Azərbaycanda bukmeykerlik fəaliyyətilə məşğul olan bir neçə kompaniya məsuliyyətə cəlb edilib

Azərbaycanda bukmeykerlik fəaliyyətilə məşğul olan bir neçə kompaniya məsuliyyətə cəlb edilib
XƏBƏR 3 Dekabr 2008 / 12:17 3920
-  A +

Xəbər verildiyi kimi, ötən həftənin sonları bəzi beynəlxalq bukmeyker kontorları Azərbaycan premyer-liqasının «Qarabağ» - «Karvan» oyununu canlı yayıma çıxarıb. Dünyanın ən nüfuzlu kontorlarından sayılan “Gamebookers” bu matça canlı pul qoyuluşları təşkil edib. Totalizator oyununda iştirak edənlər bu görüşün gedişi zamanı istədikləri anda proqnoz vermək imkanına malik olublar.
“Gamebookers” kontoru Azərbaycan premyer-liqasına bu ilin avqustundan pul qoyuluşları təşkil edir. İndiyədək ölkə çempionatına yalnız görüşün startınadək proqnoz vermək mümkün idi. Bu gün yenilik edən kontor premyer-liqa matçını onlayn rejimdə yayımlayıb.
Azərbaycanda totalizator oyunları qanunsuz sayılır. Bukmeyker kontorlarının milli çempionata müdaxiləsi isə arzuolunmaz hal kimi qiymətləndirilir. Çünki belə vəziyyətdə danışılmış qarşılaşmaların ehtimalı daha da çoxalır.
Məsələylə bağlı Qol.Az saytına açıqlama verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib ki, bu vəziyyətin yaranması Azərbaycan futbolunda söz-söhbətləri artıracaq. O, müəyyən komandaların və ya futbolçuların gizli şəkildə pul qoyuluşlarında iştirak edəcəyini istisna etməyib. Bununla belə, R.Musayev məsələylə bağlı araşdırma aparacaqlarını və pul qoyuluşlarında iştirak edən futbolçuların cəzalandırılacağını söyləyib. «Pul qoyuluşları dini tərəfdən günahdır. Amma nə etmək olar ki, artıq bu «xəstəlik» bütün Avropanı bürüyüb. Mənə elə gəlir ki, bu proses bizdə də davam edəcək».
Ramin Musayev bu məsələylə bağlı tədbirlər gördüklərini və son dörd ayda Azərbaycanda qanunsuz olaraq bukmeykerlik fəaliyyətilə məşğul olan 4-5 kompaniyanın hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edildiyini vurğulayıb. Lakin R.Musayev bununla bağlı əlavə açıqlama verməyib.
«Beynəlxalq bukmeyker kontorlarda Azərbaycan çempionatının oyunlarına pul qoyuluşunu dayandırmaq üçün hansısa mexanizm varmı» sualına cavabında R.Musayev məsələylə bağlı həmin kontorlara müraciət edəcəklərini vurğulayıb.

Daha çox


Son xəbərlər