayıblar, az ev yıxmayıblar, idarəçiliyə şəxsi məsələləri az qatmayıblar.

Çünki Tovuzda az hakim/futbolçu/rəsmi döyülməyib. Çünki kabinetlərdə az nəticələr razılaşdırılmayıb. Çünki Əli az oyun almayıb, Məmməd az oyun satmayıb, Hüseynlə Həsən oyunlardan əvvəl gecə yarısı tikintisi yarımçıq qalmış binaların həyətində az pul haqq-hesabı eləməyiblər.

Amma cavabdehlər hər zaman susub. Hər şeyi bilənlər isbatı mümkünsüz olduğu üçün yalan danışıb.

Baş katib isə heç danışmayıb. PFL prezidenti “təmiz oyun idi” deyib. Hakimlər Komitəsinin sədri ört-basdır edib. Yazanlardan kimsə rüşvət, kimsə hədə-qorxu ilə susdurulub. Araşdırmalar yarıda dayandırılıb. Üzə heç nə çıxmayıb.

Beləcə hər klub rəhbərinə “xidmətçi” olan hakimlərin oduna satılmaq istəməyənlər yanıb. Hər alverçi baş məşqçinin güdazına azsaylı peşəkarlar gedib. Hər tərbiyəsiz klub rəhbəri ilə ağız-ağıza gəlmək istəməyənlər futboldan uzaqlaşıb. Hər sifarişlə yazıb sifarişlə susub özünə jurnalist deyənlərə tay olmamaq üçün öz qələminə hörmət edənlər o qələmi sındırıb.

Azərbaycan futbolundan kənarda olan üçün hər hakim rüşvətxor, hər oyun satılmış, hər jurnalist vicdansızdır. Belələri olduqca hakimləri Hakimlər, məşqçiləri Məşqçilər, klubları Klublar, medianı Media Komitəsi də xilas etməyəcək.

Rüstəm ƏFSƏRLİ


Son xəbərlər