Ramin Musayev: “Bu mübarizənin nəticəsini gələn il görəcəyik”

Ramin Musayev: “Bu mübarizənin nəticəsini gələn il görəcəyik”
XƏBƏR 29 Dekabr 2009 / 18:59 2172
-  A +

PFL-in prezidenti Ramin Musayevin müsahibəsi

- Ramin müəllim, dünən hakimlərlə görüşdünüz. Görüşdə nə haqqında danışdınız?
- Unibank Premyer Liqasında 17 tur geridə qaldı. Təsnifat mərhələsinin son 5 oyununda bizi daha ağır, daha gərgin oyunlar gözləyir. Geridə qalan 17 tur ərzində bizim də, onların da səhvləri olub. Bəzi hakimlərə öz iradımı bildirmişəm. Bir sıra hallarda klub rəhbərlərindən hakimliklə bağlı şikayətlər daxil olub, həmin epizodları araşdırmışıq, əgər hakimlərin həqiqətən də səhvləri olubsa, özlərinə deyilib, yox, əgər haqlı olublarsa, onların xəbərləri olmadan klublara mövqeyimizi bildirmişik. 
Hal-hazırda Premyer Liqada fasilə yaranıb. Yanvarın 14-nə qədər hakimlər istirahət edəcək. Bundan sonra isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına yollanacaqlar. Rövnəq Abdullayevin AFFA-nın prezidenti təyin olunmasından sonra hər il iki dəfə hakimlərimiz təlim-məşq toplanışına göndərilir, onların öz səviyyələrini artırmaları üçün yüksək şərait yaradılıb.
- Hakimlərin təlim-məşq toplanışında iştirak edəcəksinizmi?
- Antalyada hakimlər üçün təşkil olunacaq toplanışda iştirak etmək fikrim var. Bir sıra klublarımız da hazırlığını məhz Türkiyədə keçdiyindən bu dövr ərzində fürsətdən istifadə edib onlarla da görüşəcəm. Yaranmış imkandan istifadə edib hakimlərimizi klublara göndərəcəyik ki, onlar FİFA və UEFA-nın yeni qaydalarını komandalara çatdırsınlar. Gələcəkdə bunun komandaların işinə çox kömək edəcəyinə inanıram.
- Unibank Premyer Liqasının bu mövsümkü səviyyəsi Sizi qane edirmi?
- Unibank Premyer Liqasının səviyyəsi məni qane etdi. Fikrimcə artıq irəliləyiş hiss olunur. İnkişaf olmasaydı Vaqif Cavadov Hollandiya klubuna transfer olunmazdı, digər futbolçularımızla Türkiyə, Rusiya, Ukrayna klubları maraqalanmazdı. Daha bir uğur kimi Premyer Liqamızın Avropada ötən mövsümlə müqayisədə 4 pillə irəliləyərək 38-ci sırada qərarlaşmasını göstərə bilərəm.
- Çatışmayan cəhətlər hansılardı? Nə kimi dəyişikliklərin olmasını istəyərdiniz?
- Oyundan sonra və oyun zamanı futbolçuların bir-birinə göstərdiyi münasibətə də toxunmaq istərdim. Bəzi hallarda futbolçular Fair Play - ədalətli oyun prinsiplərini pozurlar. Bu qaydaları pozanlara qarşı daha ağır cəzaların tətbiq olunmasının tərəfdarıyam. Çalışmaq lazımdı ki, komandalar arasında mübarizə meydanda olsun. 
- PFL tərəfindən texniki baxımdan nə kimi yenilikləri gözləmək olar?
- Bildiyiniz kimi, Unibank Premyer Liqasının və Azərbaycan Kubokunun hər bir oyunu PFL-in operatorları tərəfindən də çəkilir. Artıq onların sayını da artırıb 10 nəfərə çatdırmışıq. Növbəti ildən etibarən biz daha qabaqcıl texnologiyalardan istifadə etmək imkanı verən yeni kameralardan istifadə edəcəyik. Bu sistemlərin vasitəsi ilə mübahisəli epizodları araşdırmaq daha da asanlaşacaq. Buna qədər biz hər oyuna 2 operator göndərirdik. Lakin qarşıdakı oyunlara 3, elə oyunlar da olacaq ki, 4 operator göndərəcəyik. Burada əsas məqsəd mümkün hakim səhvlərinin qarşısını almaq və eyni zamanda onların düzgünlüyü sübut etməkdir.
Klub rəhbərləri sağ olsunlar, Dünyanı bürüyən maliyyə böhranına baxmayaraq, Azərbaycan futboluna külli miqdarda vəsait ayırırlar. Biz əlimizdən gələni etməliyik ki, bu insanlar futboldan soyumasınlar. Bu cür yeni texnologiyaları tətbiq etməklə çalışmalıyıq ki, haqsız yerə bizdə səhv axtarmasınlar, öz oyunçularında və məşqçilərində axtarsınlar. 
- Əcnəbi hakimlərin Azərbaycan çempionatının oyunlarına dəvət olunmasına münasibətiniz necədi?
- Mən Azərbaycan futboluna əcnəbi hakimlərin dəvət olunması ideyasının əleyhinəyəm. Çünki, hal-hazırda gənc və yetərincə istedadlı hakimlərimiz var. Onların bəziləri FİFA, digərləri isə milli dərəcəli hakimlərdir. Biz onların gücünə inanırıq. 
- Hakimlər Komitəsi hakimlərin qiymətlərinin açıqlanmaması barədə qərar qəbul etdi. Bu məsələ ilə bağlı fikrinizi bildirərdiniz.
- Dünyanın bir çox ölkəsində hakim qiymətlərinin açıqlanması praktikasından istifadə olunmur. Biz də çalışmalıyıq ki, xarici ölkələrdəki müsbət təcrübələrdən istifadə edək. Məncə, bu, hakimlərimizə daha çox müsbət yöndə təsir edəcək. 
- Mətbuatda ilk “altılığ”ın artıq müəyyən olunması haqqında söz-söhbətlər gəzməkdədi.
- Bu, gülməlidir. Mənim şəxsi fikrimə görə qış fasiləsindən sonra Unibank Premyer Liqasında 4 komanda arasında ilk “altılıq” uğrunda qızğın mübarizə gedəcək. Zənnimcə "Qəbələ" klubu göstərdiyi oyunla və qarşıdakı 5 oyununa əsasən ilk “altılığ”a düşəcək. Ramiz Məmmədovu yaratdığı çox gözəl kollektivə görə tərbik edirəm. Komandada gözəl ab-hava sürür. Qışda heyətlərini 2-3 futbolçu ilə gücləndirsələr daha yaxşı çıxış edə bilərlər. 
- Son zamanlar bəzi mətbuat orqanlarında I Divizion komandalarından heç birinin Unibank Premyer Liqasına qatılmayacağı barədə şaiyələr gəzir.
- Bu kimi fikirlər yalandır. Guya, I divizionda çıxış edən klubların Premyer Liqada iştirak etmək imkanları yoxdur. AFFA rəhbərliyi tərəfindən I Divizionun qalibinə 100 000 manat, ikinci yerin sahibinə isə 70 000 manat mükafat ayrılıb. Hal-hazırda I divizionda beş komanda arasında Premyer Liqaya çıxmaq uğrunda gərgin mübarizə gedir. Bu mübarizənin də nəticəsini gələn il görəcəyik. Pul mükafatı da onlar üçün əlavə stimuldur. 
Fürsətdən istifadə edib bütün idmançıları və idmansevərləri, xüsusən də, futbolsevərləri qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. Hamıya möhkəm can sağlığı və yeni ildə yeni uğurlar arzulayıram.

Mənbə: pfl.az


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord