Dövlət Proqramı futbolumuza nə verdi?

Dövlət Proqramı futbolumuza nə verdi?
FUTBOLUN TARİXİ 26 Dekabr 2017 / 18:28 6605
-  A +

Ötən gün gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Azərbaycanda Futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanacağını bildirdi. Proqramın 2018 və ya 2019-cu ildə qəbul olunması gözlənilir.

Təbii ki, dövlət tərəfindən futbolun inkişafı üçün bu cür addımların atılması sevindiricidir. Ancaq burada hazırlanan Dövlət Proqramından necə istifadə edilməsi əsas şərtdir. Biz artıq  Azərbaycanda Futbolun inkişafına dair Dövlət Proqramının bir mərhələsini geridə qoymuşuq. 2005-ci il oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı.

Bu proqram futbolumuza nə verdi? Əslində Dövlər Proqramına nəzər salanda futbolun inkişafı üçün əsas istiqamətlərin mükəmməl seçildiyini görürük.

Seçilən əsas istiqamətlərə nəzər salaq:

1) təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastrukturunun yaradılması;

2) təhsil müəssisələri üçün futbol üzrə tədris proqramlarının işlənib hazırlanması; 

3) futbol üzrə metodik vəsait və tövsiyələrin hazırlanması;

4) ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;

5) şagird və tələbələrin futbol üzrə çempionatlarının təşkil edilməsi;

6) məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi;

7) mövcud və yeni açılacaq uşaq-gənclər idman və internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması;  

8) Ölkənin bütün bölgələrində istedadlı uşaqlar üçün futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinin yaradılması; 

9) milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi;

10) Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nəzdində müasir avadanlıqla təchiz olunmuş tibbi-bərpa mərkəzinin yaradılması;

11) futbol üzrə mütəxəssislərin hazırlanması sisteminin təkmilləşdirilməsi;

12) idmanın ən kütləvi və nüfuzlu növü olan futbolun təbliğ etdirilməsi; 

13) futbolun inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

Göründüyü kimi, seçilən istiqamətlər çox gözəldir. Proqramın  hərtərəfli hazırlandığını, Azərbaycan futbolunun problemlərini əhatə etdiyini və onlardan çıxış yolu tapmaq üçün düzgün istiqamətlər müəyyənləşdirildiyini görmək mümkündür. Hətta demək olar ki, yuxarıda qeyd olunanların yarısı həyata keçirilsəydi, futbolumuz indikindən çox irəlidə olardı. Ancaq təəssüf ki, 10 ili əhatə edən Dövlər Proqramında nəzərdə tutulan görülməli işlərin cüzi hissəsi görüldü. Xüsusilə uşaq futbolu ilə bağlı seçilən istiqamətdə əməli işlərin şahidi olmadıq. Hər halda 10 il az bir müddət deyil. Qəbul edilən Dövlət Proqramı təcrübədə də həyata keçirilsəydi, gələcəyə nikbin baxa bilərdik.

Futbol mütəxəssislərinin hazırlanması də Dövlət Proqramının tərkib hissəsi idi. Ancaq bu sahədə də ciddi çatışmazlıqlar qalmaqdadır. Millimizin yeni baş məşqçisi Qurban Qurbanov da bir neçə gün əvvəl keçirdiyi  mətbuat konfransında bu mövzuya toxundu. O, futbolçudan əvvəl mütəxəssislərin yetişdirilməli olduğunu bildirdi - məşqçi, həkim və hətta masajçı. Qurbanov qeyd etdi ki, bu gün nə idman həkimimiz var, nə də fizioterapevtimiz.

Milli yığma komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və Dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi də 2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının əsas istiqamətlərindən idi. Ancaq milli komandalarımız bu illər ərzində hər hansı bir uğura imza atmadı.

Son illər ərzində klub səviyyəsində qazandığımız müəyyən uğurlarla təsəlli tapa bilərik. Ancaq bu uğurlar klub idarəçilərinin, baş məşqçilərin düzgün işinin nəticəsidir. Yəni misal üçün, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparması və bu turnirdə Madrid “Atletiko”sundan xallar alması sırf klubun düzgün strategiyasının nəticəsidir.  

Mövzumuzla bağlı futbol mütəxəssisi Tahir Süleymanovla danışdıq. “Neftçi”nin sabiq vitse-prezidenti dövlət tərəfindən futbola ayrılan vəsaitdən düzgün istifadə edilmədiyini bildirdi:

“Azərbaycan futbolunun 25 illik müstəqillik dönəmini iki hissəyə bölmək olar. Çox ciddi mübarizədən, qəti addımlardan sonra 2004-cü ildə AFFA-da böyük dəyişiklər oldu, futbola  qayğı artdı. Bunun nəticəsində 10 illik dövlət proqramı qəbul olundu. Yeni imkanlı klublar yaradıldı, stadionlar inşa edildi. İctimaiyyət arasında futbola inam yarandı. Ölkə çempionatının oyunlarında stadionlara 15-20 min azarkeş gəlirdi. Azərbaycan şərtlərini nəzərə alsaq, futbola çox böyük maliyyə ayrılırdı. Proqramın qəbul edilməsi bir, onu təcrübədə həyata keçirmək isə tam fərqli anlayışlardır. Təəssüf ki, bu illər ərzində federasiya və klublara təsadüfi, futboldan xəbəri olmayan insanlar gəldi. Futbol idarəçiliyini bilməmək, şəxsi maraqlar fonunda ictimaiyyət arasında futbola inam azaldı, tribunalar boşaldı. Bu azmış kimi klublar da bir-bir dağılmağa başladı. Çox böyük təzad yaranmışdı. Bir tərəfdən dövlət qayğısı, digər tərəfdən isə futbolun tənəzzülü. Federasiya tərəfindən ortaya qoyulan bütün layihələr uğursuzluqla nəticələndi. Durum o həddə çatdı ki, on illərdi millilərdə çalışan məşqçilər "futbolçu yoxdur" deyərək imdad etdilər. Milyonlar xərclənən futbolumuzda səviyyəli oyunçular yetişmir, uşaq futbolunda dirçəliş baş vermirdi. Federasiya ideoloqları külli miqdarda vəsait hesabına Eddi İsrafilov kimi legionerləri milliləşdirir, Foqts, Lippertə milyonlar xərcləyirdi. Yeganə təsəlli dövlətin nüfuzu ilə müxtəlif beynəlxalq yarışların Azərbaycanda təşkili, 2020-ci ildə Avropa çempionatı oyunlarına ev sahibliyinin qazanılması idi.

“Dövlət proqramına uyğun ayrılan milyonlarla vəsaitin fonunda daha böyük uğurlar qazanılmalı idi”

Ümumi futbola inamsızlığın son həddə çatdığı dönəmdə klub səviyyəsində uğurların qazanılması oldu. Paradoks idi. Bir tərəfdə klublar dağılır, digər tərəfdə tarixi qruplar qazanılırdı. Bu hal onu göstərirdi ki, qazanılan uğurlar futbolda aparılan strategiyanın yox, klublarda çalışan insanların iddiası, bacarığı, peşəkarlığı səviyyəsində baş verirdi. 2012-ci ildə "Neftçi"dən  başlayaraq Avroliqanın qrupları davamlı təmin olunur. "Qarabağ" və "Qəbələ" bu yolu davam etdirirdi. Bu mövsüm isə "Qarabağ"ın timsalında daha bir tarixi uğura imza atıldı. Çempionlar Liqasının qrupu təmin edildi. Qrupda layiqli oyunların nəticəsində Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olundu. Son 10-12 ildə Azərbaycan futbolunun ciddi nəticələri bunlar oldu. Dövlət proqramına uyğun ayrılan milyonlarla vəsaitin fonunda daha böyük uğurlar qazanılmalı idi.


Tahir Süleymanov

T.Süleymanov futbolun inkişafında dair yeni Dövlət Proqramının hazırlanmasınn vacib olduğunu düşünür: “Yeni dövlət proqlamının qəbul olunması müsbət hal olacaq. Nəzərə alsaq ki, uşaq-gənclər futbolu bərbad durumdadır, bölgələrdə futbol məhv edilib, çempionatda cəmi 8 komanda çıxış edir, yeni proqramın qəbulu mütləqdir.

Son 10-12 ildəki səhvlərdən nəticə çıxarılmalı, ayrılan vəsait düzgün istiqamətləndirilməli, layiqli futbol mütəxəssisləri işə cəlb olunmalı, inkişafı təmin edəcək layihələr hazırlanmalı və təcrübədə həyata keçirilməlidir. Əks halda daha bir 10 il də hədər gedəcək və yenidən 100-lərlə istedadlar üzə çıxmadan məhv ediləcək.

Qeyd etdiyim klubların uğurları bir daha sübut etdi ki, düzgün işlər görülərsə, Azərbaycan futbolunda böyük nailiyyətlər qazanıla bilər.

Azərbaycan futbolunun potensialı daha böyük uğurlar qazanmağa imkan verir. Yetər ki, yaradılan şəraitdən şəxsi məqsədlər üçün deyil, Azərbaycan futbolunun inkişafı üçün düzgün istiqamət götürülsün, işlər görülsün”.

2005-2015-ci illəri əhatə edən Dövlət Proqramının müzakirəsini Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilovla davam etdirdik. O da 10 illik proqramın düzgün icra edilmədiyini və yeni yaradılacaq proqramın tətbiqində peşəkar və dürüst insanların təyin edilməli olduğunu qeyd etdi:

“2005-2015-ci illər proqamı Azərbaycan futboluna çox böyük fayda verə bilərdi, ancaq  gözlənilən qədər olmadı. Çünki dövlətdən ayrılan imkanlar doğru istiqamətə sərf edilmədi. İşlər görüldü, ancaq bu zaman kəsiyində daim bu haqda yazdıq- əksər işlər görüntü xatirinə oldu.

Bu müddətdə milli komandalara məşqçi təyinatlarında ictimaiyyətin marağı nəzərə alınmadı. Çox miqdarda maliyyə itirdik, ancaq faydası olmadı. Sistem yarada bilmədilər. Çünki məsul şəxslər daha çox öz qazancını düşündü.


Elçin Cəlilov

İctimai nəzarət mexanizmi tam yox səviyyəsində, medianın tənqidləri, ifşaları nəticəsiz qalırdı.

İndi yeni dövlət proqramı hazırlandığı haqda xəbər çıxıb. Əsas məsələ bu proqramın tətbiqində peşəkar və dürüst insanların təyin edilməsidir. Hökumət təkcə proqramı hazırlayıb, maliyyə ayırmağa yox, eyni zamanda işləklik mexanizmini hazırlamağa da təşəbbüs göstərməlidir”.

Sözsüz ki, sorğumuzu davam etdirsək, çoxları Dövlət Proqramının düzgün şəkildə həyata keçirilmədiyini bildirəcək.

İnanaq ki, yeni yarıdalacaq Dövlət Proqramı daha düzgün şəkildə icra ediləcək. Hər halda Qurban Qurbanovun milli komandamıza gəlişi bundan sonra ən azından bütün yaş qrupları üzrə yığmalarımızda əvvəlki problemlərin aradan qaldırılacağına ümid yaradır. Futbolumuzun digər sahələrinə də bu cür diqqət göstərilsə, növbəti Dövlət Proqramının sonunda nikbin fikirlər səsləndirə bilərik.

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"