"Xəzər Lənkəran" Gəncədə 4-cü matçına çıxacaq

"Xəzər Lənkəran" Gəncədə 4-cü matçına çıxacaq
XƏBƏR 15 Dekabr 2011 / 14:21 2465
-  A +

Sabah Premyer Liqanın XVII turu çərçivəsində “Xəzər Lənkəran” Gəncədə “Kəpəz”in qonağı olacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, çempionatda son qələbəsini məhz bu rəqib üzərində qazanan Lənkəran təmsilçisi cümə günü keçiriləcək qarşılaşmada uğursuz seriyanı qırmağa çalışacaq.
 
“Kəpəz”lə oyun komandanın cari mövsümdə səkkizinci səfər qarşılaşması olacaq. Bu mövsüm “Xəzər Lənkəran” rəqib meydanında yalnız iki dəfə qalib gələ bilib, son səfər qələbəsi isə senytabr ayında “Qarabağ” üzərində əldə edilib.

Üç dəfə doğma meydandan kənarda heç-heçə edən komanda digər iki oyunda məğlub olub. Fatih Kavlakın komandası rəqib meydanlarında vurulan doqquz qol müqabilində qapısında on bir top görüb.
 
Turnir cədvəlinin 10-cu pilləsində qərarlaşmış “Kəpəz” isə bu çempionatda səkkizinci ev oyununa çıxacaq. “Xəzər Lənkəran”ın səfər oyunlarının göstəricisi ilə “Kəpəz”in ev oyunları göstəricisi eynidir – 2 qələbə, 3 heç-heçə, 2 məğlubiyyət.

Komandanın öz meydanında vurduğu qolların sayı buraxdığı qolların sayına bərabərdir – 11:11. “Kəpəz”in də son ev qələbəsi sentyabr ayına təsadüf edir – V turda AZAL-ı məğlub edəndən sonra Gəncə komandası doğma arenada qələbə qazanmayıb.
 
Hər iki komanda son altı çempionat oyununda yalnız bir dəfə qələbə qazanıb. “Xəzər Lənkəran” bu altı tur ərzində üç dəfə heç-heçə edib, iki dəfə məğlub olub və bir dəfə qalib gəlib. Bu son qələbə 11-ci turda məhz “Kəpəz” üzərində Rusiçin vurduğu qolla əldə edilib. “Kəpəz” isə son altı turda dörd dəfə məğlub olub, bir dəfə heç-heçə edib və bir dəfə qələbə qazanıb.
 
Qarşıdakı oyun çempionatlar ərzində “Kəpəz” və “Xəzər Lənkəran” arasında Gəncədə baş tutan dördüncü görüşdür. Bundan əvvəl keçirilən oyunların ikisində Lənkəran təmsilçisi, birində isə rəqib qalib gəlib. Ən böyük hesab da məhz ötən mövsüm “Xəzər Lənkəran”ın Gəncədə uğradığı məğlubiyyətdən sonra qeydə alınıb – 4:1.
 
Hal-hazırda komanda tam tərkibdə növbəti oyuna hazırlaşır. Sarı vərəqə limitini aşdığından ötən turu buraxmış Elnur Allahverdiyev də qarşıdakı oyunda meydana çıxa biləcək.
 
Sabahkı matçda meydana çıxacaqları təqdirdə Elvin Beqiri “Xəzər Lənkəran” formasında 55-ci, Adrian Pit – 35-ci, Elnur Abdullayev – 30-cu, Julius Vobay isə 25-ci oyunlarını keçirəcəklər.


Son xəbərlər