Fatih Kavlak: «Potensialımızı əsas götürərək hədəflərimizi böyütdük»

Fatih Kavlak: «Potensialımızı əsas götürərək hədəflərimizi böyütdük»
XƏBƏR 30 İyun 2012 / 15:27 1856
-  A +

“Qəbələ” növbəti mövsümə hazırlıq məqsədilə artıq 3 gündür ki, biraraya gəlib. Qol.Az-ın məlumatına görə, komanda mayın 11-də çempionatda son oyununu keçirdikdən sonra uzunmüddətli istirahətə yollanmışdı. İstirahət  başa çatıb və düşərgəyə qayıdan futbolçular baş məşqçi Fatih Kavlakın rəhbərliyi ilə növbəti mövsümün çalışmalarına start veriblər. Türkiyəli çalışdırıcı “Qəbələ FK” qəzetinə müsahibəsində hazırlıqdan və  qarşıdakı planlarından danışıb.

- Ağır mövsümün yorğunluğunu necə çıxardınız?

- Yaxşı istirahət etdim. Təbii ki, ailəmlə, valideynlərimlə, yaxınlarımla birgə Türkiyədə idim. Vətəndə istirahət etməyi üstün tutdum.

- İndi bütün diqqətinizi komandanızın hazırlığına yönəltmisiniz. Vəziyyət necədir?

- İyunun 26-da bir araya gəldik. Həmişəki kimi, yeni planlarımızı tərtib etdik. İlkin olaraq, futbolçuları tibbi müayinədən keçirdik. İyunun 28-də isə Qəbələdə hazırlığa başladıq. İnşallah, işlərimizə hazırlıq proqramımıza uyğun olaraq davam edərik.

- Tibbi müayinələrin nəticələrinə əsasən, futbolçularda artıq çəki problemi yox idi?

- Xeyr. Belə bir problemin olacağını düşünmürdüm. Çünki futbolçularımız peşəkardırlar. Tanıdığımız oyunçulardır, onların arasında belə bir problemi olan yoxdur. Çempionatın bitməsindən, hardasa, 40 gün keçib. İnşallah, hazırlıq dövründə hər şeyi yoluna qoyacağıq.

- İyulun 13-ə qədər Qəbələdə hazırlıq keçəcəksiniz. Yəqin ki, hazırlığın ilk mərhələsində əsas diqqəti fiziki çalışmalara yönəldəcəksiniz?

- Bəli. Qəbələdəki hazırlıq prosesində əsas diqqəti fiziki yüklənməyə yönəldəcəyik. Növbəti mövsüm öncəsi fiziki hazırlığın yaxşı olmağı vacibdir. Təbii ki, toplu çalışmalar, başqa hazırlıqlar da olacaq. Ancaq əsas yük fiziki hazırlığı bəlli bir nöqtəyə, yoxlama oyunları səviyyəsinə gətirməyə yönələcək.

- İyulun 13-dən 27-dək Sloveniyadakı təlim-məşq toplanışında isə əsasən yoxlama oyunlarına fikir verəcəksiniz...

- Elədir. Orada hazırlıq spesifik olacaq. Həm fiziki, həm də texniki-taktiki məşqlər keçərək, yoxlama oyunlarında qüvvəmizi sınayacağıq.

- Yoxlama oyunlarında rəqiblər bəllidir?

- Yaxın vaxtlarda bəlli olacaq. Bir neçə komanda ilə danışaraq, ilkin razılıq əldə olunub. Rəqib seçimi məsələsində tələsmirik. Sloveniyada çox komanda hazırlıq keçir. Seçimimizi edib, yoxlama oyunları üçün komanda tapacağıq. Sloveniyadan qayıtdıqdan sonra son hazırlıq matçını Türkiyənin “Elazığspor” klubu ilə keçirməyi planlaşdırmışıq. Əgər onların proqramında bir dəyişiklik olmasa, Qəbələyə hazırlığa gələcək bu komanda ilə növbəti mövsümə 1 həftə qalmış öz meydanımızda oynayacağıq.
 
- Yeri gəlmişkən, “Elazığspor” da daxil olmaqla, Türkiyənin bir neçə klubu Qəbələdə təlim-məşq toplanışı keçirməyi planlaşdırır...

- Açığı, Türkiyədən 3 klubun Qəbələyə hazırlığa gəlmək barədə düşündüklərini mən də eşitmişəm. “Elazığspor”la yanaşı, “Antalyaspor”, bir də “Akhisar Bələdiyyəspor”un Qəbələyə gəlmək istədiyindən xəbərdaram. Sonuncu komanda Türkiyə Superliqasına ilk dəfə çıxıb. 
Türkiyədə olduğum müddətdə bu klubların nümayəndələri ilə danışdım. Məndən hazırlıq oyunları, meydançaların vəziyyəti, qalacaqları otellərlə bağlı bilgi istədilər. Əslində, onlar nümayəndələrini Qəbələyə göndərmişdilər. Sadəcə, daha dəqiq məlumat almaq üçün mənimlə də danışdılar. Mən də onlara gərəkli məlumatlar verdim. İnşallah, yaxşı olar.

- Təbii ki, həmyerlilərinizin Qəbələni seçməsi sizi sevindirməlidir. Türkiyə klublarının bu addımını nəyin nəticəsi sayırsınız?

- Əslində, biz bunun yaxın illərdə olacağını gözləyirdik. Çünki Qəbələdə bunun üçün lazım olan şərait var, meydançalarımız da buna hazırdır. Ancaq Türkiyə klublarının Qəbələyə hazırlığa gəlməsi bu il baş tutacaq. Mən də buna çox sevindim. Bu, həqiqətən, həm Qəbələ, həm də Azərbaycan üçün gözəl bir yenilikdir. Mən də burada olduğum müddətdə bacardığım köməyi edəcəyəm. Türkiyə klublarının Qəbələdə hazırlığa gəlməsi mənim üçün qürurverici hissdir.  İnşallah, gələcəkdə hazırlıq üçün Qəbələni seçən klubların sayı daha çox olar.

- Özünüzə daha bir köməkçi götürəcəyinizi açıqlamışdınız. Bu, dəqiqləşibmi?

- Yaxın günlərdə bəlli olacaq. Köməkçimin kim olacağını özlüyümdə müəyyənləşdirmişdim. Rəhbərliklə danışıb razılıq aldıqdan sonra buna tam aydınlıq gətirdim. Məşqçinin özü ilə də söhbət edəcəyəm. Danışıqdan sonra açıqlama verəcəyəm.

- İlk legioner transferiniz “Samsunpor”dan gələn Sloveniya yığmasının müdafiəçisi Deyan Kelhar oldu. Onun keçidi necə baş tutdu?

- Açığı, sloveniyalının oyununu mövsümün sonlarına doğru gördüm. Həmin vaxt onu bizə təklif etdilər. Bundan sonra onun Türkiyə Superliqasında matçlarını izlədim. Klubun baş məşqçisi ilə danışdım və nəhayət, onu komandaya gətirməyə qərar verdik. Futbolçu özü də komandamıza gəlməkdə istəkli idi.
Yaxşı  futbolçudur, xarakteri də yaxşıdır. Həm də milli komanda futbolçusudur. Azərbaycana legioner gətirərkən diqqətli olmaq lazımdır. Çünki burada futbol inkişaf edir və bu prosesdə səviyyəli futbolçulardan istifadə edilməzsə, inkişaf zəifləyə bilər. Fikrimcə, həm öz komandamız, həm də Azərbaycanın gələcəyi üçün bu, yaxşı  transfer oldu. O, müdafiənin mərkəzində oynayır. Bizə də bu mövqedə oynayan futbolçu lazım idi.

- Ardınca isə qapıçı transfer olundu...

- Dieqo Koşta çox yaxşı və təcrübəli qapçıdır. İnanıram ki, onun təcrübəsi və bacarığı komandanın uğur qazanmasında böyük rol oynayacaq və qapı xəttində problem yaşamayacağıq.

- Müdafiəyə və hücuma legioner gətirmək planınız qüvvədə qalır ?

- Müdafiəni türkiyəli futbolçu Muammer Erdoğdu ilə gücləndirdik. Hücumçuya da baxacağıq. İstədiyimiz olarsa, gətirməyi düşünürük. Tapdığımız hücumçu da var. Sadəcə, daha yaxşı olmasını istədiyimizə görə hələ gözləyirik. 

- Yerli transferlər – müdafiəçi Şəhriyar Xəlilov, yarımmüdafiəçi Rəşad Abdullayev və icarədən qayıdan qapıçı Anar Nəzirovla bağlı fikrinizi bildirərdiniz...

- İnşallah, bu futbolçular bizə faydalı olacaqlar. Onları istəyib almışıq. Anar bizim futbolçudur, ona yaxşı bələdik. Oyun praktikası qazanmaq üçün ötən mövsüm onu “Turan”a icarəyə verməyi məqsədəuyğun saydıq. Şəhriyar gənc olmasına baxmayaraq, “Xəzər Lənkəran”da oynayıb, yığmaya çağırılıb. O da özünü sübut edib, komandamız üçün faydalı olmalıdır. Rəşad haqda çox danışmayacağam. Onu hamı yaxşı tanıyır. Bircə onu deyim ki, Rəşad çox istəkli futbolçudur.

- Növbəti mövsümdə hədəfiniz böyükdür – çempionluq, kuboku qazanmaq. Bu vəzifənin öhdəsindən gəlmək üçün heyət yetərli olacaq?

- Olacaq. “Qəbələ” son mövsümün ikinci yarısının ən yaxşı komandasıdır, 14 oyunda 26 xal topladıq. 25 qolla rəqib qapılarından ən çox top keçirən komanda olduq. Məhz bu nəticələri, potensialımızı əsas götürərək builki hədəflərimizi daha da böyütdük. Komandanın ötən mövsüm ən yaxşı nəticəyə imza atması, bu il çempion olacağına zəmanət verə bilməz. Ancaq biz bunu reallaşdırmaq üçün çalışacağıq. Çox yaxşı heyət qurmuşuq. Ancaq bu da yetərli deyil. İndi bir az da çox çalışmaq lazımdır.

- Əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandaya cəlb etmisiniz. Bu haqda nə deyə bilərsiniz?

- Söhbət 6 futbolçudan gedir. Təlim-məşqlərdə onlara özlərini göstərmək imkanı yaratmışam. Onların bir qədər zamana ehtiyacları var və inşallah, düşünürəm ki, gələcəkdə bizə faydalı olacaqlar.


Son xəbərlər
18.11.24  16:02

Lempard 2-ci divizionda