Nikolay Boqdanov: «Mən indi də Azərbaycan futbolu ilə yaşayıram»

XƏBƏR 27 Yanvar 2009 / 16:46 2870
-  A +

Veteran futbolçu Nikolay Boqdanov AFFA-nın saytına müsahibə verib. Müsahibəni təqdim edirik

- Əvvəlcə Azərbaycan futbolu ilə nə dərəcədə maraqlandığınızı bilmək istərdik.
- Demək olar ki, son 10 il ərzində Azərbaycan futbolunda baş verənlərlə çox yaxından maraqlanıram. Axı bura mənim doğma vətənimdir və ölkə futbolunda yaşananlar məni çox maraqlandırır. Bilirəm ki, indi milli çempionat Premyer Liqa adlanır. Detallarına qədər məlumatlı olmasam da, hər il bir sıra islahatların aparılmasından xəbərdaram. Burada olduğum müddətdə çalışacağam ki, daha ətraflı məlumat toplayım. Yalnız ondan sonra Azərbaycan futbolu ilə bağlı yekun təəssüratım formalaşacaq. Deyilənə görə, son vaxtlar Azərbaycan futbolunda bir çox müsbət dəyişikliklər olub.
- Bəs milli komandamızla maraqlanırsınızmı?
- AFFA-da çalışan dostlarımla hər dəfə zəngləşəndə xahiş edirəm ki, millinin oyunlarının təqvimini mənə göndərsinlər. Ümumilikdə, onlardan çempionatın gedişatı ilə bağlı məlumatlar alıram. Yalnız həmin məlumatlara əsasən deyə bilərəm ki, müsbət dəyişikliklər edilib. Amma necə deyərlər, gərək bunu öz gözlərimlə də görüm ki, tam əmin olum (gülür).
- Bakıda sonuncu dəfə nə vaxt olmusunuz?
- Düz iki il bundan əvvəl. «Neftçi»nin SSRİ çempionatında bürünc medal almasının 40 illiyi münasibəti ilə keçirilən tədbirə dəvət etmişdilər.
- AFFA-nın işini necə qiymətləndirirsiniz?
- Açığı, gördüklərimə heyran qalmışam. 20-30 il bundan əvvəl Bakının bu qədər gözəlləşəcəyi heç ağlıma da gəlməzdi. İqtisadi tərəqqinin gündəlik həyatda hiss edilməsi, ölkə prezidenti cənab İlham Əliyevin idmanın bütün növlərinə xüsusi diqqət göstərməsi çox gözəl haldır. Son iki il ərzində Bakıda olmadığımdan, indi gördüklərim məni müsbət mənada təəccübləndirdi. Yeni yollar, müasir binalar, körpülər… Bu gedişlə Bakı tezliklə nəinki Qafqazın, MDB-nin mərkəzi şəhərlərindən birinə çevriləcək. AFFA rəhbərliyinə gəlincə, burada Futbol akademiyasının inşa olunduğunu gördüm. Mənə dedilər ki, akademiya 7-8 aya tikilib. Açığı, bu qədər qısa müddət ərzində belə bir kompleksin inşa edilməsi möhtəşəm bir işdir. Amma böyük uğurlar üçün daha çox çalışmaq, daha çox meydançalar salmaq lazımdır. Premyer Liqada iştirak edən komandaların hər birinin stadionunun olması ilə bağlı AFFA-nın irəli sürdüyü şərti oxudum. Çox düzgün addımdır. Futbolun inkişafını istəyiriksə, problemlərə bu cür yanaşmalıyıq. Məncə, seçilən yol, istiqamət düzgündür.
- Hal-hazırda nə işlə məşğulsunuz?
- Demək olar ki, heç bir işlə məşğul olmuram. İndi yalnız idmanda baş verənləri izləyirəm. Çünki artıq təqaüdə çıxmışam. Hərçənd daxilən özümü təqaüdçü saymıram. Amma yaş da sözünü deyir (gülür). Odur ki, istirahət edirəm.
- Bildiyimizə görə, Bakıya AFFA rəhbərliyinin dəvəti ilə gəlmisiniz.
- Bəli, elədir.
- Belə bir dəvət alacağınızı gözləyirdinizmi?
- Xeyr, gözləmirdim. Açığı, martda özüm gəlmək istəyirdim. Çünki valideynlərimin, qohumlarımın buradakı qəbirlərini ziyarət etmək, dostlarımla görüşmək istəyirdim. Elə oldu ki, AFFA-dan zəng edib Bakıya qonaq çağırdılar. Dedilər ki, Azərbaycanda mini-futbolun yaranmasının 40 illiyinə həsr olunmuş tədbirə dəvət edirlər. Düzü, mənim mini-futbola müəyyən qədər aidiyyatım var. Çünki təqaüdə çıxana qədər Ukrayna Futzal Federasiyasında işləyirdim.
- Bəs özünüz mini-futbolla məşğul olmusunuz?
- Xeyr, axı mən ustalardan ibarət futbol komandasında oynayırdım. Amma məşqlərimizi, hazırlığımızı kiçik ölçülü meydançalarda keçirdik.
- Ölkə xaricindən Azərbaycan futbolu necə görünür?
- Qlobal dəyişikliklər baxımından yanaşsaq, hələ ki böyük uğur yoxdur. Amma həm ölkə, həm də AFFA rəhbərliyi son 2-3 ildə görülən işləri bu cür davam etdirsə, inkişaf olacaq. Futbol hər an təbliğ olunmalı, kütləvi idman növünə çevrilməlidir. Xarici ölkələrdə telekanallar var ki, 24 saat ərzində futbol verilişləri yayımlayırlar. Bizdə də bu cür olmalıdır. Uşaqdan tutmuş böyüyə kimi hamı futbolla nəfəs almalıdır. Bunun üçün isə reklama, təbliğata çox diqqət ayırmaq lazımdır.
- Azərbaycan futboluna nə kimi köməyiniz dəyə bilər?
- Mən onsuz da daxilən Azərbaycanla, onun futbolu ilə yaşayıram. Hərdən gözlərimi yumur və futbol oynamağa başladığım uşaqlıq illərimi xatırlayıram. Buradan ayrıldığım günü xatırlayıram. Əlbəttə, həmişə Azərbaycan və onun futbolu haqda düşünürəm. Əvvəlki illərdə də inkişaf hiss olunurdu, amma bu, 1-2 il davam edirdi. Amma indi AFFA-nın yeni rəhbərliyi var və dediyim kimi, tutduqları yol düzgündür. Buna görə də, Azərbaycan futbolunda inkişafın davamlı olacağına çox ümid edirəm və özüm də əlimdən gələn köməkliyi göstərməyə hazıram.
- Səhv etmirəmsə, Ukraynada yaşayırsınız.
- Bəli, paytaxt Kiyevdə yaşayıram.
- Keçmiş SSRİ ölkələrindən Ukrayna, Latviya və Rusiya yığmaları dünya və Avropa çempionatlarının final mərhələlərində iştirak etdiyi halda, digər MDB məkanı ölkələrinin komandaları buna nail ola bilmirlər. Sizcə, bunun səbəbi nədir və Ukrayna ilə Azərbaycan futbolunu müqayisə edə bilərsinizmi?
- Əvvəla, hər ölkənin öz məktəbi var. Azərbaycan futbolu Ukrayna futbolundan çox fərqlənir. Ukraynada daha çox praqmatik oyuna üstünlük verirlər. Bu oyun üslubu hardasa Avropa futboluna yaxındır. Amma SSRİ yığmasının özəlliyi nə idi, bilirsinizmi? O komanda müxtəlif ölkələrdən, yəni fərqli futbol məktəbi keçmiş futbolçulardan qurulmuşdu. SSRİ dağılandan sonra ittifaqa daxil olan ölkələrdə hər sahədə olduğu kimi, futbolda da boşluqlar yarandı. İndi Ukrayna futbolu ilə Azərbaycan futbolunu birləşdirən bir şey var: həm orda, həm də burda problemlər qalmaqdadır. Bu problemlər gərgin əmək sayəsində həll edilə bilər. Bir də insana yanaşma tərzi orada fərqlidir. Məsələn, əminəm ki, keçmiş futbolçulardan kim istəsə, AFFA-ya gələr və burada hörmət-izzət görər. Amma Ukrayna Futbol Federasiyasına gedəndə soruşurlar ki, niyə gəlmisən, nə istəyirsən və s. Baxmayaraq ki, mən 9 il Ukrayna Futbol Federasiyasında, 4 il isə Ukrayna Mini-Futbol Federasiyasında işləmişəm. Yəni 13 il can qoymuşam. Amma nədənsə, onların veteran futbolçulara münasibətləri fərqlidir.
- Kiyevə nə vaxt qayıdacaqsınız?
- Yəqin ki, gələn həftənin bazar ertəsi qayıdacağam. Amma istəsələr, bir az da qala bilərəm (gülür).
- Fevralın 14-də Azərbaycan Premyer Liqasında ikinci dövrəyə start veriləcək. Qalıb oyunlara baxmaq istərdinizmi?
- Əlbəttə. İmkanım olsa, hər turun oyunlarına baxaram.
- Hələ də «Neftçi»yə azarkeşlik edirsiniz?
- Əlbəttə. Məni yetişdirən kluba necə azarkeşlik etməyə bilərəm?
- Bəs məsələn, Kiyev «Dinamo»su ilə «Neftçi» Çempionlar Liqasında qarşılaşsa, kimə azarkeşlik edərsiniz?
 - Sözsüz ki, gözəl futbola (gülür).

Daha çox


Son xəbərlər