Futbol Türkiyə siyasətini sarsıdır

Futbol Türkiyə siyasətini sarsıdır
XƏBƏR 14 Dekabr 2011 / 02:18 3338
-  A +

“Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırımın 3 iyulda polis nəzarətinə alınması ilə başlayan “futbol zəlzələsi”nin prokurorluq ittihamnaməsi məhkəmə tərəfindən qəbul edildi: 93 şübhəli şəxsin suçlandığı ittihamnamədə ən çox cəza Yıldırıma tələb edilir: 158 il. İttihamnamənin elan edilməsi ərəfəsində yaşanan siyasi gəlişmələr “futbol zəlzələsi”nin Türk siyasətində çatlaqlar yaratdığını göstərir.

Belə ki, ittihamnamənin elan edilməsindən qabaq Türkiyə Böyük Millət Məclisi idman oyunlarında nəticələrə əvvəlcədən təsir göstərmək məqsədi edilən təşəbbüslərə verilən cəzaları xeyli yüngülləşdirən qanun qəbul etdi. Ancaq prezident Gül Məclisdə həm iqtidar, həm də müxalifət (CHP və MHP) partiyalarının dəstəyini alan bu qanuna veto qoyaraq, yenidən müzakirə edilmək üçün Məclisə qaytardı.

Bu, 28 avqust 2007-də prezident seçilməsindən sonra Abdullah Gülün AKP çoxluqlu Məclisdən gələn qanuna qoyduğu ilk ciddi veto oldu. Gülün prezident seçilməsinə qədər təxminən 5 il iqtidarda olan AKP, Ahmet Necdet Sezerin qoyduğu vetolardan şikayətçi olmuş, son 4 ildə isə müxalifətdən, mətbuatdan və cəmiyyətdən yüksələn “AKP-nin prezidentidir” - səpkili reaksiyalara qulaq tıxamaq bahasına olsa da, Abdullah Gül AKP çoxluqlu Məclisdən gələn qanunları olduğu kimi təsdiq edərək hökumətin işini asanlaşdırmışdı. Ona görə də idmanda nəticələrə əvvəlcədən təsir göstərməyə verilən cəzaları ehtiva edən qanuna veto qoyması müəyyən dərəcədə təəccübə səbəb olduğu kimi, bu veto bilavasitə siyasətin iqtidar qanadında ikitirəliliyi də su üzünə çıxardı.

Baş nazir Ərdoğanın əməliyyat olunduğu günlərə təsadüf edən vetoya baş nazirin müavini Bülənt Arınç hərarətlə dəstək verdi. Qanun təsdiq üçün Çankaya iqamətgahına göndərildiyi günlərdə keçmişin jurnalisti, indinin AKP Gaziantep millət vəkili Şamil Tayyar da prezident Gülə məktub yazaraq veto qoymasını istədi. Baş nazir Ərdoğanın siyasi yasaqlı dönəmlərdəki vəkili, gömrük və ticarət naziri Hayati Yazıcının veto tərəfdarı olması təəccüblə qarşılansa da cəmi bir gün sonra Yazıcı da mövqeyini dəyişdirərək “Məclis iradəsinin üstünlüyünü” vurğuladı. Prezident Gülün qanuna veto qoyaraq Məclisə geri qaytarmasından sonra mübahisələrin dozası artdı və prezident vetosuna dəstək karvanına ölkənin ən təsirli icması qatıldı - həm də necə qatıldı.

İcmanın ikinci adamı kimi təqdim edilən Hüseyin Gülerce “Zaman” qəzetindəki köşəsindən baş nazir Ərdoğana məsləhət və ya tövsiyədən çox uzaq olan sərt bir mesaj göndərdi: “Bu qanunla baş nazir Ərdoğan nəinki öz ayağına güllə sıxmaq, oturduğu kreslonu təpikləyir” – icmanın baş nazirə “kreslosunu xatırladaraq” bu topa girməsi Abdullah Gülün qanunu Məclisə qaytarmasından da, AKP cəbhəsində ortaya çıxan ikibaşlılıqdan da daha düşündürücü idi.

Zira ölkənin son 9 illik idarəçiliyində hökumətin atdığı hər hansı bir addıma icmanın bu qədər sərt reaksiya verdiyi xatırlanmadığı kimi, futbolla bağlı ortaya çıxan durumda da buna ehtimal vermək çətin idi. Ancaq olan oldu. Prezident Gülün qanunu Məclisə geri qaytarmasından sonra AKP Parlament qrupunun mövqeyini öyrənmək üçün uzun vaxta ehtiyac qalmadı: iqtidar partiyasının Parlament qrupunun idarəçiləri qanunun dalında durduqlarını elan etdilər.

“Yeni çağ” qəzetindən Ahmet Takanın iddiasına görə, baş nazir Ərdoğan qanun layihəsinə atdıqları imza ilə bağlı telefonda MHP lideri Devlet Bahçelinin fikrini soruşmuş, Bahçelinin “Atdığımız imzanın arxasındayıq” – sözünü eşidəndən sonra partiyasının Məclis qrupuna qanunun dəyişdirilmədən qəbul edilməsi üçün təlimat verib. Türk siyasətində formalaşmış ənənəyə görə, dekabrda Məclisdəki büdcə müzakirələrində büdcədən başqa heç bir qanun layihəsinin müzakirəsi gündəliyə gətirilmir, ancaq idman oyunlarında nəticələrə əvvəlcədən təsir göstərməyə verilən cəzalara dair qanun prezident tərəfindən Məclisə geri qaytarılınca, müvafiq komissiya və sessiya qanunu olduğu kimi qəbul edərək ikinci dəfə prezidentin təsdiqinə göndərdi.
 
Konstitusiyaya görə, prezidentin qanunu ikinci dəfə Məclisə qaytarma səlahiyyəti yoxdur; onu təsdiq edib ya bütünlüklə, ya da bəzi maddələrinin ləğv edilməsi tələbiylə Konstitusiya məhkəməsinə şikayət edə bilər. Keçmiş prezident Ahmet Necdet Sezer bu yola tez-tez müraciət edirdi, əgər prezident Gül belə bir addım atarsa, bu da onun Konstitusiya məhkəməsinə ilk ciddi müraciəti sayılacaq.

Qanunun olduğu kimi prezidentin təsdiqinə göndərilməsinə ən sərt reaksiya yenə icma cinahından gəldi: “Zaman”ın köşə yazarı Ahmet Turan Alkanın bazar günkü yazısı AKP - icma münasibətlərində indiyə qədər heç rast gəlinməyən üslub və məzmunda idi: “Mənə elə gəldi ki, bu 4 illik ustalıq dönəmində baş nazir öz karyera çizgisini millətin hüququndan daha yaxşı şəkildə ciddiyə ala bilir... İdman yarışlarında nəticələrə əvvəlcədən təsir göstərməyə verilən cəzaları ehtiva edən qanunun qəbulu üçün göstərdiyi sərt qərarlılıq və müqavimət mətanətin yox, əslində bükülməyin işarəsidir. Dayanmayın, əfəndim. Yola davam edin. Demək, “ustalıq dövrü” deyilən şey bu imiş” (Ahmet Turan bəyin yazısına bir daha qayıdacam).

İdman yarışlarında nəticələrə əvvəlcədən təsir göstərməyə verilən cəzaların minimuma endirilməsiylə bağlı qanun yenidən prezidentin təsdiqinə göndərilərkən açıqlanan prokurorluq ittihamnaməsini 2 nömrəli şübhəli şəxs olan Əziz Yıldırım “iddialar yığını” adlandırdı. Məhkəmənin ilk iclası 14 fevrala təyin edilib. Prezident Gül 15 gün müddətində qanunu təsdiq etmək məcburiyyətindədir.

Bunlar öz yerində dursun, iyuldan bəri Türkiyənin gündəmini məşğul edən “futbolda hiyləgərlik” məsələsinin siyasətdəki dərin münasibətlərə təsirindən doğan suallara üz tutaq:

1) Qanunu imzalamaq məcburiyyətində olan prezident Gül, daha sonra onun bütünlüklə və ya bəzi maddələrinin ləğvi üçün Konstitusiya məhkəməsinə müraciət edəcəkmi, yoxsa qanun olduğu kimi qüvvəyə minəcəkmi? Konstitusiya məhkəməsi bu qanunu hansı müddətdə öz gündəliyinə daxil edəcək və qərar nə vaxt açıqlanacaq? Məhkəmənin qanunu bütünlüklə və ya bəzi maddələrini ləğv etməsini siyasət arenası necə qarşılayacaq ?

2) Prezidentin Konstitusiya məhkəməsinə müraciəti Gül-Ərdoğan münasibətlərinin gələcəyinə necə təsir göstərəcək? Baş nazir Ərdoğanın əməliyyat olması ilə ortaya səpilən başgicəlləndirici ssenarilərdə bu durum hesaba qatılırmı? Axı söhbət xırda şeydən yox, 2014-dəki prezident seçkisindən və 10 illik iqtidar partiyasının gələcək taleyindən gedir!

3) Ölkənin ən güclü icması bu prosesləri öz pəncərəsindən hansı məntiq və matematika ilə dəyərləndirəcək? Siyasət bazarına hansı ssenariləri sürəcək?

Ahmet Turan Alkan yazısının sonunda çox önəmli bir nöqtəyə işarə edir (yenə də ciddi xəbərdarlıq üslubuyla): “Bir şərtlə anlayar və öz adıma əfv edərəm: əgər hələ vaz keçilmədi isə yeni konstitusiya çalışmalarında idman yarışlarında nəticələrə əvvəlcədən təsir göstərməyə verilən cəza qanununda sizi can-başla dəstəkləyən CHP və MHP-ni ortaq çalışmağa razı salıb vəd verdiyiniz kimi yeni konstitusiyanı qəbul etsəniz, sizin önünüzdə şapkamı çıxaracağam. Əksi-təqdirdə “Bir baş nazir vardı” -deyib üzüləcəyik”.

Bu sətirlərdən anlaşıldığı kimi, mübahisəli qanunun yaratdığı narazılığın aradan qalxmasının əsas şərti kimi ölkənin ən güclü icması yeni konstitusiyanın qəbulunu göstərməkdədir. Yeni konstitusiyanın ortaya çıxmaması durumunda isə hökumət başçısına “kreslosunun əldən gedə biləcəyini” xatırlatmaqdan da geri durulmur. Demək, bir neçə gün əvvəl “Vatan”dan Reha Muhtar icma ilə hökumət arasındakı “dərin çatlaqlara” işarə edərkən önəmli kulis bilgiləri əldə edibmiş...

Türk siyasətinin yaxın gələcəyi “Çankaya uğrunda mübarizə və AKP-nin gələcəyi” paradiqması üzərində şəkillənməyə başlayıb. Mübarizənin kifayət qədər güclü olan aktyorları hal-hazırda futbol üzərindən bilək məşqinə giriblər. Baş nazir Ərdoğanın ölkənin, hələ bir vaxtlar formasını peşəkar şəkildə geyməyə çox yaxınlaşdığı “Fənərbaxça” klubunun azarkeşlərini bu mübarizədə öz qarşısına almaq istəmədiyi açıq-aşkardır. O biri aktyorların bu məsələdəki mövqeyi isə tərs qütbü işarə edir –buna necə çözüm tapılacağını indidən demək mümkün deyil. Baş nazir Ərdoğanın bir an əvvəl işinin başına dönməsini gözləməkdən başqa çarəmiz yoxdur.

Tayyip bəy cümə axşamı Ali Hərbi Şuranın qış toplantısında iştirak edəcək, cümə günü isə 3 həftəlik fasilədən sonra Nazirlər Şurasının iclasına sədrlik edəcək.


İmza: Mais Əlizadə, Mənbə: Lent.az

Daha çox


Son xəbərlər