Vaqif Sadıqov: “Bu qrupda biz üçüncü-dördüncü yer uğrunda mübarizə apara bilərik”

Vaqif Sadıqov: “Bu qrupda biz üçüncü-dördüncü yer uğrunda mübarizə apara bilərik”
XƏBƏR 7 Fevral 2010 / 16:02 1963
-  A +

“Milli komandamızın yer aldığı qrupu normal dəyərləndirirəm. Fikrimcə, rəqiblərimiz nə zəifdirlər, nə də çox güclü. Əsas üstünlüklərimizdən biri odur ki, qrupumuzdakı bütün rəqiblər bizə tanışdır. Onlara qarşı müxtəlif vaxtlarda oynamışıq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri Avro-2012-nin püşkatması dəyərləndirərkən milli komandamızın keçmiş baş məşqçisi, hazırda “Neftçi”ni çalışdıran Vaqif Sadıqov deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, millimiz bu qrupda üçüncü-dördüncü yer uğrunda yarışa bilər: “Şübhəsiz, qrupun favoriti almanlardır. Digər rəqiblərin bizdən elə də güclü olduqlarını söyləmək olmaz. Biz hələ Türkiyə millisinin ən yaxşı vaxtlarında onlarla Bakıda başabaş oynamışıq. Avstriya ilə Bakıda heç-heçə etmişik, Belçikalılara uduzsaq da, öz meydanımızda çox yaxşı çıxış etmişik. Qazaxıstanla isə həm evdə, həm də səfərdə heç-heçə oynamışıq. Fikrimcə, artıq sözümüzü deməyin vaxtı çatıb. Millimiz qrupda heç də ən zəif komanda deyil. Buna görə də düşünürəm ki, bu qrupda üçüncü-dördüncü yer uğrunda mübarizə apara bilərik”.
Sonuncu dəfə millimiz Avstriya ilə Bakıda məhz Sadıqovun rəhbərliyi altında heç-heçə oynayıb. V.Sadıqovun fikrincə, həmin oyundan sonra Azərbaycan futbolu daha çox inkişaf edib: “Həmin vaxt Avsrtiya millisi indikindən güclü idi. Buna baxmayaraq, biz Bakıda onlardan xal ala bildik. Hesab edirəm ki, geridə qalan zaman kəsiyində Azərbaycan futbolu daha çox inkişaf edib, nəinki Avtriya futbolu. Bu səbəbdən də bu dəfə onlara qalib də gələ bilərik”.  

Xatırladaq ki, bu gün keçirilən püşkatma mərasimində Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan komandaları Azərbaycan millisinə rəqib olub

Daha çox


Son xəbərlər