"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq"

"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq"
ÖLKƏ FUTBOLU 23 Oktyabr 2020 / 16:45 3921
-  A +

“Dünən bazaya gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var”.

Qol.az xəbər verir ki, bu sözləri Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ "Anadolu" agentliyinə müsahibəsində deyib.

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” – “Vilyarreal” matçının “Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirən klub rəhbəri bu qərardan məmnun olduğunu bildirib: "Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".

Gümüşdağ “Qarabağ”ın hər 3 ev matçının onların stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik.

“Qarabağ”ın hər üç ev oyununu burada keçirilməsinə razılıq verdik. Ancaq UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, “Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.

Daha çox


Son xəbərlər