U-16 Liqasının bombardiri mükafatlandırıldı

U-16 Liqasının bombardiri mükafatlandırıldı
XƏBƏR 23 Yanvar 2013 / 15:55 1834
-  A +

Bu gün U-16 Liqasının 2011/2012-ci il mövsümünün bombardiri, "Bakı" klubunun 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü olan Valeh Seyidov AFFA tərəfindən mükafatlandırılıb.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, tədbir V.Seyidovun təhsil aldığı Nərimanov rayonundakı "Ankara məktəbi" məktəb-liseyində təşkil olunub.

Tədbirdə əvvəlcə Valeh Seyidovla bağlı AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev çıxış edib. O bildirib ki, AFFA tərəfindən vaxtaşırı belə tədbirlər təşkil olunur və müxtəlif liqalarda yüksək nəticə göstərən futbolçular mükafatlandırılır: "Bu tədbirlər futbolun kütləviliyinin artırılması, təbliğatının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Futbolçuların təhsil aldıqları məktəblərdə mükafatlandırılması bütün şagirdlərin futbolla daha yaxından maraqlanmasına zəmin yaradır".

Sərxan Hacıyev AFFA-nın hədiyyələrini 42 qolla 2011/2012-ci il mövsümünün bombardiri olmuş Valeh Seyidova təqdim edib və futbolçu kimi ona daha böyük uğurlar arzulayıb.


Son xəbərlər