"Azərbaycansayağı künc zərbəsi" necə yarandı?

"Azərbaycansayağı künc zərbəsi" necə yarandı?
FUTBOLUN TARİXİ 10 İyun 2017 / 13:50 10322
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Azərbaycan futbol ölkəsi deyil. Ancaq bu gün bir çox ölkədə tətbiq olunan bir futbol elementi var ki, onun adı Azərbaycanla bağlıdır. Söhbət “azərbaycansayağı künc zərbəsi”ndən gedir. Dəfələrlə milli komandamız və klublarımız beynəlxalq oyunlarda bu ev tapşırığından istifadə edib və müəyyən vaxtlarda bəhrəsini görüb. Budəfəki yazımız Vaqif Sadıqovun müəllifi olduğu bu taktikaya həsr olunub.

Milli komandamızın sabiq baş məşqçisi əvvəlcə məşhur künc zərbəsini hazırlamağının tarixçəsindən danışdı:

“Mən “Neftçi”yə gedən gündən standart vəziyyətlər üzərində çalışırdıq. 1994-cü ildən bu künc zərbəsindən çempionatda istifadə etməyə başladıq. O vaxt üç cür variant var idi. Haqqında danışdığımız variant uğurla sınaqdan keçdiyi üçün bunun üzərində dayandıq və getdikcə təkmilləşdirdik. Bu ev tapşırığının adı  “birinci” oldu. Məsələn, oyun vaxtı futbolçu günc zərbəsi nöqtəsinə yaxınlaşanda “birinci” deyir və hamı başa düşür ki, artıq hansı taktikanı yerinə yetirmək lazımdır.

Başqa bir variantda künc zərbəsindən ötürülən topu bir futbolçu buraxırdı, digəri zərbə endirirdi. Bundan bir müddət istifadə etdik. Sonra gördük ki, bunu bir qədər təkmilləşdirmək imkanımız var. Digər variantda isə futbolçu künc zərbəsindən ötürülən topu cərimə meydançasında olan komanda yoldaşına verirdi. Daha sonra bu taktikanın üzərində bir qədər də işlədik və sonuncu variant özünü doğrultdu. Bu, demək olar ki, bütün Avropada, bəlkə də dünyada məşhur olan künc zərbəsi oldu. Çox şad oldum ki, bu taktikadan Azərbaycanda bütün komandalar və millimiz istifadə etməyə başladı. Bu künc zərbəsini təlim-məşq toplanışlarında müxtəlif ölkələrdə tədbiq etdik”.  

Bu “ev tapşırığı”nı Vaqif Sadıqov çempionatda ilk dəfə 1994-cü ildə “Neftçi”nin baş məşqçisi olduğu vaxtda Bərdənin “Pambıqçı" klubu ilə oyunda tətbiq edib. Sadıqov 17 il əvvəl vurulan qolu belə xatırlayır: “Künc zərbəsini Yunis Hüseynov yerinə yetirdi. O, sol ayaqla çox yaxşı oynayırdı. Adətən künc zərbəsini sağdan yerinə yetirirdik. Yunisin küncdən ötürməsindən sonra əvvəlcə Bəxtiyar Musayev, sonra isə Mirbağır İsayev topu buraxdı. Cərimə meydançasına gələn Yaşar Vahabzadə isə dəqiq zərbə ilə qol vurdu. Əvvəllər bu, adi künc zərbəsi kimi qəbul olunurdu. Buna görə də bu taktikadan ilk dəfə istifadə edəndə o qədər marağa səbəb olmamışdı. Ancaq getdikcə buna maraq artdı”. 

Milli komanda səviyyəsində bu taktikadan ilk dəfə 1994-cü il Trabzonda  Avro-96-nın seçmə mərhələsində İsrailə qarşı oyunda istifadə edilib. Ancaq taktiki gediş qolla nəticələnməyib. Daha sonra millimiz Fransaya faciəvi məğlubiyyəti (0:10) zamanı da bu ev tapşırığına əl atıb. 1995-ci ildə Oserdə keçirilən oyunun ilk dəqiqələrində Rasim Abışovun zərbəsini rəqib qapıçısı Bernar Lama dəf edib. Daha doğrusu, top qapıçının alnına dəyib, geri qayıdıb. Bu künc zərbəsi fransızları təəccübləndirib. Hətta azarkeşlər bu taktiki gedişə görə komandamızı alqışlayıblar.

2006-cı ilin avqustunda millimizin İranla yoxlama oyununda da bu ev tapşırığından istifadə olunub. Elvin Məmmədovun künz zərbəsindən sonra Vladimir Levinin zərbəsini qapıçı dəf edib. 2008-ci ildə Uelslə səfər matçında isə Rəşad Sadıqovun zərbəsi dəqiq olmayıb. 2010-cu ildə İspaniya ilə Bakıdakı yoldaşlıq görüşündə də əvvəlcə Rəşad, sonra isə Mahir Şükürov künz zərbəsini qola çevirə bilməyib.

Beynəlxalq oyunlarda ilk “azərbaycansayağı künc zərbəsi”

1997-ci ildə Vaqif Sadıqovun rəhbəri olduğu U-18 millisi Avstriya üzərindəki tarixi qələbəsində qolu bu taktika sayəsində vurub. Sadıqov bunun beynəlxalq miqyasda “birinci” vasitəsi ilə vurulan ilk qol olduğunu qeyd edib:

“Bundan başqa, MDB ölkələrinin kuboku yarışında Yaşar Vahabzadə Tacikistan çempionun qapısından belə bir qol keçirib. 1997-ci ildə Türkmənistan millisi ilə Bakıdakı qarşılaşmada Rasim Abışov rəqibə bu taktika ilə qol vurub. 1999-cu ildə Estoniya ilə matçda da bu tapşırığı yerinə yetirib qol vurmuşduq. Həmin oyunu Rusiyanın “Krılya Sovetov” klubunun məşqçiləri də izləyirdi. İki gün sonra həmin klub yoldaşlıq görüşü keçirirdi. Onlar da həmin taktikadan istifadə etdilər.

Mən “Anji”də işləyəndə də bu künc zərbəsindən istifadə edirdik. “Anji”nin məşqçiləri deyirdi ki, Dağıstana gələn bütün yığma komandalar, aşağı yaş qrupundan tutmuş əsas millilərə qədər hamısı bu künc zərbəsini yerinə yetirir”.

“Azərbaycansayağı künc zərbəsi”ndən ən çox qol vuran futbolçu

Bu taktika ilə ən çox qol vuran millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovdur.  UEFA kubokunun ilk təsnifat mərhələsinin cavab matçında Avstriyanın “Rid" klubunu qəbul edən “Neftçi” bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilən görüşün ilk hissədə Rəşad Sadiqovun künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Rəşad Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstiyalıları məyus edib.

2008-ci ildə  İntertoto Kubokunda “Neftçi" Slovakiya təmsilçisi “Nitra" ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda  “Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Rəşad Sadıqov vurub.

Haqqında söhbət açdığımız taktika ilə vurulan ən yadda qalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində millimiz DÇ-2012-in seçmə mərhələsində güclü Türkiyə yığmasına qalib gəlməyi bacarmışdı. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilən görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topun kapitana buraxmışdı. Rəşad Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salmışdı. Bu, oyunda vurulan yeganə qol idi.  Bu qol və ümumilikdə oyun haqda bizdən daha çox Türkiyə mediası yazmışdı. Həmin dövrdə Türkiyənin “Əskişəhərspor” klubunda çıxış edən Rəşad vurduğu qol haqda yerli televiziya kanallarının birinə açıqlama vermişdi. O, “azərbaycansayağı künc zərbəsi”nin effektli olduğunu və bu taktikadan istifadəni “Əskişəhərspor”a da təklif etdiyini bildirmişdi.    



Rəşadın türkləri çaş-baş salan qolu

V.Sadıqov üçün də Azərbaycan – Türkiyə oyunu yaddaqalan olub: “Gözəl hislər keçirdim. Sevinirəm ki, bu qələbədə mənim də hansısa formada bir payım olub. Çox şadam ki, bu tapşırıq Azərbaycan futboluna öz damğasını vurub. Həmin qələbədən sonra çox adam mənə zəng edib təbriklərini çatdırdı. Əsas odur ki, qazanan Azərbaycan futbolu olub.

R.Sadıqov Avropa Liqasında da “azərbaycansayağı künc zərbəsi”ni qolla tamamlayanlardandır. Ağdam klubunun kapitanı 25 avqust 2016-cı ildə Bakıda İsveçin “Göteborq” klubunun qapısına yol tapıb. Avropa Liqasının pley-off mərhələsnin cavab matçının ilk hissəsində Almeydanın küncdən ötürdüyü topu “Qarabağ”ın iki futbolçu buraxaraq Rəşadın zərbə vurmağına imkan yaradıb. Belə zərbələrinin mahir ifaçısı isə bu dəfə də fürsəti əldən verməyib.



Rəşadın "Göteborq"a vurduğu möhtəşəm qol

Bu taktika Vaqif Sadıqovun beyninin məhsulu olsa da, o, bunu tək öz adına yazmaq istəmədiyini deyir: “Getdikcə görürük ki, bu taktikadan məşhur klublar da istifadə edir. Ancaq sevinc hissi keçirirəm. Hərdən görürük ki, dünyada vurulan ən yaxşı qolların top 10-luğunda bizim künc zərbəsindən də istifadə edilib. Sevindirici haldır ki, Azərbaycan futbolu ilə bağlı olan künc zərbəsi var. Ən yaxşı hal odur ki, bu taktika “azərbaycansayağı” adını daşıyır. Deməli, bizdən Avropaya nəsə ötürülüb, Azərbaycan bu taktikanın xeyrini görüb. Bu uğuru heç də öz adıma yazmaq fikrində deyiləm. Düşündüyümüz taktika ilə qolları  yetirən futbolçuların zəhməti az deyil.

Qolların hamısı gözəl olub. Bəlkə də “Pambıqçı”ya vurduğumuz qol birinci olduğu üçün daha yadda qalan oldu. Mənim üçün ən vacib qol o idi. Məhz o qoldan sonra biz bu gün istifadə edilən taktikanın üzərində dayandıq. Digər qolları da nəzərdən keçirsək, görərik ki, hər birinin öz yeri var.

Bu yaxınlarda bizim aşağı yaş qrupları üzrə komandalarımızdan biri beynəlxalq turnirdə bu taktika ilə qol vuraraq qələbə qazanıb. Deməli, hələ də komandalarımız bundan bəhrələnirlər. Hər bir taktikaya yeni bir cizgi salmaq mümkündür. Bunun üçün çalışmaq lazımdır. Məncə, gələcəkdə bu taktikanın daha da təkmilləşdirilmiş bir variantının şahidi olacağıq. Bəlkə də bu gün ayrı-ayrı taktikalardan istifadə olunur. Ancaq bəhrəsi görülmədiyi üçün yadda qalmır. Bizim taktikamız isə qol şansının daha çox olması ilə seçilir. İstərdim ki, ilkə imza atanlar Azərbaycan klubları və məşqçiləri olsun”.

Sonda xatırladaq ki, bu gün DÇ-2018-in seçmə mərhələsində millimiz Şimali İrlandiya yığmasını qəbul edəcək. Haqqında bəhs etdiyimiz taktika ilə uzun müddətdir qol vura bilməyən millimizin bugünkü görüşdə bizi istənilən qolla sevindirməsi diləyi ilə...

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı