Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”

Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
FUTBOLUN TARİXİ 16 May 2017 / 12:41 7087
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

7 sentyabr 1994-cü il. Azərbaycan futbolu üçün tarixi gün. Müstəqilliyini bərpa edən ölkəmizin futbol millisi beynəlxalq miqyasda, UEFA-nın bayrağı altında ilk rəsmi oyununa çıxır. 1996-cı ildə İngiltərədə keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin ilk matçıdır.

Budəfəki yazımızda həmin tarixi qarşılaşmadan bəhs edəcəyik.

Avro-1996-nın seçmə mərhələsi

Rumıniya - Azərbaycan - 3:0
Qollar:
Miodraq Belodediçi, 42, Dan Petresku, 57, Florin Raduçoyu, 87
Baş hakim: Robert Sedlakek (Avstriya)
Buxarest. "Styaua" stadionu

Azərbaycanın heyəti: Aleksandr Jidkov (qapıçı), Füzuli Allahverdiyev, Gennadi Drozdov, Tərlan Əhmədov, Arif Əsədov, Şahin Diniyev, Nazim Süleymanov (kapitan) (Vidadi Rzayev, 59), Rasim Abışov, Samir Ələkbərov, Yunis Hüseynov, (Emin Ağayev, 72), Vəli Qasımov.
Baş məşqçi: Ağasəlim Mircavadov

Rumıniyanın start heyəti: Boqdan Stelea, Dan Petresku, Daniel Prodan, Miodraq Belodediçi, Tibor Selymes, George Popesku, Dorinel Muntyanu, İlle Dumitresku, Maruis Lakatuş, Florin Radiuçiou
Baş məşqçi: Anxel Yordanesku

Yığmamızın böyük hesabla məğlub olması başadüşüləndir.Təcrübəsizlik, ilk rəsmi oyunun həyacanı, rəqibin o dövrdə Avropanın ən güclü komandalarından sayılan Rumıniya millisi olması və sair. 

23 il əvvəl keçirilən görüş haqda ilk olaraq həmin vaxt millimizin baş məşqçisi olmuş Ağasəlim Mircavadovla danışdıq.



- O vaxt təlim-məşq toplanışı keçmirdik. Hər işdə çətinliyimiz var idi. Düzdür, yaxşı oyunçularımız vardı. Əksəriyyəti legioner həyatı yaşamışdı. Ancaq onlara fiziki hazırlıq lazım idi. Heç bir klubumuz yaxşı hazırlıq keçə bilmirdi. Buna baxmayaraq, futbolçular çox istəkli idi. Rumıniya səfərindən əvvəl Bakıda 3 günlük təlim-məşq toplanışımız oldu. Sonra Ukraynanın Odessa şəhərinə getdik. Ordan isə Moldovaya yollandıq.  Moldova yığması ilə yoxlama oyunu keçirdik (həmin matçda moldovanlar 2:1 hesabı ilə qalib gəlib – red.). Nazim Süleymanov, Vəli Qasımov, Arif Əsədov və Aleksandr Jidkov bu matçda iştirak etmədi (Abas Əzimovun “Azərbaycan milli komandası – 1992-2011” kitabında dərc olunan həmin görüşün protokolunda (əsas heyətdə) N.Süleymanov və A.Əsədovun adları var – red.). Onlar sonra bizə qoşuldu. Nazimlə Arif “Alaniya”da, Jidkovla Şahin İsrail klubunda , Vəli isə Portuqaliya klubunda oynayırdı. Onlar oyuna 2-3 gün qalmış komandaya qoşulurdular. Moldovaya 1:2 hesabı ilə uduzduq. Daha sonra avtobusla Buxarestə yollandıq.

“Azərbaycanın dövlət himni çalınanda hamımız ağladıq”

Rumıniya 1994-cü ilin dünya çempionatında  gözəl oynamışdı. Rəqibimiz çox güclü idi. Oyun “Styaua”nın stadionun keçirildi. Azərbaycanın dövlət himni çalınanda hamımız ağladıq. Çünki ölkəmiz müstəqilliyini yenicə elan etmişdi, ilk rəsmi oyuna çıxırdıq.

Düzdür, rumınlar bizə 3:0 hesabı ilə qalib gəldilər, ancaq komandamız yaxşı oynadı. Qol epizodlarımız oldu. 32-ci dəqiqədə Yunis Hüseynov yaxşı zərbə vurdu, rəqib qapıçısı qola imkan vermədi. Daha sonra da qol imkanlarımız oldu. Fasiləyə rəqib 1:0 hesabı ilə öndə yollandı. Oyunçularımın hamısını yaxşı tanıyırdım. Fasilədə onları sakit halda başa saldım. İkinci hissəyə yaxşı başladıq. Ancaq futbolçularımızın fiziki durumu sona qədər tab gətirmədi. Ümumiyyətlə, o vaxt ən böyük problemimiz bu idi. Ancaq nəyə gücləri çatırdısa, ortaya qoyurdular. Rumıniya ilə görüşdə də belə oldu. Hamısına minnətdarlığımı bildirdim.

“Rumıniya millisinin baş məqşçisi bizi çox təriflədi”

Mircavadovun sözlərinə görə, millimizin oyunu Rumıniyada böyük maraqla qarşılanıb: “Oyundan sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi bizi çox təriflədi. Bildirdi ki, Azərbaycan millisi bizə çox problem yaratdı. Mən də futbolçularımdan razı qaldım. Çünki bizim öz oyunumuz var idi. Futbolçular normal hazırlıq keçə bilmədiyi üçün onlardan daha artığını tələb edə bilməzdim. Futbolçular yaxşı başa düşürdülər ki, nəyə görə, kimə görə oynayırlar. Onlara nəsə başa salmağa ehtiyac yox idi. Təsadüfi deyil ki, ölkəmizin himni çalınanda futbolçuların gözləri doldu. Onlar belə uşaqlar idi”.

“0:3 hesabı ilə... qələbə!”

Bu, Azərbaycanın dəyərli jurnalisti Məzahir Süleymanzadənin baş redaktoru olduğu “Səhər” qəzeti üçün hazırladığı reportaja verdiyi başlıqdır. Millimizin ilk rəsmi oyunundan hazırlanan yeganə reportajın müəllifinə də müraciət etdik. Həmin dövrdə AFFA İcraiyyə Komitəsinin üzvü olan M.Süleymanzadə səfər oyununa jurnalist kimi getməsə də, bizim üçün tarixi əhəmiyyət kəsb edən matç haqda yazı hazırlamağı özünə borc bilib.

- 1990-cı illərdə ölkəmizin həm iqtisadi-siyasi, həm də futbolumuzun durumu pis idi. Milli komandamızın səfər oyunları zamanı nəinki indiki kimi bir qrup, hətta bir nəfər jurnalisti aparmaq olmurdu ki, həmin oyundan reportaj hazırlayıb, oxuculara təqdim etsin. Mən də jurnalist olduğuma görə bu missiya üzərimə düşdü. Mən jurnalistəm, harda olmağımdan asılı olmayaraq borcumu yerinə yetirməli idim.  Ona görə də həmin oyundan reportajı mən hazırladım. Bu reportajın özəlliyi o idi ki, millimiz tarixi oyuna çıxmışdı. İlk rəsmi matç elə Azərbaycan futbolunun qələbəsi hesab olunurdu. Mən düşünürdüm ki, həmin oyunda hesabın önəmi yoxdur. Azərbaycan böyük Avropa meydanına çıxırdı, Avropa ölkələrinin sırasına qoşulurdu. Ona görə də 0:3 hesablı uduzmağımıza baxmayaraq, mən bunu qələbəyə bərabər saymışdım.

Həmsöhbətimiz daha sonra canlı izlədiyi oyun haqda ətraflı danışdı:

- Oyun indiki kimi yadımdadır. Rumıniyada bu matça çox böyük maraq var idi. Millimiz özünü yaxşı tərəfdən göstərdi. Təsəvvür edin ki, ilk 45 dəqiqədə bilmək olmurdu ki, təcrübəli Rumıniya millisinin rəqibi ilk rəsmi oyununa çıxan Azərbaycan yığmasıdır. Qarşılaşmadan sonra Rumıniya mətbuatı oyunçulara qiymət vermişdi. Ən yüksək qiymət Rumıniya millisinin qapıçısına verilmişdi. Bu da onun fədəkarlığına görə idi. Çünki Vəli Qasımov, Nazim Süleymanov, Yunis Hüseynov, Samir Ələkbərov ona rahatlıq vermirdi.


Tarixin matçın nadir videogörüntüsü. Qollar




Hamı gözləyirdi ki, ilk hissə 0:0 hesabı ilə bitəcək. Biz də bunu öz aramızda sensasiya adlandırırdıq. Rumıniya kimi bir komandanın öz meydanında ilk 45 dəqiqədə qol buraxmamaq bizim üçün çox fərəhli olardı. Ancaq rəqib ilk hissənin sonu hücumlarının birində hesabı açdı. İkinci hissədə komandamız daha yaxşı oynadı, ancaq təcrübə öz sözünü dedi. Hətta epizodların birində Vəli Qasımova qarşı cərimə meydançasında açıq-aşkar qayda pozuntusu olsa da, hakim penalti təyin etmədi. Bəlkə də, penaltini vursaydıq, oyunun axarı dəyişərdi.

Nazim Süleymanov ikinci hissədə zədələndi. Onu Vidadi Rzayev əvəzlədi. Matçın 57-ci dəqiqəsində rumınların məşhur futbolçusu Dan Petresku hesabı 2:0 etdi. Bundan sonra komandamız daha yaxşı oynadı.

“Rəqib azarkeşləri hər hücumumuzu alqışlayırdı”

Bir faktı da deyim. Oyunun keçirildiyi 25 minlik “Styaua” stadionu tam dolu idi. Maraqlıdır ki, rəqibin azarkeşləri bizim hər hücumumuzu alqışlayırdı. Bizim oyuna vurulmuşdular. Hesabın 3:0 olması bizi aldatmamalıdır. Oyun sözün həqiqi mənasında yüksək səviyyədə keçdi. Bizdə indiyə qədər keçirmədiyimiz, çox qəribə hisslər yaranmışdı. Ona görə də illər keçsə də, həmin oyun bizim xatirəmizdən silinmir.


Millimizin nümayəndə heyəti Rumıniya il oyundan əvvəl. Buxarets
Şəkil millimizin o vaxtkı həkimi Boris Xetaqurovun arxivindən götürülüb




“Futbolçularımız forma dəyişə bilmirdi, çünki ehtiyat geyimi yox idi”

Məzahir müəllim söhbətində o dövrdəki çətinliklərdən də danışdı: “Oyunun gedişində bütün azarkeşlər çox qəribə bir hadisənin şahidi oldular. Futbolçularımızdan birinin forması cırıldı. Təbii ki, bu cür vəziyyətdə oyunu davam etdirmək olmazdı. Hakim oyunçumuza bildirdi ki, get, formanı dəyiş. O formanı dəyişdirmək komandamız üçün çox çətin oldu. Bunun üçün xeyli müddət lazım gəldi. Azərbaycan millisi forma dəyişdirmək iqtidarında deyildi. Oyundan sonra futbolçuların forma dəyişməsi bir mədəniyyətdir. Təsəvvür edin ki, bizim futbolçularımızın belə bir səlahiyyəti yox idi. Çünki formasını dəyişsəydi, bir neçə gündən sonra növbəti oyuna çıxanda geyimi olmayacaqdı. Bizim futbolçuların cəmi bir dəst forması olurdu. Bundan artığına gücümüz çatmırdı. Çünki AFFA-nın büdcəsi çox zəif idi. İmkanlı adamların yardımına ehtiyacımız var idi. Yeri gəlmişkən, bizi Rumıniya ilə oyuna Rasim Rəfiyev (1990-cı illərin ortalarında “Neftçi”nin sponsoru olmuş iş adamı. Allah rəhmət eləsin! – red.) öz təyyarəsi ilə aparmışdı. Rəhmətlik Azərbaycan futbolu üçün çox böyük işlər görüb.Onun AFFA-dan, Azərbaycan futbolundan bir manat da olsa umacağı yox idi. Elə o vaxt milli komandada çalışanlar, futbolçular da təmənna güdmürdülər. Onların aldıqları pul çox az idi. Səfər oyununa gedən futbolçulara, baş məşqçiyə, elə AFFA İcraiyyə Komitəsinin üzvünə də 50 dollar xərclik verirdilər. İndi siz təsəvvür edin ki, komanda bir neçə gün səfərdə qalır və 50 dollar pul alır. Bütün bunlara baxmayaraq, futbolçular fədakarlıq edirdilər, oyuna canlarını qoyurdular”.

“Millimiz heç vaxt o vaxtkı kimi güclü olmayıb”

Futbolçularımızın əksəriyyəti SSRİ dövründə özünü “Neftçi”də göstərmişdi. Tanınmış oyunçular idi. Özlərinin ən yaxşı dövrlərini keçirirdilər. Çox güclü idilər. Ağasəlim müəllim də yaxşı komanda hazırlamışdı. Taktikanı da yüksək səviyyədə qurmuşdu. Elə buna görə də Rumıniya kimi komanda bizə qarşı istədiyi kimi oynaya bilmədi. Komandamızda yalnız təcrübəsizlik çatmırdı”.

M.Süleymanzadə bəhs etdiyimiz oyun haqda reportaj hazırladığı üçün fəxr edir:


"Səhər" qəzetinin oyun üçün hazırladığı reportajdan bir hissə

"Mən arzu edirəm ki, milli komandamız indi də həmin ildəki kimi olsun. O oyundan 23 il keçir. Millimiz heç vaxt o vaxtkı kimi güclü olmayıb. Mən həmişə o illəri nostalji hislərlə xatırlayıram. Fəxr edirəm ki, milli komandamızın ilk rəsmi oyunundan reportajı mən hazırlamışam”.   


Təbii ki, bu yazını hazırlayarkən Rumıniyaya qarşı oynayan futbolçumuzla da danışmalı idik. Arif Əsədova müraciət etdik. 90 dəqiqə meydanda olan cihah müdafiəçisinin oyun ərzində üzərinə çox iş düşüb. Çünki o dövrdə rumınların adlı-sanlı hücumçularının qarşısını almaq asan deyildi. Əsədov bunları söyləyir:

“O dövrdə Rumıniya millisi çox güclü idi. 1994-cü ildə ABŞ-da dünya çempionatında 1/4 finala qədər irəliləmişdilər. Ulduz futbolçulardan ibarət komanda idi. Biz onlar qədər təcrübəli olmasaq da, istəyimiz var idi ki, bu cür futbolçulara qarşı özümüzü ən yaxşı tərəfdən göstərək. Ustalıq səviyyəsi yaxşı olan futbolçularımız da vardı. İmkan düşdükcə sürətli əks-hücumlarda təhlükəli olurduq. Ağasəlim müəllim taktikanı düzgün qurmuşdu. Xüsusi tapşırıqlar vermişdi. Mən daha çox rəqibin hücumçusu Dimitresku ilə mübarizə aparırdım. Baş məşqçimiz onunla necə oynamalı olduğunu demişdi. Rumıniya millisinin ən təhlükəli futbolçusu Dimitresku idi. Çalışırdıq ki, rəqib hücumçularını cərimə meydançamıza buraxmayaq. Bəlkə də çoxları gözləyirdi ki, rəqib bizi hər cəhətdən üstələyəcək. Ancaq belə olmadı. Əslində hesab oyuna görə olmadı. Çünki bizim də qol epizodlarımız oldu. Rəqib qolları standart vəziyyətlərdən vurdu. Taktikanı elə qurmuşduq ki, başqa cür qol vura bilməzdilər. Ümumilikdə yaxşı çıxış etdik”.

Əvvəllər hansısa milli komandanın matçına kənardan baxan futbolçulamız üçün ulduz oyunçulara qarşı çıxış etmək əlçatmaz görünürdü. Ancaq futbolçularımız Rumıniya ilə oyunda istəklərinə nail olmuşdu. Onlar artıq televiziyada gördükləri futbolçularla üz-üzə gəlirdi. Təbii ki, bu həm həyəcanlı, həm də qürurverici idi.

- Əlbəttə ki, ilk rəsmi oyunumuz olduğundan həyəcanlı idik. Ancaq oyun başlayandan bir qədər sonra sərbəst olduq. Oyunun gedişi gözlədiyimizdən yaxşı alındı. Tədricən oyunumuz tapdıq. Artıq rəqibdə çaşqınlıq yaranmışdı. Onlar da bizdən bu cür oyun gözləmirdi.

“Geyindiyimiz formaya görə utanırdıq”

A.Əsədov da digər həmsöhbətlərimiz kimi futbolumuzun o zamankı çətinliklərindən söhbət açır. Ancaq o, istənilən halda millidə oynamaqdan qürur duyduğunu deyir: “Hansısa oyuna getmək üçün indiki kimi bir yox, bir neçə nəqliyyat vasitəsindən istifadə edirdik. Elə formamız olurdu ki, dövlət atributlarımızla uyğun gəlmirdi. Biz də istəyirdik ki, formamızı hansısa ulduz futbolçu ilə dəyişək. Ancaq bizim belə imkanımız yox idi. Bəzən geyimimizin hərəsi bir firmanın olurdu. Təbii ki, bizə qıraqdan baxanlar bunu dərhal görürdü. Özümüz də utanırdıq. Bütün bunlar bizi bir qədər sıxırdı. Ancaq milliyə dəvət alanda qürur hissi keçirirdik. Ona görə də mənim kimi ölkə xaricində oynayan bir neçə futbolçu millinin düşərgəsinə öz hesabına gəlirdi”.

Ramiq AĞAMƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir


Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı