Fariz Nəcəfov: "Nə edirlərsə etsinlər, hakimliyi düzəltsinlər"

Fariz Nəcəfov: "Nə edirlərsə etsinlər, hakimliyi düzəltsinlər"
XƏBƏR 21 Noyabr 2011 / 17:35 1889
-  A +

"Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Lent.az-a müsahibəsi

- Premyer Liqanın XIII turunun “Qəbələ” – “Neftçi” matçındakı hakim idarəçiliyi barədə hansı fikirdəsiniz?
- Hamı oyunu televiziya vasitəsilə canlı izləyib. Penalti epizoduna dair mütəxəssislər qərarlarını bildirəcəklər. Deyə bilərəm ki, çox bərbad hakimlik oldu. Ümumiyyətlə, “Qəbələ” azarkeşləri Azərbaycanın digər komandalarının tərəfdarlarından sakitliyinə görə fərqlənir. Yəni, onlar həddindən artıq soyuqqanlıdırlar. Amma “Neftçi” ilə qarşılaşmada hakim vəziyyəti nə həddə çatdırdısa, azarkeşləri də özündən çıxardı. Söhbət təkcə penaltidən getmir. Oyunun əvvəlindən axırınadək olan bütün hallarda, hər xırda məsələdə - yarıbayarı, hətta 70-in 30-a nisbətində bizim xeyrimizə olan epizodların hamısında “Neftçi”nin lehinə qərar verildi. Mən özüm oyunun təkrarına dəfələrlə baxdım. Orada penaltidən söhbət gedə bilməz. Bu, birmənalıdır. Digər tərəfdən, “Neftçi”nin cərimə meydançasında rəqib tərəfindən əllə oyun oldu, amma penalti verilmədi. Bir sözlə, hər şey göz qabağında idi, hakimlik bərbad oldu.

- Bərbad idarəçiliyi nə ilə izah edə bilərsiniz: baş hakim Ramil Diniyevin təcrübəsizliyi, yoxsa qərəzliyi ilə?
- Mən heç vaxt hakimlər, onların təyinatı və qərarları barədə danışmamışam. Özüm gənc hakimlərə şans verilməsinin, başqa psixologiyalı nəslin hakimlik etməsinin tərəfdarı olmuşam. Amma “Qəbələ” – “Neftçi” matçında bərbad idarəçiliyinin Diniyevin gəncliyindən irəli gəlməsindən söhbət gedə bilməz. Səhv bir dəfə olur, iki dəfə olur. Amma hakim oyunun əvvəlindən sonunadək qərəzli, birtərəfli işləyirsə, bu, gəncliklə əsla əlaqəli deyil.

- Hakimliyin birtərəfli olduğunu dediniz. Sizcə, bu qərəz “Neftçi”yə tərəfkeşlikdən, yoxsa məhz “Qəbələ”yə qarşı mənfi münasibətdən irəli gəlir?
- Hamımız vaxtilə “Neftçi”nin azarkeşi olmuşuq. Elə indi də əcnəbi klublarla oyunlarında bu komandanı dəstəkləyirik. Amma bu o demək deyil ki, nə zamansa “Neftçi”nin azarkeşi olmusansa və hakimsənsə, ona kömək etməlisən, özü də rəqib komandanın meydançasında və açıq şəkildə. “Neftçi” klubundan hansısa formada heç bir narazılığım yoxdur. Təkcə onu deyə bilərəm ki, hakimin marağında nə dayanmasının fərqi yoxdur. Əgər onun arxasında dayanan, dəstəkləyən, müdafiə edən varsa, həmin şəxslər də hakimqarışıq Azərbaycan futbolunda gedən inkişafın əleyhinədirlər. Mənim üçün “Neftçi” də, “Qarabağ” da, digər klublarımız da əzizdir. Sözsüz ki, daxili çempionatda hamımız öz klubumuzun mənafeyini güdürük, öz komandamız üçün çalışırıq, onun qələbəsini arzulayırıq. Amma etdiklərimiz ümumilikdə Azərbaycan futbolunun inkişafı üçündür. Bunları tam səmimi deyirəm. Bu şəkildə davam edərsə, inkişaf həddindən artıq ləngiyəcək. Belə hakimlik olmaz! “Neftçi” ilə Bakıdakı oyunumuzda da meydan sahiblərinə hakim simpatiyası olmuşdu. Düzdür, qapımıza penalti təyin edilməmişdi. Amma simpatiya birmənalı şəkildə “Neftçi”yə bəslənilmişdi. Mən o zaman razılaşdım ki, “Neftçi” ev komandasıdır, oyun bu komandanın meydançasında keçirilir. Dünyanın hər yerində hakimin ev sahiblərinə azacıq da olsa, simpatiyası mümkündür. Amma indi Qəbələdə hamımız yenə eyni halın şahidi olduq.

- Maraqlıdır ki, “Neftçi” ilə oyunlarda hakimlərin qərəzli idarəçiliklərindən təkcə “Qəbələ” şikayətli deyil. Digər klublar da narazılıqlarını bildirirlər...
- Mən konkret hakimlikdən danışdım. Bizim təkcə “Neftçi” ilə hər iki oyunumuzda deyil, “Qarabağ”la səfər matçımızın 90+1-ci dəqiqəsində hakim gülünc penalti təyin etdi. Həmin vaxt 1:0 hesabı ilə öndə idik. Çalışırdılar ki, hesab bərabərləşsin. Axı maraq nədir? Niyə belə edirsiniz? Qoy kim güclüdürsə, o da qalib gəlsin. Bir Allah şahiddir ki, “Qəbələ”nin strategiyasında təmiz, heç bir başqa amilə söykənmədən nəticə əldə etmək durur. Baxmayaraq ki, hamı çempion olmaq, kuboku qazanmaq istəyir. Amma qoy, kim güclüdürsə, o qələbə qazansın da... Yoxsa futbol inkişaf etməz.

- Elə isə Siz özünüz deyin: hakimlərin qərəzli idarəçilikdə marağı nədir?
- Mən hansı marağın olduğunu bilmirəm. Bunun əhəmiyyəti də yoxdur. Nə maraq olursa-olsun. Burada söhbət Azərbaycan futbolunu şikəst etməkdən gedir. Belə şey olmaz! Hakim səhvləri dünyanın hər yerində var. Amma bu səviyyədə ola bilməz. Başqa Avropa ölkələrində heç vaxt görməmişəm ki, bu dərəcədə səviyyəsizlik olsun.

- Hakimliklə bağlı AFFA-ya şikayət etmək fikriniz var?
- Nə şikayət edək? Sadəcə, dediklərimi olduğu kimi yazın ki, bəlkə bir ibrət götürsünlər. Bizim heç kiminlə işimiz yoxdur. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir. Bu gün Qəbələdə bu istiqamətdə işlər görülür. Futbol akademiyamızda 13 – 15 yaşlı istedadlı uşaqlarımıza baxın. Məhz onların sayəsində bir neçə ildən sonra Azərbaycanda yaxşı mənada partlayış olacaq. Yəni, təkcə “Qəbələ” deyil, digər klublarımız da nə isə etməyə çalışırlar. Amma azarkeş kimi oyuna baxan 13 – 15 yaşlı uşaq Qəbələdəki haqsızlığa gördükdə, Azərbaycan futbolu haqda nə fikirləşsin?

- Amma Siz şikayət etməsəniz, oyundan sonra baş verən olaylar üzündən, yəqin ki, klubunuzu cərimələyəcəklər...
- Eləsinlər də... Nə edirlərsə etsinlər, hakimliyi düzəltsinlər. Cərimə ilə düzələcəksə, onunla da razıyıq. Bir nömrəli səbəbkar hakim olsa belə, azarkeşlər meydançaya daş atıblarsa, qoy cərimələsinlər. Amma hakimi də uzaqlaşdırsınlar və açıq şəkildə elan etsinlər. Qoy, bu, digər komandalar üçün də dərs olsun ki, təmiz oyun sərgiləmək lazımdır. Bu mənada ikiəlli razıyam: “Qəbələ” cəriməyə layiq idi, qoy, ödəsin.

- “Neftçi” ilə görüş həm də yeni baş məşqçi Fatih Kavlakın rəhbərliyi altında ilk oyununuza çıxmağınızla əlamətdar oldu. Necə olur ki, əvvəlki baş məşqçiniz Toni Adamsın rəhbərliyi altında “Qəbələ” son matçlarında hətta zəif rəqiblərə belə uduzurdu. Amma hazırda ikinci pillədə gedən və son matçında lider “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə yenən komandanı udursunuzsa, bu, baş yeni baş məşqçinin daha güclü olmasından irəli gəlmir?
- Sizinlə hardasa razı deyiləm. Çünki biz Adamsın rəhbərliyi altında “Qarabağ”ı səfərdə yenmişdik. Amma indi kollektivdə başqa əhval-ruhiyyənin olması ilə razıyam. Adams açıqlama verib ki, öz övladlarının problemlərinə diqqət ayırdığı üçün bu, oyuna da təsirini göstərirdi. Mən fikrimdə qalıram: Toni doğrudan da çox gözəl insandır, peşəkardır. Amma nəticə verə bilməməsi, özünün dediyi kimi, ailəsinə daha çox diqqət ayırmasından irəli gəlir. Özüm də onun fikirlərinə hörmətlə yanaşıram və mövqeyini dəstəkləyirəm.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə