Füzuli Cavadov: “Samir Abbasovu azərbaycanlı saymıram”

XƏBƏR 28 May 2009 / 14:08 3134
-  A +

“Neftçi”nin sabiq futbolçusu, Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun atası Füzuli Cavadov Qol.Az-a müsahibə verib

- Füzuli müəllim, artıq növbəti çempionatı da arxada qoyduq. Nə deyə bilərsiniz?
- Mən həmişə bu fikri demişəm. Tanıyanlar, bilənlər, mətbuatda fikirlərimizi izləyənlər də bunu bilirlər. Hər çıxışımda qeyd edirəm ki, Azərbaycanda daha çox yerli futbolçu oynamalı, yerli mütəxəssis çalışmalıdır. Legionerlər gəldi- gedərdi. Bu gün var, sabah yoxdurlar. Özü də səviyyələri də yoxdur axı. Səviyyəli legioner heç vaxt Azərbaycana gəlməz. Hamısı bura pul qazanmağa gəlir. Mənə ən çox təsir edən bilirsiniz nə oldu? Bizim medianın mövsümün yekunlarına dair etdiyi seçim. Bütün nominasiyalarda legionerləri üstün tutdular. Orada bir nəfər də olsun, yerli futbolçu yox idi. Mən heç Samir Abbasovu da təmiz azərbaycanlı saymıram.
- Bəlkə burada jurnalistləri qınamayaq? Çünki qaliblər iddialı klubların heyətindən seçilir. Həmin klublarda oynayan futbolçuların 90 faizi isə legionerdir.
- Yox, mən yenə də seçimdən narazıyam. Bu, ona əsas vermir ki, bütün nominasiya üzrə əcnəbiləri ən güclü seçəsiniz. Bizim Fərhad Vəliyev, Kamran Ağayev kimi güclü, yerli qapıçılarımız var. Hər ikisi milli komandanın da əsas qapıçılarıdır. Onlar qala-qala Sissokodur, kimdir, onu seçməyə mən heç cürə haqq qazandırmıram. Yaxud ən yaxşı hücumçu nominasiyasına baxaq. Orada nəyə görə Vaqifin (Vaqif Cavadovun) adı olmamalıdır? Oğlum olduğu üçün demirəm. O nominasiyada qalib adını İvan Svetkov qazandı və şəxsən mən özüm də, münsiflər heyətinin üzvü kimi ona səs verdim. Çünki həqiqətən də statistikaya nəzər salsaq, onun bu ada layiq oynadığını görə bilərik. Lakin onu həm mövsümün ən yaxşı hücumçusu, həm də ən yaxşı oyunçusu seçmək... Olmaz axı belə. Harada belə seçim var ki, bir futbolçu həm ilin ən yaxşı hücumçusu olur, həm də, futbolçusu?
- Vaqifin cari mövsümdəki oyununu necə qiymətləndirərdiniz?
- Bəlkə bu haqda danışmayaq? Çünki oğlum olduğundan onun haqqında hər hansı fikir desəm, istənilən halda obyektiv qəbul olunmayacaq.
- O zaman siz də ata Cavadov kimi yox, veteran futbolçu, futbol mütəxəssisi Cavadov kimi fikir bildirin.
- Normal mövsüm keçirdi, mən narazı qalmadım onun çıxışından. Təbii, səhvləri də oldu. Demirəm ki, Vaqifdə hər şey idealdır. Amma inanıram ki, yavaş-yavaş öz üzərində işləyib həmin nöqsanları da aradan qaldıracaq. Ümumilikdə son bir ildə onun artırdığını deyə bilərəm.
- Vaqifdə hücumçu kimi ən çox sizi narazı salan cəhət hansıdır?
- Qol epizodlarını çox boşa verir. Bunun üzərində ciddi işləməlidir.
- Sizə elə gəlmir ki, Azərbaycana qayıtmaqla o geriyə addım atdı?
- Bilirsiniz, o vaxtı da demişdilər ki, Vaqif bataqlığın içinə girdi. Eyni sözləri bacım oğlu İlqar Qurbanovun da haqqında demişdilər. Amma məsələ tamam başqadır. İndi aydınlıq gətirim. Bayaq Svetkovun adını çəkdim. Çox yaxşı futbolçudur. Azərbaycana gəlməmişdən öncə daha yaxşı oynayırdı. Niyə bura gələndən sonra gerilədi? Çünki yerli mentalitetə uyğunlaşa bilmədi. O cümlədən də, digər əcnəbi futbolçular. Məsələn, hamısı bura öz həyat yoldaşları, nişanlıları ilə gəlir. Deyək ki, Serbiyadan, Bolqarıstandan, Ukraynadan və yaxud digər Avropa ölkələrindən. Bu adam Kiyevdən, Sofiyadan, Belqraddan birdən-birə düşür Zaqatalaya, yaxud Lənkərana. Nə görür orada? Bar, diskoteka, heç bir əyləncə mərkəzi yox. Olan ancaq çayxanadır, bir də kababxana. Bəs, o, necə əylənsin?
- Belə fikirləşirsiniz ki, futbolçu üçün bu amillər də əsas şərtdir?
- Bəs necə?! Əyləncə, istirahət futbolçu üçün çox vacibdir. Gərgin məşqlər edirsən, oyunlar oynayırsan. Bunun stressini harada atmalısan? Çayxanaya getməlisən? Avropadan gələn futbolçu həyat yoldaşını, nişanlısını götürüb rayon yerində çayxanaya getməlidir? Ya diskotekaya gedib əylənməlidir, heç olmasa, bir stəkan pivə içməlidir, yaxud saunaya gedib gərginliyini çıxarmalıdır. Bunlar sizə elə belə-gəlməsin. Rayonda bunların heç biri yoxdur. Məşqi elədin qurtardın, yedin-içdin, gəldin bazaya, qurtardı getdi, yıxıl yat. Başqa məşğuliyyət yoxdur. Ona görə həmin bədəndən çıxmalı olan enerji qalır içəridə. Artıq çəki də olur, futbolçu da yavaş-yavaş əvvəlki formasını itirir. Bunlar sizə elə-belə gəlməsin. Avropada əyləncə futbolçunun həyat tərzinin əsas hissəsini təşkil edir. Ona görə də, əyalət klublarında oynayan legionerlər rəhbərliyə təzyiq edir ki, Bakıda yaşamaq istəyirəm. Hər halda Bakı böyük şəhərdir və bütün bu imkanlar burda var.
- Deməli, rəhbərlik də futbolçularla hesablaşır. Görünür, bu səbəbdəndir ki, imkanlı rayon klublarımız Bakıda məskunlaşıblar.
- Bilirsiniz, rəhbərlik də məcburdur həmin legionerin tələbi ilə hesablaşmağa. Yəni, futbolçu haqlı tələb irəli sürür. Əylənmək futbolçunun haqqıdır.
- Vaqifi çox qınadılar ki, Moskva MOİK-ində qalıb daha irəli getmək əvəzinə “Qarabağ”la müqavilə bağladı
- İlk dəfə bu mübahisəyə də aydınlıq gətirim. Birincisi, Vaqif Azərbaycana pul dalınca gəlməyib. Bizim nəsil ümumiyyətlə, heç vaxt pul dalınca qaçmayıb. Nə mən, nə qardaşım İsgəndər Cavadov, nə də oğlum. Azərbaycan çempionatında oynayan yerli futbolçuların qazanclarını əks etdirən siyahını əldə edib baxsanız, görərsiniz ki, Vaqif ən az pul alan oyunçulardandır. O vaxt o mən deyərdim ki, “Qarabağ”a pulsuz gəldi. Vaqif əslində “Kocaelispor”a getməli idi. Amma bizi aldatdılar. Vaqifin artıq yaşı 16 olmuşdu deyə, əvəzedicilərlə qurtarmalı idi. Türkiyə klubu heyətinə dəvət etdi. Götürdüm getdik, orada məlum oldu ki, bizdən 100 min dollar pul istəyirlər.
- Nəyə görə?
- Rusiya MOİK-nə vermək üçün. Çünki Vaqifin orada müqaviləsi qalmışdı. Mən də dedim ki, 100 min pulum var? Biz axı belə danışmamışdıq. Siz onun oyununu bəyənib dəvət etmisiniz. Biz də, bu qədər müddətdir bütün planımızı “Kocaelispor” üçün qururuq. Başqa heç bir təklifi nəzərdən keçirmirik. İndi niyə problem yaradırsınız? Bu məsələni siz özünüz Rusiya klubu ilə həll etməlisiniz. Nə isə, dedilər ki, yox e, MOİK-ə 100 min pul vermək lazımdır, onu da özünüz verin, bizim belə fikrimiz yoxdur. Mən də soruşdum ki, siz Vaqifə görə 500-600 min dollar transfer haqqı söz verməmişdiniz? 100 mini həmin puldan çıxıb verin MOİK-ə, biz razıyıq. Ona da razı olmadılar. Gördüm ki, bizi aldadırlar. Artıq elə vaxt idi ki, bütün transferlər də reallaşmışdı, biz də nə qədər vaxt itirmişdik. MOİK-də də dediyim kimi, əvəzedicilərə yaşı düşmürdü, əsas komandada da onun mövqeyində Vaqner Lav, Jo kimi hücumçular oynadığından ora da götürmürdülər. Belə olan halda “Kocaelispor”un o vaxtkı məşqçisi, Rasim Karanın dostu Fatih hoca zəng eləmişdi Karaya ki, bəs, belə bir istedadlı uşaq var, imkan vermək olmaz, o batsın, götür komandana. Bax, Vaqif «Qarabağ»a bu olaylardan sonra gəldi.
  
 


Son xəbərlər