"Xəzər Lənkəran" 15-ci qələbəyə doğru

"Xəzər Lənkəran" 15-ci qələbəyə doğru
XƏBƏR 30 Noyabr 2012 / 15:30 2466
-  A +

Azərbaycan Premyer Liqasının XV turunda “Xəzər Lənkəran” 3 oyunluq səfərlərə son qoyacaq.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatın son 2 matçında “Bakı” və “Kəpəz”in, ölkə kubokunda isə “Turan”ın qonağı olduqdan sonra doğma meydana qayıdan "Xəzər Lənkəran" AZAL-ı qəbul edəcək.
 
Bu qarşılaşma rəqiblər arasında 22-ci duel olacaq. İndiyədək komandalar 17 dəfə çempionat, 4 dəfə kubok çərçivəsində görüşüblər. Bu matçlarda 14 dəfə qalib gələn “Xəzər Lənkəran” XV turun oyununda 15-ci qələbəni qazanmağa çalışacaq. Cəmi 3 dəfə məğlub olan komanda 4 dəfə heç-heçə ilə kifayətlənib. 21 matçda 28 qol vuran Lənkəran təmsilçisi cəmi 10 dəfə qapısında qol görüb.
 
Çempionatdakı oyunlara gəlinсə, AZAL-ın 2005/06 mövsümündə həmin vaxt güclülər dəstəsi adlanan Premyer Liqada keçirdiyi ilk matç məhz “Xəzər Lənkəran”a qarşı olub. Həmin vaxt 2:0 hesabı ilə qalib gələn Lənkəran klubu ümumilikdə 12 dəfə rəqibini məğlub edib, 3 heç-heçə edib və yalnız 2 dəfə uduzub. Premyer Liqadakı qarşılaşmalarda top fərqi 23:7-dir.
 
2007/08 və 2009/10 mövsümlərində isə AZAL-la "Xəzər Lənkəran"ın yolları kubokda kəsişib. Hər iki halda mərhələ keçən “Xəzər Lənkəran” ev matçlarında qələbə qazanıb. Səfərdə isə heç-heçə və məğlubiyyət qeydə alınıb. Bu görüşlərdə top fərqi cənub təmsilçisinin xeyrinədir - 5:3.
 
Bakılılarla son oyunlar isə “Xəzər Lənkəran”ın istisnasız qələbələri ilə başa çatır. Ardıcıl 4 qələbə qazanan komanda bu qarşılaşmalarda qol da buraxmayıb. Bu 4 görüşün ikisində böyük hesaba sevinən "Xəzər Lənkəran" 9 dəfə rəqib qapısına yol tapıb.

Son xəbərlər