Toşak üçün kubokda debüt

XƏBƏR 16 Aprel 2013 / 17:30 1834
-  A +

Sabah Azərbaycan kubokunun ilk yarımfinal oyunları keçiriləcək. “Xəzər Lənkəran” aprelin 17-də “Bakı”nın qonağı olacaq. Bu görüş klubların ümumilikdə 32-ci qarşılaşması kimi tarixə düşəcək.
 
Qol.Az-ın klubun saytına itinadən yaydığı xəbərə görə, doqquz ildir davam edən rəqabətdə qələbə sayında paytaxt futbolçuları üstündür. "Bakı" 11, "Xəzər Lənkəran"  isə 8 dəfə meydanı qalib kimi tərk edib. Digər 12 görüşdə qalib müəyyənləşməyib. Ümumi top fərqində isə 31 qol vuran cənub təmsilçisi 29 dəfə qapısında qol görüb.
 
Əvvəlki matçlardan 24-ü çempionat, 7-si kubok çərçivəsində olub. Kubokda paytaxt təmsilçisi 4, futbolçularımız 2 qələbəyə sevinib və 1 dəfə “sülh”lə ayrılıblar. Kubok oyunlarındakı top fərqində bakılılar öndədir – 8:7. Lakin bu 7 matçı özündə birləşdirən 4 dueldə hər komanda 2 dəfə qalib olub. 2006/07 və 2008/09 mövsümlərində duellər 1/4 finala təsadüf edib. Əvvəl “Xəzər Lənkəran” (2:0 və 0:1) 2 il sonra isə bakılılar (0:1, 2:2) mərhələ adlayıb. 2009/10 mövsümündə finalda 1:2 hesabı ilə uduzan komandamız növbəti il rəqibini dayandıra bilib. Həmin – 2 il əvvəlki duel indiki kimi yarımfinala təsadüf edib. Onda komandamız səfər qolu ilə (1:0 və 1:2) mərhələ adlayaraq sonda 3-cü dəfə kubokun sahibi olub.
 
Son 3 ildə kuboku qazanan komandaların (2009/10 və 2011/12 mövsümlərində “Bakı”, 2010/11-də “Xəzər Lənkəran”) qarşılaşması “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. Komandanı 3 çempionat matçına çıxaran uelsli mütəxəssis 2 il əvvəl yarımfinalda “Bakı”nı udmaqla qazanılan kuboku yenidən Lənkərana gətirmək üçün daha 1 addımın atılmasına çalışacaq.

Son xəbərlər