"Qarabağ" "Rusenborq"u keçə bilərmi? (KÖŞƏ YAZISI)

"Qarabağ" "Rusenborq"u keçə bilərmi?  (KÖŞƏ YAZISI)
XƏBƏR 14 İyul 2009 / 13:14 3397
-  A +

Bolqar xiyarı

 

Bütün ümidlər "Bakı" və "Qarabağ"adı. Futbolçu və məşqçi legionerlərdənsə, yönətici legionerlərə ehtiyacımızın olduğunu bır daha vurğulamaqla yanaşı "daha Georgi Nikolov kimiləri də yox" sözlərini də əlavə etməliyik. Bolqar başqanın öz "futbol biliciləri"mizdən heç bir fərqinin olmadığını əksinə onun da bizim "patronlar"ın xasiyyətini götürdüyü gün kimi aydındı. Vuran adamlar yaxşı bilir ki, Bolqarıstan turşuları xüsusən bolqar xiyarı və bibəri dünyada məşhurdu. Amma bolqar futbol yönəticisi -  ekzotikadı.Keçmiş sosialist ölkələrindən, xüsusən də şərqi Avropadan Azərbaycana məmur legionerlər gətirmək kimin ideyasıdı bilmirəm. Bilmirəm Nikolovu Fuad Musayev gətirib ya kim gətirib amma həmin kişiyə bu işə görə "çox sağ ol" düşmür. Bu gedişlə növbəti legioner başqan da şərqi Avropadan olacaq. Allah rumın futbolunun başına oyun açan Cici Bekalidən saxlasın...

 

Boğazdan yuxarı çıxışlar

 

Azarkeşlər ümidlərini üzmür. “Bəlkə "Bakı", bəlkə "Qarabağ" deyirlər”. Məni daha çox "Qarabağ"ın çıxışı maraqlandırır. "Bakı"nın "İnter" ve "Simurq"dan ciddi fərqi yoxdu. "Bakı"nın heyəti əsasən legionerlərdən qurulub. Düzdür, iştirak ərizəsində 9 azərbaycanlı oyunçunun adı var. Amma onların oynamaq şansları çox azdı. Yalnız Saşa Yunisoglu və Elvin Əliyevin az da olsa əsas heyətdə oynamaq ehtimalı var. "Bakı"nın heyətində Aqil Məmmədov, Rəhman Hacıyev və Bəxtiyar Sultanov kimi istedadlı gənclər var. Aqil yaşından dolayı çox təcrübəsiz qapıçı olduğundan oynamaq şansı demək olar ki, yoxdu. Amma Rəhmanla Bəxtiyar əsas heyətdə oynamağa tam hazırdı! Bu ikiliyi "Ekranas"la oyunlarda görmək arzusundayam. İnanmaq istəyirəm ki, Haciyevski arzumu gözümdə qoymayacaq...
"Bakı"nın Litvadakı oyunundan iki gün sonra yerli transferlərlə daha da güclənən və yeni "xalq komandası" deyə biləcəyimiz "Qarabağ" Tronheymdə "Rusenborq"la matça çıxacaq. Həmin anlar gerçəkden də xalqımızın ürəyi "qaçqın komanda"yla döyünəcək. Təəssüf ki, "Qarabağ"ın Avropada çıxışı ölkəmizin adına böyük təbliğatdı" kimi pafoslu fikirlər səsləndirənlər bu oyunu Azərbaycan seyrcisinə göstərmək haqda düşünməyib. Bu cür boğazdanyuxarı çıxışlar edənlər üçün əslində üç müqəddəs şey var - pul, pul və yenə də pul. Onlar pulları yeməkdəykən "Qarabağ"ın oyununa baxa bilməyən azarkeşlərin ürəkləri Norveçdə  olacaq. Bu oyunu Haciyevskinın həmyerliləri yönətəcək. İnanırıq ki, makedon qardaşlar Azərbaycandakı həmyerlilərinin dediyi kimi yüksək səviyyəli hakimdirlər.
 

"Qarabağ" "Rusenborq"u keçə bilərmi?

 

Top yumru, meydan düzdü. Daha detallı analiz edəndə bu fikrin o qədər də aglasığmaz olmadığını görərik. Çünki, adından qorxduğumuz "Rusenborq" əvvəlki qədər qüdrətli deyil. Əski, "Rusenborq"dan 2 veteran - 39 yaşlı Roar Strandla Steffen İversen qalıb. "Tottenhem"in heyətindəki çıxışlarıyla (düzdü, bu 1996-2003-cü illərdə olub) tanınan 33 yaşlı hücumçu həmdə indiki "Rusenborq"da ən ünlü simadı.
"Rusenborq" Avroliqada "Qarabağ"dan əvvəlki rəqibi "Runavik"lə oyunlarda meydana yarıeksperimental heyətlə çıxıb. Məşhur
transfermarkt.de
saytının 325 min avro qiymət biçdiyi xorvat hücumçu Dario Zahora Tippeliqada cəmi 4 matçda iştirak etsə də, farerrilərlə hər iki oyunda başdan - ayağa meydanda olub və ilk matçda səfərdə 3:0 qalib gəldikləri oyunda 2 qol vurub. "Rusenborq"un əsas heyəti isə daxili çempionatda "Stremqodset"le bazar günü keçirdikləri qarşılaşmada mücadilə edib. Gəlin 4-2-3-1 sistemiylə oynayan rəqiblərimizin bu matçdakı ilk onbiri ilə daha yaxından tanış olaq:
                             Yarsteyn 
              Lustiq-Demidov-Stadsqaard-Dorsin

                          Annan-Tette   

             Sapara-İversen-Skyelbred

                                Prica

 

12. Rune Yarşteyn. Qapını 5 dəfə Norveç millisində forma geymiş  25 yaşlı "vikinq" qoruyur. Transfermarkt ona 1.4 milyon avro qiymət qoyub (bundan əvvəlki və sonrakı qiymətlərin hamısı tranfermarktdan götürülüb və bütün qiymətlər avroyla göstərilib).

 

2. Mikael Lustiq. Mudafiənin sağında klubun əsas heyətindəki 3 isveçlidən biri mübarizə aparır. 189 sm uzunluğunda olan  22 yaşlı skandinava bəstəboy futbolçularımız sürətləri və texnikalarıyla ciddi problemlər yaşada bilər. Lustiq U21-də 12 oyun keçirib və 1 qol vurub. Amma İsveçin əsas millisinə düşə bilmir. Cari Norveç çempionatında da 1 dəfə fərqlənən Lustiq "Runavik"lə səfər matçında penaltini dəqiq yerinə yetirib.Təxmini qiyməti 1.2 milyon.

 

13. Kris Stasqaard. "Rusenborq" müdafiəsinin iki mərkəz müdafiəçisindən biridir. 185 sm-lik danimarkalı ölkəsinin millilərinə dəvət almır. Krisin daşıdığı nəhs nömrənin "Qarabağ"la matçlarda ona uğursuzluq gətirəcəyinə inanırıq. Təxmini qiyməti 1.5 milyon.

 

11. Vadim Demidov. Riqada doğulan rusəsilli futbolçu tranfermaktın dəyərləndirməsinə görə "Rusenborq"un ən bahalı müdafiəçisidi. 185-smlik futbolçu Norveç pasportuna malikdi. Norveç millisində 1 oyun keçirib. Təxmini qiyməti 2,3 milyon.

 

3. Mikael Dorsin. 2004-cü ildə Rumıniyanın "Kluj" klubundan gələn təcrübəli futbolçu müdafiənin sol qanadının əvezedilməz simasıdı. İsveç millisində 12 dəfə forma geyinib. Təxmini qiyməti 1.7 milyon.


4.Antoni Annan. Qanalı dayaq yarımmüdafiəçisini 175 smlik boyu və 65 kq çəkisi ilə "Rusenborq"un Mehmet Aureliosu" adlandıra bilərik. Anna 16 dəfə Qana millisinin formasını geyinib. Təxmini qiyməti 1.4 milyon.

 

10. Alexsandr Tette. Norveç pasportlu bir başqa qanalı. Norveç millisində 2 oyun keçirən futbolçu nominal dayaq yarımmüdafiəçisi sayılsa da hücum etməyi daha yaxşı bacarır. Təsadüfi deyil ki, cari Tippeliqada hücumçulardan sonra ən çox qol vuran isimdi. Tette 5 dəfə fərqlənib. 180 smlik futbolçu klubun liderlərindəndi. Təxmini qiyməti 3 milyon.

 

27. Marek Sapara. "Beşiktaş"ın almaq istədiyi slovakiyalı klubun ən bahalı futbolçusudu. Sağ cinahda hücumameylli yarımmüdafiəçi kimi çıxış edən Sapara cari çempionatda 4 qol vurub. 18 matçda formasını geyindiyi Slovakiya millisində isə 2 dəfə fərqlənib. Təxmini qiyməti 3.5 milyon.

 

15. Per Skyelbredd. Uzun illər Norveç millisinin bazası rolunu oynayan klub son dövrlərdə yalnız 22 yaşlı Skyelbreddi yığmaya göndərir. Hücumameylli sol kənar yarımmüdafiəçisi millidə 7 dəfə forma geyib. Cari Tippeliqada isə 1 qol vurub. Bizlərdə norveçlilərin çoxunun uzunboylu olduğu fikri formalaşsa da, Annan və Saparayla yanaşı Skyelbred yarımmüdafiədə 175sm boya sahib üçüncü futbolçudu. Təxmini qiyməti 3 milyon.


14.Steffen İversen. Ötən əsrin sonunda Norveçdə yetişən "qızıl futbolçu nəslinin" karyerasını davam edən son təmsilçilərdən biri 185-smlik veteran Pricadan bir az arxada oynayır. Cari Tipperliqada 6 qol, "Runavik"lə matçlarda isə 1 qol vurub. Təxmini qiyməti 2 milyon.


30. Rade Prica. İversen kimi 185 sm olan isveçli komandanın əsas bombardiridi. Cari çempinatda 10 qol vuran (o cümlədən son oyunda "Stremqordsete" yeganə həlledici qolu) forvarda "Sanderlend" "elçi düşüb". İsveç millisində keçirdiyi 14 oyunda 2 dəfə fərqlənib. Təxmini qiyməti 2,7 milyon. 


Bir daha qeyd edim ki, Tipperliqadakı son matçlarında "Rusenborq"un ilk onbiri eynən belə olub. Məşhur
transfermarkt.de saytının dəyərləndirməsinə görə bu 11-liyin toplam qiyməti 22 milyon 200 min avrodu. "Qarabağ"la matçda "Rusenborq"un "Runavik"lə oyunlarda olduğu kimi bəzi ehtiyat üzvlərinə güvənəcəyini güman etmək olar. Ehtiyat oyunçulardan 173 sm-lik hücumçu Trond Olsenin məhsuldarlığı o qədər də pis deyil. Bu mövsüm Tipperliqada 5 dəfə, "Runavik"lə Tronheymdəki matçda isə bir dəfə fərqlənən 7 nömrə Norveç millisində də bir oyun keçirib. Fen-şuy fəlsəfəsinə görə ən uğurlu rəqəmə - 8 nömrəyə sahib olan kotdivuar əsilli Kanon Ya bu çempionatda bir qol vurub. Cərimə və künc zəbələrini yerinə yetirən hücumameylli yarımmüdafiəçi "Runavik"lə Tronheymdeki matçda penaltiden fərqlənib.

Transfermarktın ekspertlərinin fikrincə, ehtiyatda qalan Olsenin dəyəri 1 milyon, Kanon Ya 850 min, uruqvaylı müdafiəçi Laqo 800 min, burkino-fasolu yarımmüdafiəçi 650 min, kostarikalı müdafiəçi Roy Miller isə 600 min avro dəyərindədi. Tranfermarkt "Rusenborq" klubunun oyunçularına ümumən 29 milyon 150 min qiymət qoyub.
 

"Rusenborq" məğlubedilməz deyil!

 

Transfermarktda "Qarabağ" haqda məlumat isə yanlışlıqlarla doludur. Məsələn, bir ildən çoxdu komandadan ayrılan İsaac Pupo, Mamadubah Suma və Nodar Məmmədov, habelə mövsüm bitəndən sonra göndərilən Zekeriyyə Ramazani, Artım Şakiri və Denis Sokolovski (Sokolov) saytda yazılanlara inansaq hələ də ağdamlıların heyətindədi. "Transfermarktın "Qarabağ"ında 3 Vaqif var. Onların soyadları da bənzərdir - Cavadov, Djavadov ve Dzhavadov! Əvvəlki ikisində qiymət göstərilməsə də, sonuncunun qiyməti 150 min avrodu. Elnur Allahverdiyevin qiyməti 100.000, Elvin Məmmədovun isə 200.000-dir. Komandanın ən bahalı üzvləri isə Fərhad Vəliyev, Rəşad Sadıqov və Admir Telidir. Müvafiq olaraq 800 min, 900 min və 1 milyon avro.  Transfermarkt gerçək "Qarabağ"ı o cümlədən Emin İmaməliyevi, Vüqar Nadirovu, Əfran İsmayılovu, Rauf Əliyevi və başqa futbolçularımızı "Rusenborq" matçlarından sonra daha yaxından tanıya bilər. Bunun üçün rəqibin adından qorxmadan meydana çıxıb vuruşmaq lazımdı. "Rusenborq" məğlubedilməz deyil! Farerlilər göstərdi ki, "Rusenborq"la Tronheymdə də oynamaq olar. Norveçlilərin uzunboy müdafiəçilərinin sürətləri zəifdi. Vaqif, Vüqar, Elvin, Emin və başqa futbolçularımız bundan məharətlə istifadə etmək qabiliyyətindədi. Tronheymlilerin hücumları əsasən cinahlardan qurulur və cərimə meydançasında hava ötürməsiylə başa catır. Norveçlilərin ən zəif yerləri çox ağır olan arxa xəttdi! Bizim futbolçuların texnikası topu daha çox saxlamağımıza imkan verir ki, bununla da norveçliləri şoka salmaq olar! Farerlilərin Tronheymdəki ən böyük səhvləri qol vurduqdan sonra Foqtsun taktikasını seçib qapılarının agzına çəkilmələri idi. Amma hətta bu vəziyyətdə də "Rusenborq" futbolçuları tələsirdi və özlərini itirirdi. Iversenin kuryoz qoluyla hesabı bərabərləşdirən ev sahibləri hakim ədalətsizliyi olmasa maksimum heç-heçəylə kifayətlənəcəkdi.
 

Qurban Qurbanov özünü məşqçi kimi sübut edə biləcəkmi?

 

"Qarabağ"ın oyunçuları öz oyunlarını göstərə bilsə norveçliləri şoka salacaq! Vaxtı ilə "Qarabağ" indi "Liverpul"da parlayan Yossi Benayunun "Makkabi"sini keçməyi bacardı. "Rusenborq"da Benayun çapında ulduz yoxdu. Bilmirəm onda oyundan əvvəl oyunçuları kim qələbəyə kökləmişdi. Amma məncə belə adamlar var. Məsələn, əslən qarabağlı olan AFFA-nın eks-prezidenti Fuad Musayev. Elə Qurban Qurbanovun özü də pis deyil. Qurbanın səfərdə vurduğu iki qolla şoka saldığı serb millisi heç "Rusenborq"la müqayisə edilməyəcək dərəcədə güclü komanda idi! Futbolçu kimi Qurbanov millinin heyətində ən çox qol vuran isim kimi iz buraxıb. Məşqçi kimi "Neftçi"ylə "Rid"ə boyun əyən Qurbanov üçün bu matçların "kader anı" olduğunu deyə bilərik. Bəli, məhz "Rusenborq" mücadilələri artıq məşqçi kimi təcrübələnmiş Qurbanov-məşqçinin Qurbanov-futbolçu qədər başarılı olub-olmadığını göstərəcək! Bir daha deyirəm "Rusenborq" keçilməz rəqib deyil!
 

"Rusenborq"un qənimi – Məmmədov

 

"Rusenborq"u məğlub edən azərbaycanlı futbolçular var! Moskva "Spartak"ından yaxşı tanıdığımız Ramiz Məmmədov "Rusenborq"un ən super dövründə buna nail olub, özüdə Tronheymde! ÇL-in 95/96 mövsümündə əslən Borçalı mahalının Qarabulaq kəndindən olan Ramizin çıxış etdiyi "Spartak" ilk yarıdan sonra 0:2 hesabıyla uduzduğu matçda ikinci hissədə 4 qol vuraraq qalib gəlib. Məmmədov bu matçda 90 dəqiqə meydanda olub.

Həmin mövsüm "Spartak" qrupda keçirdiyi 6 oyunun hamısında qalib gəlmişdi, komandanın liderlərindən biri Ramiz Məmmədov isə, "Legiya" ilə səfər matçının tək qoluna imza ataraq bu uğurda böyük pay sahibi olmuşdu. Ramiz müdafiəçi olmasına baxmayaraq "Spartak"ın Moskvada "Blekbern Rovers"i 3:0 yendiyi matçda da qol vurmuşdu. Qarabulaqlı oğlan 99/00 mövsümündə çıxış etdiyi Kiyev "Dinamo"suyla "Rusenborq"u Tronheymde məğlub etmək sevincini bir daha yaşayıb. Yenə də 90 dəqiqə meydançada olan sağ kənar müdafiəçisinin komandası səfərdə 2:1 hesabı ilə qalib gəlib. Məmmədov Kiyevdə də eyni hesabla qalib gələn ukraynalıların heyətində 86 dəqiqə keçirib. İndi sıra "kiçik Məmmədovlardadı". Xüsusən Elvin Məmmədov bu soyadı doğrultmaq üçün çalışmalıdı!
 

"Rusenborq" uzağa gedə bilməyəcək!

 

Əhalisi Azərbaycandan iki dəfə az olan Norveçin bizimlə bir əsas oxşarlığı var. Onlarda da bizdə də neft çıxır. Amma bizdən fərqli Norveç dünyada insanların ən yaxşı yaşadığı yerdir. Təsadüfi deyil ki, azərbaycanlıların müstəqillik qazanandan sonra mühacirət etdiyi əsas ölkələrdəndən biri elə Norveçdi. Düzdü, rəsmi statistikaya görə orda azərbaycanlı çox deyil – təxminən 200 nəfər. Onların da çoxu Tronheymdə yaşamır. Amma Güney Azərbaycandan təxminən 2 min nəfər həmyerlimiz Norveçə pənah gətirib. Bir çox diaspora təşkilatlarımız da var. İnanırıq ki, onlar komandamızı yalnız buraxmayacaq! Fəqət imkan tapmadığı üçün Tronheym stadionuna hətta bir azərbaycanlı getməsə də dünyadakı milyonlarla azərbaycanlının qəlbi "Qarabağ"la olacaq.  "Qarabağ" bu oyunları udsa da uduzsa da onu tənqid etməyə kimsənin haqqı yoxdu! Əminəm ki, futbolçularımız bu matçlarda hər şeylərini ortaya qoyacaq. O ki, qaldı "Rusenborq"a Farer adalarının komandasıyla oyununa baxandan sonra bu qənaətə gəlmək olar ki, onlar "Qarabağ"ı keçsə belə avroliqada çox uzağa gedə bilməyəcək! "Rusenborq"un yolunu kəsən klubun məhz "Qarabağ" olmasına dua edək...

 

BAŞARILAR "QARABAĞ"! BAŞARILAR "QARABAĞ"! BAŞARILAR "QARABAĞ"!!! ÜRƏYİMİZ, QƏLBİMİZ, KÖNLÜMÜZ, HƏR ŞEYİMİZ SƏNİNLƏDİ!

 

ANAR ŞABANOĞLU,

 

[email protected]

 


Son xəbərlər