"Görünür, Tahir Süleymanovun “Neftçi”nin mənə təklifindən xəbəri yoxdur”

"Görünür, Tahir Süleymanovun “Neftçi”nin mənə təklifindən xəbəri yoxdur”
XƏBƏR 10 May 2012 / 18:02 2838
-  A +

“Neftçi” klubundan mənə təklif gəlməsi ilə bağlı saytınıza verdiyim açıqlamanın üstündə dururam. Bir daha bildirmək istəyirəm ki, həqiqətən də mənə “Neftçi”dən təklif gəlib”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.

Xatırladaq ki, bir neçə gün öncə “Qarabağ”ın futbolçusu Əfran İsmayılov saytımıza açıqlamasında “Neftçi”nin onu növbəti mövsümdən etibarən heyətində görmək istədiyini bildirmişdi. Paytaxt klubunun təklifinə cavab olaraq isə Əfran İsmayılov deyib ki, onun “Qarabağ”la 1 illik müqaviləsi var və Ağdam klubundan getməyi düşünmür.

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov isə bu məsələylə bağlı açıqlamasında paytaxt klubunun Əfran İsmayılova təklif göndərmədiyini bildirib: “Bu məlumat yayıldıqdan sonra “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova telefon açdım. Qurban Qurbanovun telefonu bağlı olduğundan, onunla danışa bilmədim. Bundan sonra Əfran İsmayılovun telefon nömrəsini öyrənib zəng etdim. Ondan bu açıqlamanın nədən qaynaqlandığını soruşdum. O bildirdi ki, mənim fikirlərim düzgün başa düşülməyib. Əfran İsmayılov yalnız "mənimlə bir çox klublar maraqlanıb" cümləsini işlətdiyini dedi. Rəsmi olaraq bildiririk ki, tərəfimizdən müqaviləsi olan futbolçularla danışıqlar aparılmayıb və bu hal mümkün deyil. Əgər müqaviləsi olan hər hansı bir futbolçu ilə maraqlansaq, bu haqda onun məxsus olduğu kluba müraciət edəcəyik”.

Əfran İsmayılov isə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovun bu açıqlamasını təkzib edib: “Tahir müəllim mənə zəng elədi və biz danışdıq. Eyni şeyi ona da dedim. Dedim ki, mənə “Neftçi”dən təklif olub. Görünür, Tahir Süleymanovun “Neftçi”nin mənə təklif göndərməsindən xəbəri yoxdur”.

İsmayılov “Neftçi” ilə yanaşı “Xəzər Lənkəran” və “Bakı” klubundan da ona təklif gəldiyini bildirib: "Bu normal bir haldır. Futbolçuya hər hansı bir klubdan təklif gəlməsi bu qədər niyə şişirdilir anlamıram”.

Son xəbərlər