Premyer Liqamızı necə sevək?
[30.01.2015]

Rüstəm ƏFSƏRLİ

“Dünyanın ən maraqlı milli çempionatı başlayır”.

Ötən il Topaz Premyer Liqasının startı ərəfəsində sosial şəbəkələrin birində belə bir şey yazmışdım. Xalq gülüşmüşdü. Lağ etmişdi. Sarkazm axtarmışdı. Babalı öz boyunlarına.

Artıq bu gün “İnter”lə “Sumqayıt” “Şəfa”nın dördüncüsü heç cür inşa edilməyən yarıboş tribunaları önündə 3-cü dövrənin qırmızı lentini kəsəcək. Kaxaber Sxadadze üçün bu, sonun başlanğıcı olacaq. Azərbaycanda yeganə düşünülmüş transfer və maliyyə siyasəti olan klubun məşqçi qalaqurmasına təmkinli reaksiyası insanı heyran edir (kinayəsiz).

Ən yaxşısı Kaxaberin bu mövsüm üçün missiyasını bitirməsidir, yeni məşqçi axtarmaq və ən düzgün seçimi etmək üçün isə rəhbərliyin 6 ay vaxtı var. Fəaliyyətinin əvvəllində ucundan pul axan su kranını və Ukrayna futbolunun Azərbaycandakı rəsmi nümayəndəliyini xatırladan klubun inkişafının bu nöqtəsinə çatması sevindirir.

Nə qədər hörmətsizlikdə, saymazyanalıqda günahlandırılsa belə...

Ukrayna mövzusu Azərbaycanda ümumiyyətlə bütün dövrlər üçün aktual olub. Bugünkü “Qəbələ” isə məni 6-7 il əvvələ apardı. Həmin Roman (Pokora olmasa da, Qriqorçuk), həmin Ukrayna desantı. İllər əvvəl Zaqatala xalqı ukraynalı qonaqları qarşısında Taras Şevçenkonun düz elə stadionun yanında yerləşdirilmiş barelyefi ilə qürrələnirdi. İndi isə Qəbələ ilə Odessanın qardaş şəhər olmasının vaxtı çatıb. Bəlkə ümumiyyətlə, “Qəbələ”ni Ukrayna Premyer Liqasına göndərək, dağılmaqda olan “Çernomorets”i orada əvəz eləsin?

Mövsüm indi bitsəydi,  Zaqatala arzuladığı Avropa Liqasına yenidən qovuşardı. Amma bir problem var: mövsüm hələ yalnız yarılanıb. Qarşıdakı dörd ayda “Simurq”u “Qəbələ” və yarımcan “Xəzər Lənkəran”la ölüm-dirim mübarizəsi gözləyir. Nəticədə kuboku saymasaq, çempionatdan qitə turnirlərinə vəsiqə verən 4 yerə 5 yarım namizəd qalıb. I diviziona göndərən yeganə yerə isə 0 namizəd. İndi gəl, sən bu məntiqi anla.

İtaliyada belə bir deyim var: “A Seriyasını anlayanlar sevər, sevməyənlər anlamaz”.

“Gəlin, Azərbaycanın başıbəlalı milli çempionatını sevməyə çalışaq” demək istəyirəm. Amma onu necə anlayaq?

Rüstəm ƏFSƏRLİ

5393 dəfə baxılıb

   Facebook Twitter MySpace Google

MÜƏLLİFİN DİGƏR YAZILARI                        
 
27.02.2015  14:39 Qurunun oduna yananlar
17.02.2015  12:52 Oçerkə layiq
12.02.2015  12:44 12 fevral, 2003
05.02.2015  13:09 Filan qədər pul ver, yoxsa...
26.01.2015  12:31 Pafos və səmimiyyət
13.01.2015  15:41 Azərbaycanlı futbolçu: tragikomik personaj
06.01.2015  12:35 Elə bir il istəyirəm ki...