Çixradze: "Çempionluğa oynayacağımızı iddia etmirəm"
“Simurq” klubunun baş məşqçisi Georgi Çixradze Qol.Az saytına müsahibə verib.
- "Simurq" klubu Türkiyə toplanışı çərçivəsində yoxlama görüşü keçirəcək ilk komandadır. Qazaxıstan “Akjaik”i ilə oyuna hazırlıqlar necə gedir?
- Artıq beş gündü hazırlıqlarımız davam edir. Futbolçular kifayət qədər intensiv məşq edirlər. Hazırlıqlarımızın konkret bu oyunla bağlı olduğunu deməzdim. Biz bütövlükdə mövsümün qalan hissəsinə hazır olmağa çalışırıq.
- Bəxtiyar Soltanovdan başqa daha hansı transferlər olacaq?
- Biz əvəzedici heyətdən də perspektivli futbolçuları əsas komandaya cəlb etmişik. Həmçinin üç əcnəbi futbolçunu sınaqdan keçiririk. Bizə hücumçu və mərkəz yarımmüdafiəçisi lazımdı. Heyəti gücləndirməyimiz çox vacibdi. Çünki bizi qarşıda daha çətin oyunlar gözləyir.
- “Simurq”un liderlər sırasında yer alması sizi təəccübləndirmir?
- “Simurq” hələ ilk altılıqdakı yerini təmin etməyib. Mən çempionluğa oynayacağımızı iddia etmirəm. Bir qədər obyektiv olmaq lazımdı. Komandamız hələ yenidi.
- Yoldaşlıq oyunu keçirəcəyiniz rəqiblərinizi necə qiymətləndirirsiz?
- Düzünü deyim ki, sınaq matçlarında rəqibləri öncədən qiymətləndirmək olmur. Məsələn, güclü klublarla oyunda tamamilə zəif çıxış görə bilərsən. Yaxud, zəif klubla üz-üzə gəlib, güclü müqavimətlə üzləşirsən. Bizim əsas məqsədimiz isə sadəcə öz oyunçularımızı sınamaqdı.
- “Neftçi” klubu ilə qonşuluğunuz necə keçir?
- Normal. Yeri gəlmişkən, bir gün sonra biz başqa otelə köçəcəyik.
- Niyə?
- Uzun müddət bir yerdə qalmaq psixoloji cəhətdən çətindi.
- Hərdən “Neftçi”dəki həmkarınız Böyükağa Hacıyev “Simurq”u tənqid edir. O, belə hesab edir ki, komandanız “İnter”lə danışılmış oyunlara gedir...
- Mən həmkarlarımın dediklərinə diqqət yetirməməyə çalışıram. Biz hamımız eyni işi görürük. “Simurq” və “İnter”lə bağlı söhbətlər çoxdan var. Bu söhbətlər hələ mən “İnter”də işləyəndə də var idi. Bu mövsüm ilk dəfə bu komandanı çempionatda məğlub etdik. Amma yenə də həmin söhbətlər səngimədi. Yenə də qeyd edirəm ki, bütün bu söhbətlərə diqqət yetirmirəm. Məni ancaq komandamın çıxışı maraqlandırır.