"Qəbələ" AFFA-nın Hakimlər Komitəsinə sərt ittihamlar yağdırdı

XƏBƏR 9 Dekabr 2009 / 18:29 1908
-  A +

"Qəbələ" klubu Azərbaycanın futbol hakimliyindəki vəziyyətlə bağlı bəyanatla çıxış edib. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumatda ilk öncə xatırladılıb ki, artıq çempionatda ilk "altılıq" uğrunda mübarizə ən gərgin həddə çatmaqdadır: «Lakin çox təəssüflə və əminliklə qeyd edirik ki, "altılıq" uğrunda mübarizə artıq qeyri-sağlam mühitdə davam edir. Bütün bu ədalətsizliklərin böyük hissəsi isə ədalət təmsilçiləri hesab olunan hakimlərin əli ilə həyata keçirilir. Uzun müddətdir ölkə çempionatının turnir cədvəlinin ilk "altılığ"ında qərarlaşan komandamız hakimlər tərəfindən saysız-hesabsız haqsızlıqla üzləşir». Bəyanatda bugünlər AFFA-nin İntimzam Komitəsinin «Qəbələ» klubuun futbolçusuyla bağlı qərara toxunulub: «13-ci tur çərçivəsində "Qarabağ"a qarşı oyundan sonra isə hakimlərlə yanaşı, İntizam Komitəsi də ikili standartlarla fəaliyyət göstərdiyini nümayiş etdirdi. Klubumuzun 12 nömrəli oyunçusu Pavels Dorosevs özünə qarşı edilən kobudluğa kobudluqla cavab verərək iki oyunluq cəzalandırılsa da, nədənsə, İntizam Komitəsi başda sədr Tofiq Fətullayev olmaqla, "Qarabağ" Futbol Klubunun oyunçusunun etdiyi hərəkəti "görmək istəmədilər". Matçın sonuna yaxın "Qarabağ" Futbol Klubunun üzvü nümayişkəranə şəkildə hakimlər briqadasının üzvünü söyüşə "qonaq" etsə də, İntizam Komitəsi, nədənsə, bu və bu tip epizodlardan yan keçdi. Halbuki çempionat matçlarına diqqət yetirdikdə, eyni hərəkətlərə fərqli cəzaların kəsildiyini dəfələrlə müşahidə edirik. "Qarabağ"ın futbolçusundan fərqli olaraq, 2 tur öncə keçirilən "Standart" - "Qəbələ" matçında komandamızın 24 nömrəli oyunçusu İqor Melnik hakimlər briqadası tərəfindən müəmmalı şəkildə (maraqlıdır ki, protokolda səbəb kimi qeyri-etik ifadə işlətməsi göstərilmişdi) qırmızı vərəqə ilə cəzalandırdı. Hakimlər Komitəsinin bərbad fəaliyyəti nəticəsində hər oyun öncəsi komandamız heyət baxımından çətinliklərlə üzləşir. "Neftçi" ilə matça da komandamız cəza səbəbindən 3 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək və bütün bunların artıq təsadüf olmadığını əminliklə qeyd edirik. "Simurq"la matçda hakimlər briqadasının göstərdiyi "şou" Hakimlər Komitəsinin fəaliyyətinin göstəricisidir. Hakimlər Komitəsi nəyə görə idarə etdiyi hər oyun qalmaqala çevrilən Elçin Məmmədova güvənməkdə davam edir? "Simurq" klubunun açıq-aşkar ofsayddan vurduğu qolun "memarı" Eldar Nağıbəyovun qeyri-obyektivliyinə Hakimlər Komitəsi nə vaxtadək göz yumacaq? Hakimlər Komitəsi Ramiz Əsədovu hər hansı oyuna təyin edərkən referilərin normativləri yerinə yetirməsinin vacibliyini düşünürmü? Artıq çəkiyə malik olan referini Hakimlər Komitəsi hansı əsaslarla çempionat oyunlarına təyin edir? "Qəbələ" Futbol Klubu olaraq bildiririk ki, ölkə kubokunda məhz hakim səhvləri nəticəsində çıxışımızı dayandırsaq da, Premyer Liqada ədalətsizliklə üzləşmək istəmirik. Artıq mövqeyimizi açıq şəkildə nümayiş etdirəcəyik! İkili standartlarla fəaliyyət göstərən Hakimlər Komitəsinin komandamıza qarşı hər bir qərəzli qərarlarına sərt şəkildə cavab verəcəyik!».

Son xəbərlər