“Həmin vaxt onlar “Neftçi”nin əhvalını çox pis korlamışdı”

“Həmin vaxt onlar “Neftçi”nin əhvalını çox pis korlamışdı”
XƏBƏR 25 İyul 2012 / 11:15 2799
-  A +

Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un “Akhisar Bələdiyəspor”la keçirdiyi yoldaşlıq görüşündə oyunu izləyənlər arasında Azərbaycan futbolu üçün tanınmış bir simada var idi. Uzun müddət “Neftçi”də forma geyinmiş və Azərbaycanda futbolçu karyerasını başa vurmuş Vladimir Miçoviç komandanın oyununa tamaşa etməyə gəlmişdi. Miçoviç matçdan sonra “Simurq” haqda fikirlərini bildirib.
 
- Miçoviç, təcrübəli futbolçu kimi “Simurq” haqqında nə deyə bilərsiz? Bu gün də komandanın oyununu izlədiniz.

- Onu deyə bilərəm ki, “Simurq”da hazırda rəhbərliklə futbolçular arasında əla ab-hava var. Bunu həm oteldə, həm də meydanda görmək olur. Bugünkü oyunda da uşaqlar göstərdi ki, “Simurq” bu il ciddi rəqib olacaq. Komandanın oyununu çox bəyəndim. Futbolçular həqiqətən meydanda sonadək mübarizə apardılar.
 
- Uzun müddət Azərbaycanda futbol oynamısınız və təbii ki, “Simurq”a qarşı da forma geymisiz. Həmin dövrdən hansısa maraqlı hadisə yadınızda qalıb?
 
- Bəli, mən “Neftçi”də oynadığım vaxt “Simurq”a qarşı çox forma geymişəm. Onu qeyd edim ki, bu oyunlar həmişə həm Bakıda, həm də Zaqatalada bizim üçün çox çətin keçirdi. Bakıdakı bir qarşılaşmanı heç vaxt yadımdan çıxartmıram. Həmin matçda “Neftçi” mütləq qələbə qazanmalı idi. Ancaq təəssüf ki, həmin oyunda 1:0 məğlub olduq və çempionluq yolunda çox vacib xal itirdik. Həmin vaxt “Simurq” həm mənim, həm də “Neftçi”nin əhvalın çox pis korlamışdı. Ancaq nə etmək olar. Bu, futboldur.
 
- “Simurq”da hansı futbolçularla yaxşı münasibətləriniz var?

- Burda bir çox futbolçu ilə mənim əla münasibətim var. Bir neçəsi ilə birlikdə oynamışam. Yerli futbolçuların əksəriyyəti ilə tanışam. Onlar içərisində yaxın dostlarım da var. Klub rəhbərliyini də yaxşı tanıyıram və onlarla burda münasibətdə olduğum üçün çox şad oldum.
 
- Futbolçu karyeranızı bitirsəniz də, Azərbaycan futbolu ilə maraqlanırsızmı?

- Çox təəssüf ki, futbolçu həyatımı bitirmişəm. Ancaq qeyd edim ki, mən hələ də Bakıda yaşayıram. Bütün oyunlara baxıram. Çempionatı yaxından izləyirəm. Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm.
 
- Necə fikirləşirsiniz, “Simurq” bu mövsüm çempionatda nəticə əldə edə biləcəkmi?
 
- Əminəm ki, “Simurq” bu il ilk “altılığ”a oynayacaq. Komandanın bunun üçün əla şansı var. Əlbəttə, mən də buna görə çox şad olaram. Məmnuniyyətlə bütün oyunlarını yaxından izləyəcəm. “Simurq” həmişə möhkəm komanda olub. Fikrimcə, yeni mövsümdə istədiyi nəticəyə nail olacaq.

Son xəbərlər