Ağasəlim Mircavadov: «Şou-biznes deyəndə ağlıma heç nə gəlmir»

Ağasəlim Mircavadov:  «Şou-biznes deyəndə ağlıma heç nə gəlmir»
XƏBƏR 24 Dekabr 2008 / 16:50 3501
-  A +

Məşhur insanların həyatının görünməyən tərəfləri həmişə cəmiyyətdə böyük marağa səbəb olub. Yəni insanın hansı sahədə çalışması əsas deyil. Yetər ki,  çalışdığı sahədə kifayət qədər tanınsın. Bunu elm adamlarına, ziyalılara, dövlət qulluğunda çalışanlara, idmançılara da aid etmək olar, bu gün şou-biznes adlanan aləmin sakinlərinə də. Amma bəzən tanınmışlar öz həyatlarını gizli saxlamağa daha çox üstünlük verirlər.
«Olaylar» agentliyi futbol mütəxəssisi Ağasəlim Mircavadovla müsahibədə onun maraq dairəsində olan məsələləri açmağa çalışıb.


- Futboldan başqa maraqlandığınız hansısa sahə varmı?
- Uşaqlıq illərindən, hətta məktəbdə oxuduğum dövrlərdən o zaman «Avtomatika-telemexanika» adlanan sahə ilə maraqlanırdım və indi də maraqlanıram. Hətta Politexnik İnstitutuna sənədlərimi vermək istəyirdim. Lakin sonradan futbol daha üstünlük təşkil etdi. 1963-cü ildə atam dünyasını dəyişdi. Mən 5 qardaşın ən kiçiyi idim. Məsləhət oldu ki, futbolu davam etdirim.
- Orta məktəb illərini necə xatırlayırsınız? Necə şagird olmusunuz?
- Açığı, 8-ci sinifə kimi əlaçı olmuşam. sonradan futbolla əlaqədar dərslərdən uzaq düşdüm. Çünki bu idman növü mənim vaxtımı çox aparırdı. 11-ci sinifdə oxuyanda artıq «Neftçi» komandasında oynayırdım. Həmin vaxt 60 manat məvacib alırdım. 6 ay oynadıqdan sonra məvacibim 120 manat oldu.
- Mədəniyyət sahəsində çalışan insanlarla əlaqələriniz necədir?
- Mənim bu sahədə olan insanlardan ən çox Arif Babayevlə münasibətlərimiz var. Ümumiyyətlə, xanəndələrlə bütün dövrlərdə aram yaxşı olub. Onlarla tez-tez görüşürük.
- Bu gün mediada ən çox səslənən şou-biznes sözü sizə nə deyir?
- Vallah, mənim xoşum gəlmir. Əşşi, ağlıma da heç nə gəlmir. Belə şeylərə baxmıram. Mən ən çox muğamatı bəyənirəm.
- Estrada müğənnilərindən kimi bəyənirsiniz?
- Akif İslamzadə, Oktay Ağayevlə çox yaxın dostluğumuz olub. Yaxşı yadımdadır ki, 1966-67-ci illərdə Oktay Ağayev və digər estrada müğənniləri «Neftçi»nin bazasına tez-tez gəlirdilər, yoldaşlıq edirdilər, bizim üçün oxuyurdular. Bizim futbolçulardan isə Yaşar Babayev həmin müğənnilərlə oxuyardı. Amma indiki estrada müğənnilərinə maraqlı deyiləm. Mənim ən çox sevmədiyim şey isə oranjimandır. Bizim elə tarixi xalq mahnılarımız var ki, onlara dəymək, oranjiman etmək mənasızdır. Bizdə indi gözəl estrada müğənniləri də var. Amma nədənsə, onların adları mənim yadımda qalmır. Bəlkə də bu gün gənclərin estradaya meyllənməsi maddi məsələlərlə bağlıdır. Bizim dahi bəstəkarlarımız bu mahnılara öz möhürlərini vurubular. Şou-biznes əhli məni bağışlasın, amma mən daha çox xalq yaradıcılığına üstünlük verirəm.
- Arif Babayevdən başqa daha hansı xanəndələrlə dostluq edirsiniz?
- Köhnələrin hamısı ilə. Həmin illərdə eşidərdik ki, filan yerdə Məmmədbağır Bağırzadə, Əlibaba Məmmədov oxuyur, biz də öz qrupumuzla gedib o məclisdə həmin sənətkarlara qulaq asardıq, rəqs edərdik, pul salardıq,
- Fikrinizcə, nə üçün cəmiyyətdə üzdə olan insanların həyatı daha çox maraqlı olur?
- Bu barədə bir şey deyə bilmərəm. Biz də vaxtında bacardığımız qədər çalışmışıq və bu gün də eyni gücdəyik. Biz vicdanla işləmişik. Çalışmışıq ki, nəyəsə nail olaq. Bəlkə də əsas səbəb budur. Şou-biznes əhli öz etdiklərinin sayəsində cəmiyyətdə daha çox tanınır. Mən həmişə Zeynəb Xanlarovanı, İlhamə Quliyevanı, Tükəzban İsmayılovanı, Şövkət Ələkbərovanı dahi hesab etmişəm. Onlar həmişə bizim yadımızdadırlar. Hacı Ağaxan bir muğam dəstgahı oxuyanda mən harda olmağımdan asılı olmayaraq dayanıb ona qulaq asıram. Şükür Allaha ki, indi bizim muğama meylli cavan uşaqlarımız yetişir. Bu yaxınlarda televiziyada muğam müsabiqəsinə həmişə baxırdım. Həmin vaxt mən «Xəzər-Lənkəran»da işləyirdim. Biz bu müsabiqəyə futbolçularla bir yerdə baxırdıq.
- Siz həmin vaxt muğamata qulaq asanda legionerlərin buna münasibəti necə idi?
- Legionerlərin xoşlarına gələndə başa salırdıq qulaq asırdılar. Legionerlərin zövqü də müxtəlifdir. Məsələn, Braziliyadan olanlar ən çox ritmik mahnılara üstünlük verirdilər. Hansısa təsnif, xalq mahnısı olanda həddindən artıq xoşlarına gəlirdi. Bizdən həmin mahnıların mənasını öyrənirdilər, hətta rəqs edirdilər .
- Toy məclislərində tez-tez olursunuzmu?      
- Tez-tez deyəndə ki, (gülür) çağırıldığım yerlərə gedirəm. Heç vaxt nə xeyir, nə də şər məclisindən qalmışam.
- Toylarda ən çox xoşunuza gələn oyun havası hansıdır?
- Qədim oyun havalarının hamısını sevirəm, özünüz də bilirsiniz ki, indiki toyların əksəriyyətində qədim oyun havaları çalmırlar. Bir vaxtlar bütün toyların bəzəyi olan «Uzundərə» rəqsi heç bir məclisdə nə çalınır, nə də oxunur. İndi köhnə havalardan yalnız «Yallı» səsləndirilir. İndiki toyların çoxunda bu rəqsin ifa olunması çox təqdirəlayiqlir. İndi təzə, şux, oynaq mahnılar çıxıb. Amma deyim ki, köhnə mahnıları yaxşı ifa edənlər də, rəqs edənlər də kifayət qədərdir.  Əgər toyda 200 nəfər adam varsa, onun 50-si yeni mahnıları istəyirsə, bəlkə 150-si istəmir. Ona görə də şən əhval-ruhiyyənin yaranması üçün balans yatırmaq lazımdır. Mənim hansı mahnını sevməyimə gəlincə, həmişə muğama daha çox üstünlük vermişəm. Rübabə Muradovanın «Segah»ı həmişə çox xoşuma gəlib. Rəhmətlik Şövkət Ələkbərovanın əksər mahnılarını çox sevmişəm və indi də sevirəm.
- Toyda rəqs etməklə aranız necədir?
- Yox, rəqs etmək mənlik deyil. Amma oyunçularımın toy məclisində tez-tez oluram . Çünki rəqs etmək üçün gərək onun həvəskarı olasan. Mən çalışıram ki, olduğum toy məclisi şən keçsin. Oyunçuların məclislərində bizə söz verəndə yetirmələrimə deyirəm ki, özünüzü elə aparın ki, məclis şən keçsin. Çünki onlar gəncdirlər, şən olmalıdırar. Bizdə elə futbolçular var ki, çox gözəl rəqs edirlər.
- Onlar kimlərdir?
- Samir Ələkbərovun, Əfqan Talıbovun dəfələrlə gözəl rəqs etdiyinin şahidi olmuşam. Gənc idmançılardan da bir neçəsinin bu cür məclislərdə gözəl rəqs  etdiyini görmüşəm. Bir toyda «Qarabağ»ın oyunçusu Murad Ağakişiyevin çox sürətli oynadığını gördüm. Zaur Ramazanov da pis oynamır. Onların içində utananlar da var. Mənim bir arzum var ki, toy şənliyi adı kimi şən keçsin. Çünki bu, insanların həyatında bir dəfə olur. Yaxşı oynayan insanların ritmik havaya uyğun rəqs etməsi adama çox ləzzət edir.
- Sonuncu dəfə yetirmələrinizdən kimin toy məclisində olmusunuz?
- Bu yaxınlarda Rəşad Sadiqovun toyu idi. Həmin məclisdə iştirak elədim. Məni dəvət edən bütün futbolçuların məclisində olmuşam. Ayın 15-də Elmar Baxşiyevin toyu idi. O məclisdə də iştirak elədim və çox gözəl məclis keçdi.  Ümumiyyətlə, ötən ay çox toy məclislərində olmuşam. Bir neçə gün əvvəl tanınmış uşaq futbolu məşqçisi İslam Kərimov da ailə həyatı qurdu və biz də həmin toyda olduq. Sizin jurnalist həmkarınız Rəşad Ergünün Sumqayıtda keçirilən toy məclisinə də dəvət almışdım, orada da oldum.


 

 


Son xəbərlər