"Qalatasaray" klubunda 70 yaşlı prezident

"Qalatasaray" klubunda 70 yaşlı prezident
DÜNYA FUTBOLU 14 May 2011 / 23:52 3276
-  A +

Türkiyənin "Qalatasaray" klubunun 96-cı seçim dönəmindəki 34-cü prezidenti 70 yaşlı Ünal Aysal olub. Qol.Az-ın məlumatına görə, Aysal seçkini 2998 səslə tamamlayaraq, "sarı-qırmızı" klubun tarixi ərzində ən çox səs alan prezident sayılıb.

"Qalatasaray" litseyinin Tevfiq Fikrət salonunda keçirilən fövqəladə seçki konqresində namizədlərdən Ünal Aysal sarı, Mehmet Helvacı qırmızı, Turqay Kıran isə boz zərflə yarışıb. Bakı vaxtı ilə saat 17:00-da başa çatan səsvermə prosesindən dərhal sonra səslərin sayılmasına başlanılıb. İlk qutudan etibarən səs çoxluğunu əlinə alan Aysal üstünlüyünü sonadək davam etdirib. O, 2998 səs qazandığı halda, Kıran 573, Helvacı 397 səs yığıb. 

Ünal Aysal "Qalatasaray"ın prezidenti postuna seçilməsini özü üçün böyük şərəf adlandırıb. Səsvermədən sonra kürsüyə dəvət edilən Aysal deyib: "Bu gün illərimi verdiyim bu cameədə çox böyük şərəfə nail oldum. Buna görə hamınıza dönə-dönə təşəkkür etmək istəyirəm. Bu gün "Qalatasaray"ımızın bizə hər zamankından çox ehtiyacının olduğu aydındır. Bunu birgə, əl-ələ, qarşılıqlı uzlaşma şəraitində etməliyik. Vəzifəmizin öhdəsindən gələcəyik. Prezident seçilmək bizə böyük güc verdiyi qədər üzərimizə çox böyük məsuliyyət də qoyub. Bunu nəzərə alaraq çalışacağıq. Əvvəlki prezidentimiz Adnan Polata xidmətlərindən dolayı, eləcə də rəqiblərim Mehmet Helvacı və Turqay Kırana təşəkkür edirəm. Bircə vədim var: Uğur, uğur, uğur!"

Qeyd edək ki, Ünal Aysal 1941-ci ildə İstanbulda anadan olub. 1960-cı ildə o, "Qalatasaray" litseyinin məzunu olub. İsveçrə və İstanbul universitetlərinin hüquq fakültəsini bitirib. İngiliscə və fransızca bilir. İş adamıdır. Aysal baş məşqçi postuna Fatih Terim, Mirça Luçesku, Martin Yol və ya Erik Geretsi gətirəcəyinə söz verib. O, İsveç yığmasının futbolçuları Yohan Elmander ("Bolton", İngiltərə) və Behranq Safari ("Bazel", İsveçrə) ilə anlaşıb. Dünya çapında davamlı uğura, heyətdə ulduz futbolçuların yer alacağına, idmandankənar uğurların 50 faiz artımına, mövcud borcun isə ən azı 40 faiz azalmasına söz verib. Aysal 3 il müddətinə prezident səlahiyyətlərini yerinə yetirəcək.      

Son xəbərlər