Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi

Premyer Liqamızın ürəkağrıdıcı mənzərəsi
FUTBOLUN TARİXİ 14 Avqust 2017 / 16:00 10601
-  A +

BİRİNCİ YAZI

Ötən həftə Topaz Premyer Liqasında yeni mövsümə start verildi. Bəli, azarkeşlər növbəti dəfə cəmi 8 komandalı çempionatı izləməli olacaq. Artıq ikinci ildir ki, Premyer Liqamızda bu xoşagəlməz mənzərinin şahidiyik. Məsələnin ən pis tərəfi isə odur ki, bölgə təmsilçilərimizin sayı azdır. Bu 8 komandanın yarısı Bakını təmsil edir. Digər 4 komandaya gəldikdə isə “Qarabağ” məlum səbəbdən məcburən  Bakıda məskunlaşıb. “Sumqayıt”ı da bölgə klubu adlandırmaq düzgün olmaz. Qalır “Qəbələ” və “Kəpəz”.

Maraqlıdır ki, ölkəmizdə iqtisadi-siyasi vəziyyətin yaxşı olmadığı bir vaxtda – 1992-ci ildə yaradılan Azərbaycan çempionatı 26 komanda ilə start götürüb. Sonrakı illərdə isə 18,16 və uzun müddət 14 komandalı çempionatımız olub. Daha sonra komandaların sayı 12-ə enib. İndiki qədər az komanda ilə keçirilən çempionatımız isə olmayıb.

Gəlin, 1990-cı illərdə çempionatda iştirak edən klublarımızın hansı bölgələri təmsil etdiklərinə baxaq: “Turan” (Tovuz), “Kür” (Mingəçevir), “İnşaatçı” (Sabirabad), “Kürmük” (Qax), “Ümid” (Cəlilabad), “Şahdağ” (Qusar), “Avey” (Ağstafa) , “Viləş” (Masallı), “Xəzər” (Lənkəran) , “Daşqın” (Zaqatala), “Pambıqçı” (Bərdə), “Plastik” (Salyan), “Şirvan” (Şamaxı), “Avtomobilçi” (Yevlax), “Çıraqqala” (Siyəzən), “Şəmkir” “Göyəzən” (Qazax), “Energetik” (Əli-Bayramlı), Şirvan (Kürdəmir).

İndi bu komandaların heç olmasa yarısı çempionatımızda iştirak etsəydi, görün nə qədər maraqlı yarışın şahidi olardıq. Yəqin ki, çempionluq uğrunda yalnız “Qarabağ” və “Qəbələ” yox, 5-6 komanda mübarizə aparardı.

Göründüyü kimi, o vaxt Azərbaycanın müxtəlif bölgələri öz komandası ilə çempionatda təmsil olunub. İndi bu siyahıda olan klubların çox az bir qismi fəaliyyətini davam etdirir. Təəssüf ki, onlar da yüksək liqada yox, birinci divizionda mübarizə aparır.

Bir vaxtlar Azərbaycan futbolunda at oynadan “Bakı” və “Xəzər Lənkəran”ın artıq yalnız adı qalıb. “Bakı” həvəskarlar liqasında çıxış edir, Lənkəran klubu isə fəaliyyətini dayandıraraq Azərbaycan futbolunda boşluq yaratdı. Bu klubların indiyədək yetişdirdikləri oyunçulara nəzər salanda, bir neçə ildir futbolumuzun nələr itirdiklərini anlamaq mümkündür.

Bir də iki il divizionda çempion olmağına baxmayaraq Premyer Liqaya buraxılmayan “Neftçala” var idi. Artıq bir ildir, bu klub da tarixin yaddaşına həkk olunub. Komandaya qızıl medalları qazandıran baş məşqçi Kamal Quliyev idi. Millimizin sabiq üzvü ilə mövzumuzla bağlı danışdıq. O, əvvəlcə problemdən çıxış yolu haqda fikirlərini bildirdi.

- Bu problem sırf maliyyə ilə bağlıdır. Bizdə bütün idmanımızda maliyyəçi şirkət yalnız Dövlət Neft Şirkətidir. Ancaq belə olmaz. Layihə hazırlamaq və bir çox şirkətləri futbola cəlb etmək olar. Bildiyiniz kimi, bizim dövlət başçımız idmana qayğı göstərən insandır. Şirkətlərə dövlət tərəfindən bir qədər vergi və ya müxtəlif ödəniş baxımından güzəşt olunsa, inanın ki, onlar bir-birinin bəhsinə bölgələrimizdə olan klublarımızı ayağa qaldırarlar. Ancaq indiki halda bütün yük Dövlət Neft Şirkətinə düşür. Bunu proqramlı şəkildə həll etmək olar. İllərdir bu fikir məndə var. Bir layihə hazırlayıb, ölkə prezidentinə təqdim etsək, mütləq bəhrəsini görərik. Futbol ənənəsi olan bölgələrimizi birbaşa Premyer Liqamıza qaldırıb komandalarımızın sayını artıra bilərik. Baxın, Qusar bu gün böyük futboldan uzaq düşüb. Qusardan xal gətirmək çox çətin idi. “Viləş” (Masallı) də onun kimi. “Şəmkir”, “Turan” “Karvan” kimi  komandalarımız qıraqda qalıb. Yevlaxda o cür baza, inkfastruktur yiyəsiz qaldı.

Qeyd etdiyim ideyanı həyata keçirmək olar. Müəyyən yerli və xarici şirkətlərdə klublara qarşı maraq oyatmaq mümkündür. Bunun üçün dövlətin onlara cüzi güzəşt etməsi kifayətdir. 8 komandalı çempionat olmaz. Milli komandaya futbolçunu daxili çempionatdan seçirlər. 8 komandadan nə futbolçu çıxacaq?


Kamal Quliyev

K.Quliyev “Neftçala”nın dağılmasının səbəbini özü də anlamadığını deyir: “Neftçala”nın məhv olmasına, o uşaqların itib-batmasına o qədər təəssüflənirəm ki... O futbolçular oynasaydılar, indi hərəsi bir Premyer Liqa klubunda çıxış edirdi.

Onu deyim ki, “Neftçala”da maliyyə problemi olmadı. Mənə də bəlli olmayan səbəbdən klub fəaliyyətini dayandırdı.

“Neftçala” da futbol ənənəsi olan bölgələrimizdəndir. Ancaq son vaxtlar oranın insanları futbola qəti maraq göstərmirdilər. Mən düşüb qapı-qapı azarkeşlərlə görüşürdüm ki, oyunumuza gəlsinlər. İcra hakiminin qəbulunda da oldum. Düşündüm ki, rayon rəhbərliyi oyuna gəlsə, bəlkə azarkeşlər də maraq oyanar. Ancaq xeyri olmadı. Stadionda azarkeş tapmırdım. Həmişə 5-6 ağsaqqal kişi, 3-4 cavan uşaq gəlirdi. Ancaq əvvəllər “Neftçala”nın oyunlarında çox böyük azarkeş kütləsi olurdu. Yəni futbol elə bir səviyyəyə gəlib ki, artıq müəyyən azarkeşlərin marağı azalıb. 

“Birinci divizionda Tovuzdan başqa hansı stadiona 5 min tamaşaçı gəlib?”

Ən son birinci divizionun çempionu olub, Premyer Liqada iştirak edə bilməyən komanda isə “Turan Tovuz”dur. Bu klub haqda əvvəlki yazılarımızda geniş söhbət açmışıq. Odur ki, bu dəfə sırf azarkeş mövqeyini öyrənmək istədik. Komandanın ən sadiq, təcrübəli azarkeşlərindən olan Fikrət Məmmədovla danışdıq. Məktəbdə fiziki tərbiyə müəllimi işləyən Tovuz sakininin ürəyi dolu idi. O,”Turan Tovuz”un hazırkı durumunun artıq ordakı insanlarda ruh düşkünlüyü yaratdığını bildirdi:

“Tovuzun bir futbol rayonu olduğunu hər kəs qəbul edir. İstər Sovet vaxtı, istərsə də müstəqillik dönəmində Tovuz futbolu ölkədə daim sayılıb-seçilənlərdən olub. Müstəqillik dövründə yaranan ilk peşəkər klub məhz "Turan"dır. Biri çempion olmaqla ilk 4 ilin medalçısı da olub. Avrokuboklarda Azərbaycanı ilk olaraq "Turan" təmsil edib. Ölkəyə çoxlu sayda futbolçu bəxş edən komandadır “Turan”.

Canı qədər sevdiyi futbola ilk yardımı Vidadi Əhmədov etdi və gözəl nəticələr qazanıldı. Sonra dəyərli eloğullarımız bu uğuru inkişaf etdirməyə çalışdılar. Amma nə yazıq ki, rayonun cəbhə bölgəsində yerləşməsi buradakı iş adamlarına istədikləri işləri tam qura bilmədiklərindən "Turan"nın maliyyə mənbələri azaldı və komanda birinci dəstəyə düşdü.

Ötən il isə rayon rəhbərliyinin və AFFA-nın dəstəyi ilə komanda yenidən yaxşı nəticə göstərib, birinci divizionun qalibi oldu. Çox sevindik ki, böyük futbol yenidən Tovuza dönür. Amma arzumuz ürəyimizdə qaldı. Səbəbini bilmədik. Hərə bir söz dedi. Azarkeşlər arasında çox böyük ruh düşkünlüyü yarandı. Birinci divizionda Tovuzdan başqa hansı stadiona 5 min tamaşaçı gəlib? “Turan”ın oyununa  baxmaq üçün Ağstafa, Qazax və Şəmkirdən nə qədər azarkeşlər gəlirdi. Tovuzda oyun olanda bir toy-bayram əhvalı olurdu. Küçədə rastlaşan iki nəfər salamdan qabaq “komandadan nə xəbər” deyə soruşurlar.
Biz düşünürdük ki, "Turan"ın Premyer Liqaya çıxması ilə futbolumuz yeni dönəmə qədəm qoyur. Bunun üçün hər cür əsasımız var. Bütün yaş qrupları üzrə komandalarımız, meydançası beynəlxalq standartlara cavab verən stadionumuz, üstü örtülü tribunamız və ən əsası futbolu dərindən bilən və analiz edən azarkeşlərimiz var. Əgər komanda yüksək liqaya çıxmış olsayadı, sərhəd bölgəsinə diqqət bir az da artardı və əhalinin buraya daha dərindən bağlanmasına səbəb olardı.




Təəssüf ki, azarkeşlərinin sayı klubda çalışanların sayında çox olmayan komandalara diqqət daha çox oldu. Bölgələrdə şəhərə nisbətən az iş yerləri olduğundan, kənd yerlərində insanların asudə vaxtlarını səmərəli keçirmələri baxımından, müxtəlif əyləncələrin bölgələrdə az olmasına görə burada  futbola maraq daha çoxdur. Bunun bariz nümunəsidir ki, Premyer Liqada oynayan futbolçuların böyük əksəriyyəti bölgələrdə ilk addımlarını atanlardır. Bu gün futbolun mərkəzləşdirilməsini görürük. O üzdən tamaşaçı azlığı müşahidə edilməkdədir. İstənilən idman yarışı isə əslində tamaşaçı üçündür. Dünya futbolunda ən ağır cəza boş tribunalarda keçirilən oyun hesab olunur. Qaytarın futbolu bölgələrə. Qazandığınız yeni-yeni futbolçular, yüksək ab-hava, xalqın birliyi və Vətəni sevmə amalı olacaq. Bəli, yanlış duymadınız, Vətəni yaxşı azarkeşlər daha çox sevirlər.

Düzü komandanın Premyer Liqadan kənarda qalması bizi çox məyus etdi. Bakıda tələsik yaradılan klublar hanı? Amma "Turan" pulsuz qaldı, yenə oynadı. Bizi zorla sıravi bir komandaya çevirdilər. İstənilən halda "Turan" mütləq dirçələcək, yenidən futbol aləmində söz sahibi olacaq. Buna zərrə qədər də şübhəm yoxdur.


Ramiq AĞAMƏMMƏDOV

Bu yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı