AFFA Unibank Premyer Liqada danışılmış oyunları araşdırır

XƏBƏR 17 Aprel 2012 / 14:08 2074
-  A +

UEFA tərəfindən Avropa futbolunun sağlam gələcəyini təmin etmək, şəffaf rəqabəti qorumaq,  futbolda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlar kimi neqativ halları aradan qaldırmaq üçün mütəmadi tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi 2011-ci ilin sentyabr ayında UEFA üzvü olan assosiasiyalarda idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış oyunlara qarşı mübarizə üzrə nümayəndələrin təyin olunmasını göstərmək olar.

Həmin nümayəndələr bir sıra mənbələrdən, o cümlədən UEFA-dan daxil olmuş məlumatlar əsasında idman nəticələrinin manipulyasiyası və razılaşdırılmış matçlarla bağlı araşdırma aparır və bu araşdırmaların nəticələri barədə yerli assosiasiya rəhbərliyini və UEFA-nı məlumatlandırır. UEFA-nın ölkəmizdəki nümayəndəsi, AFFA-nın hüquqşünası Rəmiş Malıyev kuratorluq etdiyi sahə ilə bağlı görülən tədbirlərlə əlaqədar fikri affa.az saytına bildirib.

Onun verdiyi məlumata əsasən Unibank Premyer Liqanın bir sıra  oyunlarının nəticələrinin də əvvəlcədən müəyyənləşdirilməsi barədə AFFA-ya məlumatlar daxil olub. Bunu araşdırmaq və şübhəli oyunları analiz etmək AFFA-nın Apelyasiya və Ekspert Komitəsinə tapşırılıb. Komitə tanınmış futbol mütəxəssislərini bu məsələnin araşdırılmasına cəlb edərək, onların rəylərini də nəzərə almaqla müvafiq qərar qəbul edəcək. Araşdırmalar başa çatdıqdan sonra nəticələr barədə AFFA-nın baş katibliyinə məlumat veriləcək.

Son xəbərlər