“Vaqif Cavadovla bağlı AFFA Apellyasiya Komitəsinə müraciət edəcəyik”

“Vaqif Cavadovla bağlı AFFA Apellyasiya Komitəsinə müraciət edəcəyik”
XƏBƏR 26 Yanvar 2012 / 11:41 1628
-  A +

“Qarabağ”ın baş məşqiçisi Qurban Qurbanovun Antalyadakı hazırlıq prosesində Avstriyanın “Rid” klubu ilə oyundan (1:3) sonra müsahibəsi

- Əvvəlcə oyun barədə fikirlərinizi bilmək istərdik…

- Pis oyun alınmadı. İlk yarıda daha yaxşı oyun getdi. Uşaqlar oyun intizamını qorumağa çalışırdılar. Əlbəttə, çatışmazlıqlar da var. Demək olar ki, hər gün iki məşq edirik. Ağır məşqlərdən sonra birdən-birə belə bir oyuna çıxmaq, əlbəttə, o qədər də asan deyil. Digər tərəfdən, ikinci hissədə dəyişikliklər etdik. Gənc oyunçularımızı nəzərdən keçirirdik. Məncə, onlar pis təsir bağışlamadılar. Bir az boşluqlar oldu. Daha çox ikinci hissədə standart vəziyyətlərdə problemlərimiz var idi. Amma ümumən razı qaldım. Yaxşı oyun alındı.

- Baxışda olan futbolçular haqda fikriniz necədir?

- Açığı, Dmitri Rekiş ilk yoxlama matçımızda daha yaxşı təsir bağışlamışdı. Bu oyundakı çıxışı isə fikirlərimi bir qədər dəyişdirdi. Yuqoviç isə indi-indi hazır olurdu. Lakin 10-cu dəqiqədə ayağı əzildi və hiss olunurdu ki, istədiyi kimi oynaya bilmir. Ola bilsin, onu bir oyunda da sınaqdan çıxardıq. Rekişlə bağlı isə göndərilmə qərarımız olacaq. Komandaya oyunçu götürsək, çalışacağıq ki, tam uyğun olsun. Bəzi oyunlar olur ki, nəticə baxımından legionerin özünü yaxşı tərəfdən göstərməsi mütləq vacibdir. İstədiyimiz oyunçunu tapa bilməsək, məcburiyyətdən heç kimi götürməyəcəyik.

- Yaxın günlərdə başqa legionerlərin gəlişi gözlənilir?

- Ola bilər. Bəlkə yaxın günlərdə bizə bir neçə variant dedilər. Yəqin ki, yoxlanılası oyunçular olacaq.

- Daha hansı komandalarla yoxlama matçınız nəzərdə tutulub?

- Yanvarın 27-də Rumıniyanın “Vasluy”, yanvarın 31-də bu ölkənin adı hələ məlum olmayan digər komandası, fevralın 3-də Gürcüstanın “VİT-Corciya” klubu ilə oynayacağıq.

- AFFA İcraiyyə Komitəsinin növbəti mövsümdən daha bir azərbaycanlı, amma yaşı 21-dək olan futbolçunun komandaların heyətində yer alması barədə qərar çıxaracağı gözlənilir. Buna münasibətiniz necədir?

- Məncə, yaşından asılı olmayaraq, yerli futbolçuların sayının 4-ə çatdırılması yaxşı olardı. Çünki 21 yaşadək futbolçu hansısa komandada ola, hansında isə olmaya bilər. Bir nəfərlə iş bitmir. 21 yaşadək oyunçu sabah zədələnsə, onu kimsə əvəzləməlidir. O, bütün mövsüm boyu eyni gücdə oynaya bilməz. Bütün oyunları oynasa belə, zədələnmə ehtimalı daha çoxdur. Yaş məhdudiyyəti, xüsusən, nəticəyə oynayan komandalarda problemlər yaradacaq.

- Vaqif Cavadovun hazırkı durumu barədə nə fikirdəniz?

- Vaqifi yaxşı tanıyırıq. O bizə bu gündən tanış deyil. Potensialından xəbərdarıq. Cavadov son 2 ildə özünün yaxşı dövrünü yaşamır. Rusiyanın “Volqa” klubunda çoxlu oyunda iştirak etdi. Hətta Azərbaycan millisinin heyətində Qazaxıstanla 2012-ci il Avropa çempionatının seçmə qrup matçında xoş təsir bağışlamışdı. Yəni, öz oyununu tapmağa başlayırdı. Əlbəttə, hazırda Vaqif tam hazır deyil. O, bura gələndən sonra bizimlə məşqlərə başlayıb. Ötən oyunda onu Qazaxıstan “Taras”ına qarşı buraxmağa ehtiyat etdim. Get-gedə daha yaxşı oyununu üzə çıxarmağa çalışacağıq. Özü də həddən artıq diqqətli olmalı, daha çox çalışmalıdır. Sadəcə, bu gün Vaqif Cavadovu futboldan başqa bir şey maraqlandırmamalıdır.

- AFFA İntizam Komitəsi Vaqif Cavadovu 5 oyunluq cəzalandırıb. Üstəlik, onu transfer edən yerli klub olaraq, 5000 manat cərimə ödəməlisiniz. Bu qərardan apellyasiya vermək niyyətində deyilsiniz?

- Əlbəttə, AFFA Apellyasiya Komitəsinə müraciət olunacaq. 5 oyunluq cəzanı hardasa düzgün saymıram. Çünki milli komandanı çempionata qarışdırmaq, futbolçunu yığmadakı problemlə bağlı Premyer Liqanın oyunlarından kənarlaşdırmaq doğru olmazdı. Hər bir futbolçunun səhvi olur. Mən də özünə demişəm. Amma həmin dönəmdə o, Rusiya klubuna məxsus idi. AFFA Apellyasiya Komitəsinə müraciət edəcəyik və məncə, federasiya rəhbərliyi ilə dil tapacağıq. Çünki yaxşı Vaqifi geri qaytarsaq, onun Azərbaycan futboluna xeyri dəyəcək. 5 oyunluq cəza bir qədər ağırdır. Üstəlik, pul cəriməsi də var. Əvvəllər belə hallar baş verəndə bəzi futbolçularımızı bağışlayıblar. Düşünürəm ki, futbolçu üçün daha yaxşı qərar qəbul ediləcək.

- Rəşad Sadıqov artıq məşqlərə başlayıb. Amma onu “Rid”lə də oyunda görmədik. Fasilədən sonrakı dövrədək o, hazır olacaqmı?

- İnşallah, fasilə bitənədək hazır olacaq. Sadıqov artıq 3 gündür ki, kollektiv məşqlərə qoşulub. Bunadək o, fərdi məşq edirdi. Həkimi də gəlmişdi, Rəşadla iki gün birgə oldu. Fikrimcə, ən azı fevralın 3-dəki oyunumuzda iştirak edəcək. Hətta ola bilsin, 31 yanvar qarşılaşmamızın az bir bölümünə də qatılsın.

Mənbə: lent.az


Son xəbərlər