Ceyhun Sultanov: “Utandığımdan telefonu götürmək istəmirəm”

Ceyhun Sultanov: “Utandığımdan telefonu götürmək istəmirəm”
XƏBƏR 27 Avqust 2012 / 13:41 3381
-  A +

“Əhvalımız necə olacaq? Utandığımdan telefonu da götürmək istəmirəm. Amma baxıram ki, jurnalist zəng edib, götürməsəm, hörmətsizlik olacaq. Deməyə sözüm yoxdur. Bu, sadəcə, biabırçılıqdır”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Sumqayıt”ın təcrübəli yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Komandasının “Qarabağ”a 1:6 hesablı məğlubiyyətinin ardından  “Qəbələ”yə də 1:4 hesablı məğlubiyyət Sultanovu da dilə gətirib. O, müdafiə xəttinin çıxışından narazılığını xüsusi qeyd edib: “Sumqayıt” demək olar müdafiəsiz oynayır, bizim komandada müdafiə deyilən şey yoxdur. Hələ çempionatın startından öncə də demişdim ki,  bizə müdafiəçi lazımdır. “Qəbələ” ilk qola kimi heç nə edə bilmirdi. İnanın, hesab 1:0 bizim xeyrimizə olanda ikinci qolu da vursaydıq, rəqib tamam “sınacaqdı”. Amma biz vurmadıq, bizə vurdular. Özü də necə qollar buraxdıq. Standard vəziyyətdən qol vururlar müdafiəçilər dayanıb baxır”.

Ceyhun Dultanov baş məşqçi Bernhard Raabın mümkün istefası haqqında da fikirlərini bildirib: “Belə bir söz var ki, udanda komanda udur, uduzanda məşqçi uduzur. Raab özü oturub fikirləşsin də. Doğrudan biabırçılıqdır. İstefa məsələsinə gəlincə, bu haqda qərarı rəhbərlik verməlidir. Mən futbolçuyam, sabah başqa məşqçi gəlsə və desə ki, get, müdafiədə oyna, oynayacağam”.

Sultanov sonda “Sumqayıt” azarkeşlərinə öz minnətdarlığını bildirib: “Razı qaldığım yeganə şey azarkeşlərimizin dəstəyi oldu. Sağ olsunlar, 1:4 uduzsaq da, bizi sona qədər dəstəklədilər”.

Son xəbərlər