"Məqsəd dəyişməyib - çempion olmaq istəyirik"

"Məqsəd dəyişməyib - çempion olmaq istəyirik"
XƏBƏR 10 Fevral 2012 / 17:11 2390
-  A +

“Baku Fires”ın baş meneceri Rizvan Gənciyevin müsahibəsi

- “Baku Fires” son döyüşündə Fransanın “Paris United” klubuna qalib gəlməklə (3:2), qrupda birinciliyi özünə təmin edib. Amma bu görüş vaxtında baş tutmaya da bilərdi…

- Bəli. Fransızlar hava şəraiti səbəbindən Bakıya vaxtında uça bilməyəcəklərini dedilər. Daha sonra bildirdilər ki, onların reysi dəyişmək üçün pulları yoxdur. Sonda biz görüşün baş tutması üçün onların pulunu ödədik. Biz bunu uşaqlarımızın rinqdə “Paris United” üzərində üstünlüklərini göstərmələri üçün etdik. Əgər fransızlar gəlməsəydilər, onlara 0:5 hesablı texniki məğlubiyyət veriləcəkdi. Lakin bu bizim boksçuların reytinq xalına əlavə olunmayacaqdı. “Paris United”lə görüşə fərdi finallara düşmək üçün bizim iddiaçılar çıxmışdı və onlar mütləq öz aktivlərinə daha bir qələbə əlavə etməli idilər.

- Bundan əlavə, “Paris United”in bəzi boksçuları artıq çəkiyə malik idilər, amma bu məsələdə də bizim komanda onlara güzəştə getdi…

- Fransa komandasının üç boksçusunda (54, 61 və 73 kq) artıq çəki vardı. Supervayzer onları matça buraxmaq istəmirdi, lakin biz burda da öz razılığımızı verdik. Bizim boksçular dedilər ki, rəqibin artıq çəkiyə malik olmasına baxmayaraq döyüşəcəklər.

- Görüş sizdə hansı təəssüratları yaratdı?

- “Paris United”lə bizim köhnə haqq-hesabımız var. Biz ötən mövsümün yarımfinalında hakimlərin qərəzli qərarlarına görə uduzduq, odur ki, bu prinsipial qarşıdurma idi. Nəticədə biz 3:2 hesabı ilə qalib gəldik. Qairbek Qermaxanov yüngül çəkidə təsadüfən lider olmadığını yenidən sübut etdi. O rəqibə qalib gəlməklə şəxsi finalda öz yerini təmin etdi. Hesab edirəm ki, 61 kq-dək çəki dərəcəsində Mədadi Naqzibəyov Abdelkader Şadi ilə görüşdə qalib gəlmişdi, lakin hakimlər ədalətsiz oldular və qələbəni əlcəzairliyə verdilər. Biz bu qarşılaşma ilə bağlı etirazımızı bildirdik, çünki Mədadinin finala çıxmaq üçün yaxşı şansı var.

- Digər çəkilər barədə fikirləriniz də maraqlı olardı…

- Ən prinsipial döyüş 73 kq-dək çəki dərəcəsində Xeybulla Mürsəlovla Mişel Tavares arasında oldu. Birinci dövrədə hakimlər mübahisəli qərar qəbul etdilər və qələbəni fransıza verdilər. Mürsəlov revanş almaq istəyi ilə alışıb-yanırdı və o buna nail oldu. O, reytinqdə ikinci oldu və finala çıxmaq üçün yaxşı şansı var. Xeybulla üçün həlledici döyüş fevralın 17-si Meksikada olacaq. Ramazan Maqomedov da (85 kq) özünü yaxşı göstərdi. O, olduqca kobud döyüşən Xrvoye Sepa qarşı ağıllı vuruşdu. Məşqçilər Ramazana düzgün taktika vermişdilər. Boksçumuz taktiki cəhətdən rəqibini üstələdi. Maqomedov 2-ci yerə qalxdı. Bu çəki dərəcəsində liderlik isə digər boksçumuz Azamat Murtuzəliyevə məxsusdur. Ola bilsin ki, finalda iki azərbaycanlı olsun! 91 kq-dan artıq super çəki dərəcəsində Əbdülqədir Abdullayev Filipp Xrqoviçə məğlub oldu. Demək lazımdır ki, Əbdülqədir bu çəki dərəcəsində həmin çəkidə boksçularımızın az olması səbəbindən çıxış edir. Həvəskar boksda Abdullayev 91 kq çəkiyə qədər mübarizə aparıb. Xorvatın çəkisi ondan 15 kq çox idi və bu özünü nəticədə göstərməyə bilməzdi. Xrqoviç qələbə qazandı. Ümumilikdə, biz nəticə ilə razıyıq. Qələbə münasibətilə bizi Federasiyanın prezidenti Kəmaləddin Heydərov təbrik etdi. Biz birinci yerdəyik və indiyədək məğlub olmayan yeganə komandayıq. Rəqibimizi gözləyirik. Bu rəqib ya Hindistanın “Venky’s Mumbai Fighters”, ya da ABŞ-ın “Los Angeles Matadors” komandası olacaq. Bizim üçün 1/4 finalda kiminlə görüşməyin elə də fərqi yoxdur. Fevralın 13-də onlar ikisi görüşəcəklər. Bu matç rəqibimizin kim olacağını müəyyənləşdirəcək.

- “Leipzig Leopards” ilə keçiriləcək görüşdə azarkeşlər komandanın yeni üzvü Vətən Hüseynlini görə biləcəklər. Bəs Meksikada, 10-cu turda debütantlardan kimi görəcəyik?

- Bəli, Almaniyada yeni üzvümüz Vətən çıxış edəcək, Meksikada isə dərhal 4 nəfər debütantımızı görə biləcəksiniz. “Mexico City Guerreros”a qarşı Məhəmməd Qurbanov (54 kq), İsa İsayev (61 kq), Rəcəb Əliyev (85 kq) və 2011-ci il Azərbaycan çempionatının finalçısı Fərid Şabanov (+91 kq) çıxış edəcəklər. Bir qədər əvvəl də qeyd etdiyim kimi, 73 kq-a qədər olan kateqoriyada Heybulla Mürsəlov döyüşəcək. Meksikada döyüşmək olduqca çətindir. Onlar yüksək dağlıqda yerləşir. Həmin yüksək dağlıq əraziyə matça 2-3 gün qalmış gələn komandalar iqlimə öyrəşməklə bağlı ciddi çətinliklərlə üzləşirlər. Buna görə də, biz oraya matç başlanmazdan 6 gün əvvəl uçacağıq. 10 matçda 10 qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Görək, debütantlarımız özlərini necə doğruldacaqlar.

- Ümumilikdə, qış transfer transferlərindən razı qaldınızmı?

- Bizdə əvvəlki kimi ağırçəkili boksçularla bağlı problemlər var. Federasiyaların bir çoxu apreldə Trabzonda keçiriləcək Olimpiya təsnifat turnirinə hazırlıqla bağlı öz boksçularını yarışlara buraxmırlar. Ümid edirəm ki, növbəti mövsümdə işimiz daha asan olacaq.

- Azərbaycan yığmasından olan olimpiyaçıların vəziyyəti nə yerdədir? Onlar bu mövsümdə “Baku Fires”ın şərəfini qoruyacaqlarmı?

- Əgər onların köməyinə ehtiyac yaranarsa, federasiyanın prezidentinə bununla bağlı müraciət edəcəyik ki, onların məsələn, yarımfinalda və ya final matçında çıxış etməsi üçün icazə versin. Xüsusilə, bu Məhəmmədrəsul Məcidova aiddir. Hələ ki, öz gücümüzlə kifayətlənirik. Məqsəd dəyişilməz olaraq qalır - WSB çempionu olmaq istəyirik.

- Məcidov üçün qrup mərhələsində döyüş keçirmədən WSB çempionatında çıxış etmək çətin olmayacaq ki? Pley-off mərhələsində istənilən məğlubiyyət yekunda uduzmağa gətirib çıxara bilər…

- Ötən mövsümdə o, 8 döyüş keçirib. Düşünürəm ki, bu təcrübə onun bu il WSB çempionatında birbaşa olaraq döyüşə bilməsi üçün kifayət edir. İndi boks yığma komandamız Mayamidə təlim-məşq toplanışındadır. Onlara bizim boksçuların qrupu da qoşulub. Onlar amerikalı məşqçilərin rəhbərliyi altında məşq edirlər. Fevralın 29-da boksçularımız geri qayıdacaq və “Böyük İpək Yolu” turnirində çıxış edəcəklər.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq