Kerjakov: «Petrjela saatlarla kazinoda otururdu»

XƏBƏR 30 Noyabr 2008 / 15:52 3465
-  A +

«Həyatımda ən ağır məşqi Petrjelanın birinci təlim-məşq toplanışında keçmişəm».  Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına müsahibəsində Moskva «Dinamo»sunun hücumçusu Aleksandr Kerjakov deyib. Rusiya yığmasının və «Sevilya»nın sabiq forvardı bir vaxtlar «Neftçi»ni çalışdırmış Vlastimil Petrjelanın rəhbərliyi altında «Zenit»də gümüş medal əldə edib: «Bir həftə topsuz məşq etdik. Səhər xizək, günorta kross, axşam da trenajor zalında. Mən də xizəklə gedə bilmirdim. Ona görə bir küncə çəkilib sakit dayanırdım». Həmkarımızın «Eşitmisən ki, Petrjela ruhi xəstəxanaya düşüb» sualını Kerjakov belə cavablandırıb: «Oxumuşam ki, o hansısa klinikadadır. Hələ yayda onu Ulyanovska müqavilə bağlamağa çağırmışdılar. Yerli «Volqa» klubunda mənim qardaşım oynayır. O, danışırdı ki, Petrjela 3 gün oteldə öz nömrəsindən çıxmadı. İnsanlar heç nə başa düşmürdülər. Əlbəttə, belə vəziyyətdə heç kim onunla müqavilə bağlamadı. Bəzi insanların böyük nailiyyətdən başları gicəllənir. Petrjela 2003-cü ildə «Zenit»i qəbul edəndə gümüş medal qazanacağı ağlına da gəlmirdi. Buna qədər heç kim bu məşqçini tanımırdı. Peterburqda isə o böyük şöhrətlə üzləşdi. Azarkeşlərin sevgisi, yaxşı pul. Hər şey birdən qutardı və Vlasta heç kimə lazım olmadı. Kimsə bunu qəbul edə bilir, amma elə adamlar da var ki, «sınırlar»».  Kerjakov «Neftçi»nin sabiq baş məşqçisinin saatlarla kazinoda ruletka önündə oturduğunu da deyib.

Daha çox


Son xəbərlər