Rəşad Sadiqov: “İnter”, “Xəzər-Lənkəran” və “Qarabağ”dan təklif almışam

XƏBƏR 16 Dekabr 2008 / 14:00 3156
-  A +

“Həcc ziyarətindən gec qayıtmağım təyyarənin gecikməsi ilə bağlı idi. 36 saat hava limanında təyyarə gözlədik. Ziyarətə gedən başqa futbolçu görmədim. İdmançılara gəlincə, cüdoçu Zülfiyyə Hüseynova ilə orada rastlaşdım”.
İlk dəfə Həcc ziyarətində olan 25 yaşlı futbolçu üzləşdiyi bütün çətinliklərə rəğmən, səfərindən çox razı qalıb. Müqəddəs yerləri ziyarət etdikdən sonra özündə yaxşılığa doğru böyük dəyişiklər hiss edən Rəşad artıq gələcək karyerası haqda fikirləşir. “Neftçi”nin alman baş məşqçisi Hans-Yurgen Gedenin əsas heyətdən kənarlaşdırdığı Sadiqov ilk növbədə transfer məsələsini həll etməlidir: “Bununla əlaqədar “Neftçi”nin rəhbərliyi ilə görüşüm nəzərdə tutulub. Yəqin ki, ortaq məxrəcə gələrik. İnşallah, başqa kluba keçidimə problem yaratmazlar. “Qarabağ”la müqavilə bağlamağım doğru deyil”.

Üç klubun dəvət göndərdiyi futbolçu artıq seçimini edib: “İnter”, “Xəzər-Lənkəran” və “Qarabağ”dan təklif almışam. “Xəzər-Lənkəran”ın türkiyəli sabiq baş məşqçisi Rasim Kara ilə söhbətləşmişdim. Onun gedişindən sonda bu klubla danışığım olmayıb. “İnter”in çalışdırıcısı Valentin Xodukin də məni sərəncamında görmək istəyir. Ukraynalı mütəxəssislə görüşümdə şərtlərlə tanış oldum. Ancaq yəqin ki, “Qarabağ”a keçəcəyəm”.

Rəşad bu komandanı seçməyi həm müqavilə şərtləri, həm də Qurban Qurbanovla bağlayıb: “İlk baxışdan elə görünə bilər ki, “İnter”lə “Xəzər-Lənkəran”ın maliyyə imkanı daha yaxşı olduğu üçün onlardan birinə üstünlük veriləcək. Ancaq əslində “Qarabağ” variantı daha realdır. Çünki şərtlər daha münasibdir, üstəlik, bu komandanın baş məşqçisi Qurban Qurbanovdur. Onunla yenidən birgə çalışmaq imkanını dəyərləndirmək istəyirəm. “İnter” və “Xəzər-Lənkəran” variantını arxa plana keçirməyim bu komandalarda heyətə düşmək üçün rəqabət böyük olması ilə bağlı deyil. Mən heç vaxt rəqabətdən qorxmamışam və “Neftçi”də uzun müddət oynadığım zamanı bunu nümayiş etdirmişəm”.

Qeyd edək ki, Sadiqov Qurbanovla “Neftçi”də həm də bir yerdə çıxış edib.

Mənbə:apasport.az


Son xəbərlər