Futbol yarışlarını hakimsiz təsəvvür etmək qeyri mümkündür. Hakim olmasa, meydanda özbaşnalıq baş alıb gedər. Hakimlərdən yarışı obyektiv keçirməklə bərabər, prinsipiallıq və qətiyyət göstərmək də tələb olunur.
Ölkəmiz dünya hakimləri sırasına neçə-neçə görkəmli simalar bəxş edib. İki dəfə dünya birinciliklərində hakimlik etmiş Tofiq Bəhramov Azərbaycanı bütün dünyada tanıtdırıb. Hakimlik estafetini Bəhramovdan alan beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə yüksək peşəkarlığı sayəsində dünyanın məşhur futbol hakimləri sırasında layiqli yer tutub. O, 70-ci illərin ortaları, 80-ci illərin əvvəllərində sovet və dünya futbolunda ən ədalətli referilərdən biri kimi ad qazanıb.
Mexiko, Madrid, İstanbul, Paris, Tehran və Barselona kimi şəhərlərdə oyun idarə etmiş Əzimzadə daim yüksək səviyyəsi ilə beynəlxalq qurumların rəğbətini qazanıb. Məhz bunun da nəticəsidir ki, Eldar Əzimzadə Olimpiya oyunları futbol turnirinin həlledici final matçını idarə etmiş yeganə sovet hakimi olub.
Eldar Əzimzadə 1934-cü il mayın 25-də Bakıda anadan olub. Yeniyetmə yaşlarından İçərişəhərin məhəllələrində yaşıdları ilə top qovan Eldar komandada hücumçu kimi oynayırdı. O, müdafiəçilərlə mübarizədən çəkinmir, texnikası və qol vurmaq bacarığı ilə yoldaşlarından fərqlənirdi. Günlərin birində oyundan sonra istirahət edərkən hündürboylu, möhkəm bədənli bir kişi Eldara yaxınlaşaraq, özünü təqdim etdi. Bu, idman ustası Naum Naumtsev idi. Əlbəttə, o vaxt “Neftçi”nin əsas müdafiəçilərindən biri olmuş Naumtsevi tanımayan yox idi. O, dərhal gəlişinin məqsədini bildirdi: “Mən Andreyev adına zavodun futbol komandasının məşqçisiyəm. Əgər bizim komandada oynamaq istəyirsənsə, sabahdan məşqə başlaya bilərsən”.
Gənc Eldarın futbolçu karyerası belə başladı. Bir gün məşqdən sonra N. Naumtsev bildirdi ki, Bakı birinciliyi uğrunda yarışlar başlayır və onlar ilk oyunu Qaradağ rayonunun komandasına qarşı keçirəcəklər. Həmin matçda 1:0 hesabı ilə qalib gələn zavod komandasının heyətində meydana çıxmış E. Əzimzadə yeganə qolun müəllifi oldu.
1952-ci ildə 18 yaşlı Eldar Azərbaycanın gənclərdən ibarət milli komandasının tərkibində Daşkənddə keçirilən SSRİ birinciliyində iştirak edib. 1957-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda təhsilini bitirdikdən sonra Əzimzadə ali məktəbdə qalaraq, futbol üzrə müəllim işləyib. O zaman kafedrada Tofiq Bəhramov, Şamil Rzayev, Boris Zayonts kimi tanınmış mütəxəssislər çalışırdılar. Eldar da təcrübəli müəllimlərin biliklərindən bəhrələnirdi. Həmin ilin sentyabr günlərinin birində Bakı birinciliyi uğrunda yeniyetmələrdən ibarət “Dinamo” və “Spartak” komandaları qarşılaşmalı idilər. Futbol Federasiyasında işləyən Boris Zayonts çox narahat idi. Nə səbəbdənsə matçın hakimi gəlib çıxmamışdı. O, Eldarı yanına çağırıb, oyuna hakimlik etməyi ondan xahiş etdi. Əzimzadə bir qədər tərəddüd edəndən sonra razılıq verdi. Onun hakimlik karyerası da beləcə gözlənilməz başladı. İki ildən sonra Əzimzadə artıq respublika birinciliyinin oyunlarını idarə edirdi.
1961-ci ildə SSRİ futbol federasiyasının Hakimlər kollegiyası tərəfindən Azərbaycanın bir qrup hakimi - B. Zayonts, T. Bəhramov, T. Vəliyev, Y. Qriqoryev, N. Məmmədzadə ilə yanaşı E. Əzimzadəyə də ölkə çempionatının oyunlarını idarə etmək təklif olunub. Gənc Eldar ümumittifaq yarışlara referi kimi ilk dəfə Qroznının “Terek” və Riqanın “Dauqava” komandaları arasında keçirilən matçda çıxıb. Təcrübəli hakimlər Teymur Vəliyev, Yuri Qriqoryev həmin oyunda Əzimzadənin köməkçiləri olublar. Futbol icmalçısı, idman ustası Aleksey Leontyev “Futbol” həftəliyində həmin oyun barədə belə yazmışdı: “SSRi-nin bacarıqlı futbol hakimləri sırasına daha bir hakim - bakılı Eldar Əzimzadə daxil oldu”.
Bundan sonra E. Əzimzadə SSRİ çempionatının güclülər dəstəsinin (o zaman “A” qrupu adlanırdı) oyunlarında baş hakim kimi birinci dəfə 1967-ci il sentyabrın 25-də Moskvada “Torpedo” və “Zarya” komandaları arasındakı matçı idarə edib. Həmin oyuna nəzarət edən nüfuzlu komissiya E. Əzimzadənin hakimliyinə belə rəy vermişdi: “Oyun “yaxşı” qiymətə layiqdir. E. Əzimzadə güclülər dəstəsində növbəti görüşlərə tövsiyə edilməlidir”. İlin sonunda həmyerlimiz ümumittifaq dərəcəli hakim adına layiq görüldü.
1968-ci il mövsümündə bir neçə oyunu idarə etdikdən sonra bakılı referini çempionatın ən məsul matçlarından sayılan “Dinamo” (Kiyev) - “Torpedo” (Moskva) “dueli” gözləyirdi. Həmin qarşılaşma haqqında təəssüratlarını Eldar Əzimzadə “Məhəbbətim mənim - futbol” adlı kitabında oxuculara belə nəql edir: “Bu xəbəri eşidəndə qulaqlarıma inanmadım. Çünki bu, çox prinsipial oyun idi. Mən, köməkçilərim Rauf Adıgözəlov və Əliskəndər Nağıbəyov Ukrayna paytaxtına gəldik. Oyunun inspektoru Nikolay Latışev bizi gözləyirdi. 95 min tamaşaçı ilə bərabər, stadiona Ukrayna KP MK-nın birinci katibi Şelest və onun komandası da təşrif buyurmuşdu. Belə halda dizlərin necə əsməsin? Meydana çıxanda yenə də rəhmətlik anamın mənə bağışladığı Quranı öpüb cibimə qoydum. Bu həyəcanlı dəqiqələrdə onun köməyinə ümidim böyük idi.
Oyun çox gərgin keçirdi. 35-ci dəqiqədə Streltsov hesabı açdı. Birinci hissə torpedoçuların xeyrinə qurtardı. Fasilədən sonra dinamoçular nəinki bu topun əvəzini çıxdılar, hətta 88-ci dəqiqədə qələbə topunu da vurdular.
Ertəsi gün “Sovetski sport” və digər mərkəzi qəzetlər məni bərk tənqid etdilər. Etiraf etməliyəm ki, bu ədalətli tənqid idi. Çünki kiyevli İ. Sabo kobud oynayırdı. Hətta bir epizodda fit çalınandan sonra özünü çox intizamsız apardı. O, topu götürüb rəqibin üzünə vurdu. Bu hərəkətinə görə Sabo meydandan qovulmalı idi. Mən isə ona sarı vərəqə göstərməklə kifayətləndim”.
Belə səhvlərə görə hakimlər də cəzalanırlar. Altı ay müddətinə hakimlikdən kənarlaşdırılandan sonra E. Əzimzadə yenidən SSRİ çempionatının birinci və güclülər dəstələrinin oyunlarını idarə etməyə başladı.
1974-cü il həmyerlimiz üçün ən uğurlu illərdən biri olub. SSRİ birinciliyi oyunlarında “yaxşı və “əla” qiymətlərlə hakimlik etdiyi üçün ilin sonunda onun adı ölkənin on ən yaxşı hakimi siyahısına daxil edildi.
1976-cı ilin fevralında Əzimzadə ilk dəfə beynəlxalq matça hakimlik etmək üçün dəvət alıb. İranda 12 ölkənin gənclərdən ibarət milli komandasının iştirakı ilə beynəlxalq turnir təşkil olunmuşdu. İran turnirindən sonra həmyerlimiz UEFA kuboku uğrunda Rumıniyanın ACA komandası ilə Yuqoslaviyanın “Srevena Zvezda” klubu arasındakı matçı idarə edib. Bu oyunda ona tanınmış hakimlər - kaunaslı K. Andzyülis və riqalı M. Rubenis kömək ediblər. Gözlənildiyi kimi təcrübəli Yuqoslaviya futbolçuları böyük hesabla qalib gəlmişdilər. Həmin matçdan sonra bakılı hakim UEFA turniri çərçivəsində İstanbulun “Qalatasaray” və İngiltərənin “Aston Villa” komandalarının görüşünü idarə etmək üçün Türkiyədən dəvət alır.
1977-ci ildə Tunisdə yeniyetmələrdən ibarət milli komandalar arasında keçirilən birinci dünya çempionatında SSRİ-ni azərbaycanlı hakim Eldar Əzimzadə təmsil edib. Orada mərkəzi oyunlardan birini - Tunis-İspaniya görüşünü (1:1) idarə etdikdən sonra həmyerlimiz beynəlxalq dərəcəli hakim normasını ödəyib. Həmin il SSRİ birinciliyinin güclülər dəstəsində 100-dən artıq matça hakimlik etdiyinə görə Əzimzadə SSRİ Futbol Federasiyasının qızıl medalına layiq görülüb və o, dördüncü dəfə ölkənin on ən yaxşı hakimi siyahısına daxil olub.
İldən - ilə Eldar Əzimzadənin idarə etdiyi beynəlxalq oyunların sayı artırdı. 1978-ci il onun üçün çox sevindirici olub. FİFA-ya göndərilən SSRİ-nin yeddi ən yaxşı hakiminin siyahısında onun adı dördüncü idi. Bu isə ona dünya və Avropa çempionatlarının seçmə matçlarına hakimlik etmək hüququ verirdi. Həmin il Əzimzadə Danimarka - Portuqaliya görüşünü idarə edib. Bu, onun milli komandalar səviyyəsində idarə etdiyi ilk rəsmi oyun olub.
Matç zamanı belə bir hadisə baş verib. Görüşün ortalarında tribunadan meydançaya daş atılıb. Əzimzadə oyunu dayandırıb, matçın komissarını meydana dəvət edərək deyib ki, qoy stadionda elan edilsin, əgər bir də meydana daş atılsa, o, görüşü dayandırıb, yerli komandaya məğlubiyyət verəcək. Bundan sonra azarkeşlər özlərini intizamlı aparıblar.
1979-cu ildə həm SSRİ çempionatının məsul görüşlərində, həm də UEFA turnirləri çərçivəsində keçirilən prinsipial matçlarda yüksək səviyyədə hakimlik etdiyi üçün E. Əzimzadəyə təkcə qalib komandaların deyil, həm də məğlub olmuş klubların rəhbərləri tərəfindən təşəkkürlər edilərək, xatirə hədiyyələri təqdim olunub. Buna misal olaraq “Barselona” - “İpsviç” və “Torino”- “Ştutqart” matçlarını göstərmək olar. Bu oyunları yüksək səviyyədə idarə etdiyinə görə FİFA 1979-cu ildə E. Əzimzadəyə beynəlxalq dərəcəli hakim adını verib.
Nəhayət, 1979-cu ildə futbol mövsümünün yekunlarına görə Sovet İttifaqının 1 nömrəli hakimi seçilən Eldar Əzimzadəyə Moskva Yay Olimpiya oyunlarının futbol turnirinə hakimlik etmək həvalə olunur. Olimpiada ərəfəsində bakılı hakim yarışları idarə edəcək referilərin Almaniyanın Dyusburq şəhərində keçirilən seminarında iştirak edir. Bundan əlavə, o, Avro-80 seçmə oyunları çərçivəsində Belçika - Şotlandiya, habelə Olimpiya turnirinin seçmə matçı olan Çexoslovakiya - Polşa görüşlərini də idarə etməli olub. Yeri gəlmişkən, bir hadisəni də xatırladaq. Praqa matçı ərəfəsində ürəyində ağrı hiss edən Eldar müəllim bunu heç kimə bildirməyib. Yalnız Bakıya qayıtdıqdan sonra ailə üzvlərinin təkidi ilə çağırılan hakimlər onun ürəyinin ciddi xəstə olduğunu müəyyənləşdiriblər. İki-üç aylıq müalicədən sonra Əzimzadənin səhhəti yaxşılaşıb və o, hakimliyini davam etdirib.
Olimpiya yarışlarının birinci turunda İspaniya - Əlcəzair görüşünü idarə edən həmyerlimizin köməkçiləri Milçenko və Stupar olublar. Nikolay Latışev bu xəbəri eşidəndə FİFA-nın Avropa Hakimlər Komitəsinin sədri Zaypertdən təəccüblə soruşub: “Nə üçün məhz Əzimzadə?” O isə belə cavab verib: “Mən Eldar bəyə inanıram. O, çox yaxşı hakimdir”. Qrup oyunları Leninqradda (indiki Sankt-Peterburq), Kiyev və Minsk şəhərlərində keçirilirdi. Yarımfinal və final matçları isə Moskvada oynanılıb. Finala iki gün qalmış FİFA-nın o zamankı baş katibi Yozef Blatter həmyerlimizi mehmanxanada görüb, onu həlledici oyuna baş hakim təyin olunması münasibəti ilə təbrik edib. Final matçının hakimlik məsələsi müzakirə olunarkən Zaypert qeyd edib ki, finalda iki sosialist ölkəsinin komandaları qarşılaşacaqlar. Ona görə də həlledici görüşün hakimliyi Eldar Əzimzadəyə həvalə olunur. Köməkçiləri isə italiyalı Latanzi və isveçli Erikson olacaqlar.
1980-ci il avqustun 2-də XXII Yay Olimpiya oyunlarının futbol turnirinin final matçı Moskvanın mərkəzi stadionunda 85 min tamaşaçının iştrakı ilə keçirildi. Turnirin sayca 32-ci, ən axırıncı matçında yarışların ən güclü komandaları - Çexoslovakiya və Almaniya Demokratik Respublikası qarşılaşdılar. İlk dəfə idi ki, belə bir möhtəşəm turnirin final görüşünü Sovet hakimi idarə edirdi. Həmyerlimiz çətin imtahan qarşısında idi.
Oyun gözlənildiyi kimi, çox gərgin keçdi. Birinci hissədə qol vurulmadı. Fasilədən sonra mübarizə daha sərt şəkil aldı. Görüşün qurtarmasına yarım saat qalmış qarşılıqlı kobud oyuna görə hakim alman Ştaynbaxı və çex Bergeri meydandan çıxardı. 77-ci dəqiqədə Çexoslovakiya komandası sol cinahdan sürətlə hücuma keçdi və Sloboda hesabı açdı - 1:0. Bu matçın yeganə qolu oldu. Çex futbolçuları ilk dəfə Olimpiya çempionu oldular. Mətbuat konfransında hər iki komandanın məşqçisi belə bir ümumi fikir söylədilər ki, meydanda ən yaxşı təsir bağışlayan oyunun hakimi idi.
Axşam “Sport” mehmanxanasında Olimpiya oyunlarının iştrakçıları üçün verilən ziyafətdə FİFA prezidenti Joao Avelanj final görüşünü əla idarə etdiyi üçün Eldar Əzimzadəyə xüsusi medal və diplom təqdim etdi. Oyunun komissarı Zaypert isə hər üç hakimə “Əla” qiymət verdiyini elan etdi. Bununla da Olimpiada - 80 idman tarixinə qovuşdu.
Olimpiya oyunları başa çatdıqdan sonra həmyerlimiz SSRİ çempionatı və ölkə kuboku uğrundakı oyunları da yüksək səviyyədə idarə etdiyi üçün mövsümün sonunda ikinci dəfə ölkənin bir nömrəli futbol hakimi seçildi.
1982-ci ildə FİFA-nın prezidenti Joao Avelanjın şərəfinə Meksikada yeniyetmələrin beynəlxalq turniri keçirilirdi. Turnirin hakimlər korpusuna Sovet İttifaqından yalnız Eldar Əzimzadə daxil edilmişdi. Finala SSRİ-nin milli komandası çıxdığı üçün təbii ki, Əzimzadə həmin matça hakimlik edə bilməzdi. O, üçüncü yer uğrunda Meksika - Avstraliya komandalarının oyununa hakimlik etdi və qarşılaşmanı qüsursuz başa çatdırdı. Həmin il xüsusilə yaddaqalan oldu. Çünki həmyerlimiz ilin sonunda üçüncü dəfə SSRİ-nin ən yaxşı hakimi elan edildi.
1983-cü ildə Respublika Bədən tərbiyəsi və İdman Komitəsinin futbol şöbəsinə rəis təyin olunan E. Əzimzadə 49 yaşında sonuncu dəfə güclülər dəstəsində “Torpedo” (Moskva) və “Jalgiris” (Vilnyus) komandalarının oyununu idarə etdi. O zamankı qaydaya görə, güclülər dəstəsində oyunlara 50 yaşına çatmamış adamlar hakimlik edə bilərdilər. Eldar Əzimzadənin hakimliklə vida matçı isə birinci dəstənin komandaları olan Nikopolun “Kolos” və Alma- Atanın “Kayrat” futbolçuları arasındakı görüş oldu. Tofiq Bəhramovdan sonra futbol üzrə beynəlxalq dərəcəli hakim adına layiq görülmüş ikinci azərbaycanlı hakim Eldar Əzimzadə futbol dairələrində, həqiqətən, yüksək nüfuza malik, ədalətli, prinsipial və qərəzsiz referi idi. Onun idarə etdiyi oyunların şahidi olanlar qürur hissi keçirir və həmin günləri iftixarla yad edirlər.
1994-cü ildə ölkəmizin idman ictimaiyyəti E. Əzimzadənin 60 illik yubileyini təntənə ilə qeyd etdi. Bakı komandaları arasında futzal turniri təşkil edildi və yubilyar yarışın baş hakimi oldu. Sonda qeyd edək ki, hakimlik estafetini E. Əzimzadədən qəbul edən gənc hakimlər Rauf Adıgözəlov, Rüstəm Rəhimov, Əliskəndər Nağıbəyov, Asəf Namazov, Vladimir Koqanov və başqaları ölkə birincilikləri və kubok yarışlarını uğurla idarə ediblər.
2003-cü il yanvarın 20-də haqq dünyasına qovuşan beynəlxalq dərəcəli hakim Eldar Muxtar oğlu Əzimzadənin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
"Komo" "Barselona"nın futbolçusu üçün danışıqlara başladı
"Yuventus" yeni transferini açıqladı
Juninyo rəsmən "Flamenqo"da
"Portu" 18 yaşlı belaruslunu transfer etdi
Zamiq Əliyev qol vurdu, komandası darmadağınla qalib gəldi
Ronaldo "Əl-Nəsr"ə sahiblik edə bilər
Ançelotti gənc oyunçusunu niyə oynatmır?
Arauxo qərarını verdi
Lunyov: “Avrokuboklar üçün darıxıram”
“Mingəçevir”də baş məşqçi seçiminə aydınlıq gətirildi
“Qarabağ”ın futbolçusuna ağır itki üz verdi
"Kəpəz"ə sponsor tapılıb?
UEFA PSJ-nin Mbappeyə olan borcu məsələsinə baxmayacaq
"Mingəçevir" sponsorluq müqaviləsi imzaladı - Şəkillər
Arauxonu Deku razı salmağa çalışır
Gündoğan üçün 2 iddia: "Qalatasaray" və ya məşqçilik
Nuri Şahinin istefaya göndəriləcəyi gözlənilir
Avropanın rəmzi komandası açıqlandı
Rus futbolçu "Turan Tovuz"a ruhdan düşdüyünə görə gəlib
"Neftçi"dən ayrılan futbolçunun yeni klubu bilindi
Teo Maldinini geridə qoydu
"Çalışacağıq ki, Bakıya qrup lideri kimi dönək"
Çempionlar Liqasının "ölüm-dirim" matçı Bakıda
Klopp məşqçi kimi çalışmaq istəyir
PSJ-nin hücumçusu "Yuventus"a transfer olundu
Juninyo tibbi müayinədən keçdi, debüt matçı bilindi
"Liverpul"dan xal itkisi - Video
“Qarabağ”dakı bu matçları 2024-cü ilin hadisələri adlandırdı
"Milan"dan əzmkar qələbə - Video
Azərbaycan klublarının qış transferləri - Yenilənir
"Borussiya" səfərdə məğlub oldu - Video
"Sumqayıt" yoxlama oyununda qalib gəlib
Ronaldonun yeni müqaviləsinin detalları bəlli oldu
Reşford "Barselona"ya şərt qoydu
"Arsenal"ın futbolçusu üçün mövsüm erkən bitdi
"Aston Villa" "Borussiya" ilə anlaşdı - Rəsmi
Emre Belözoğlunun təyinatı rəsmiləşdi - Yenilənib
PSJ Kvaratsxeliya ilə anlaşdı
“Neftçi”dən qışın ilk transferi - Rəsmi
“Sevilya”nın futbolçusu həbs olundu
"Arsenal" danışıqlarda irəlilədi
“Min oyun və min mətbuat konfransından sonra…”
Laporta: "Bizə hər tərəfdən hücum etdilər"
Azərbaycan millisinin üzvü Türkiyə klubundan ayrıldı
"Barselona"dan rəsmi açıqlama
Superliqa klubunda yeni baş məşqçi